Şuşada 1214 yüksəkliyi Tabor mühasirəyə düşdü

Münaqişələr 09:16 24.10.2021

Bu, 44 günlük Vətən savaşı ilə bağlı ilk sənədli romandır. Roman müəllifinin oğlu və qardaşı oğlu ilk günlərdən döyüşlərə qatılıb və Şuşa uğrunda savaşlara qədər iştirak ediblər (Müəllifin qardaşı oğlu şəhid olub).

Roman faktlar, sənədlər, döyüşçülərin xatirələri, real döyüş əməliyyatları əsasında qələmə alınıb.

EDNews.net xəbər verir ki, beləliklə, Kult.az tanınmış yazıçı Etibar Muradxanlının “Dəmir Yumruq əməliyyatı 44” adlı sənədli romanının kiçik ixtisarla dərcinə başlayır.

Hərbi hissə rəhbərliyinin kömək üçün göndərdiyi kəşfiyyat bölüyünün 15 nəfərdən ibarət şəxsi heyəti təyin olunmuş yerdə tabora qoşuldu. Təxminən gecə saat bir radələrində tabor komandiri dayanmaq əmri verdi. Bu əmri gözləyirmişlər kimi hamı silah-sursatla dolu ağır çantalarını və silahlarını yerə qoyub dərindən nəfəs aldı.

Hamının paltarları nəmdən, çiskindən tamamilə islanmışdı, dayanmadan hərəkət etmələri səbəbindən tərləri dabanlarından axırdı. Payız gecəsinin dağ havası ağızdan çıxan nəfəsi belə qapıb anındaca qırova çevirməkdə, yamyaş paltarları dondurmaqda, əsgərlərin isti bədənlərinin hərarətini soyuğun girovuna çevirməkdə idi. Buna baxmayaraq, bir an keçmədi ki, yorulub əldən düşmüş əsgərlərin əksəriyyəti çiyin çantalarına söykənib dərin yuxuya getdi.

Kapitan Hüseynov dizləri üstə çöküb qarşıda qaranlıqdan güclə sezilən Şuşa qalasının möhtəşəm siluetinə boylandı. Kapitan Mikayılov şəxsi heyəti tez gözəyarı yoxlayıb tabor komandirinə yaxınlaşdı. Qarşıda Şuşakənd kəndi, sol tərəfdə və bir qədər arxada möhtəşəm Şuşa şəhəri, sağ tərəflərində isə Xankəndi şəhəri yerləşirdi. Kapitan Hüseynov xəritə üzrə ərazi haqqında qısa məlumat verib tapşırığın müzakirəsinə keçdı:

- Qarşıda iki yüksəklik, düşmənin möhkəmlənmiş, yaxşı təchiz olunmuş iki mövqeyi - 1211 və 1214 yüksəklikləri yerləşir, - deyə əli ilə düşmən mövqelərinə işarə etdi: - Biz bu gün nəyin bahasına olursa olsun, bu yüksəklikləri götürməli, düşmənin Xankəndi ilə əlaqələrini kəsməli və Xankəndidən Şuşaya gələn yolu nəzarət altında saxlamalıyıq. Eyni zamanda düşmənin diqqətini üzərimizə cəlb etməklə xüsusi təyinatlılarımızın Daşaltı, Laçın yolu, Muxtarkənd, Şuşa qalası və digər tərəflərdən Şuşaya girmələrinə şərait yaratmalıyıq. Hərbi hissə komandirinin verdiyi məlumata görə, müxtəlif istiqamətlərdən Şuşaya yaxınlaşan xüsusi təyinatlılarımız artıq qalanın bir addımlığındadır və şəhərə girmək üçün əmr gözləyir.

Tabor komandiri tələsmədən, hər cümləsini uzadaraq, hər sözünü vurğu ilə söyləməklə zabitlərə tapşırığın vacibliyini dərk etdirməyə, məsuliyyətini anlatmağa çalışırdı:

- Bizim üzərimizə çox böyük məsuliyyət düşür, uşaqlar. İstəyirəm ki, bu məsuliyyətin mahiyyətini siz dərindən başa düşəsiz. Bu, dövlətimiz üçün taleyüklü bir məsələdir, şərəf məsələsidir, namus məsələsidir, qeyrət məsələsidir. Bu əmr, hətta hər birimizin şəhadəti bahasına da olsa belə, yerinə yetirilməlidir! – Komandir sözünə ara verib zabit yoldaşlarının qaranlıqda par-par parıldayan gözlərinə diqqət yetirdi. Sanki əl atsan tuta biləcək Şuşa qalasının şövqündən alışıb yanan zabitlər başlarını endirib qaldırmaqla hər şeyi göz önünə aldıqlarını, hər şeyə hazır olduqlarını bildirdilər.

- Komandir, 1214 yüksəkliyi irəlidə və daha yüksəklikdə, 1211-ə nisbətən düşmənin arxadakı möhkəmlənmiş mövqelərinə daha yaxın ərazidə yerləşir, – bölük komandiri kapitan Mikayılov müdaxilə etdi. Əlini həmin yüksəkliklərə doğru uzadaraq sanki xəritə üzərində işləyirmiş kimi izahat verməyə çalışdı: - Məncə, biz 1214-ü götürməklə həm 1211-ə, həm də tapşırıq üzrə nəzərdə tutulmuş digər ərazilərə də nəzarət imkanı əldə edəcəyik.

Kapitan Hüseynov bir söz demədən diqqətlə ərazini nəzərdən keçirməyə başladı. Xeyli düşündü, əlində tutduğu ağac parçası ilə nəm torpağın üzərində ərazinin xəritəsini cızdı. Yüksəkliklərlə yerləşdikləri ərazi arasındakı məsafəni və keçəcəkləri maneələri hesabladı. Razılıqla başını yelləyərək üzünü kapitan Mikayılova tutdu:

- Doğrudur, kapitan, əgər hər hansı sürpriz, yaxud düşmənin hər hansı qəfil hiyləsiylə qarşılaşmasaq, 1214-ə hərəkət etməyimiz daha münasibdir.

Mundirinin islanmış qolunu biləyinin üzərindən azacıq kənara itələyib, saatının qaranlıqda səbrlə irəliləyən fosforlu əqrəblərinə baxdı. Birə on üç dəqiqə qalırdı. Artıq on dörd dəqiqəyə yaxın idi əsgərlər istirahət edirdi:

– Qaldır uşaqları!

Kapitan Mikayılov yerindən qalxmadan dizlərini torpaqdan ayırdı. Çömətmə oturub palçığa bulaşmış dizlərini təmizlədi. Başının işarəsi ilə zabitlərə hərəkətə keçməyin vaxtı olduğunu bildirdi.

Üç dəqiqədən sonra artıq tabor döyüşə hazır vəziyyətdə komandirləri Ülvi Hüseynovun arxasınca 1214 nömrəli yüksəkliyə doğru hərəkətə başladı.

Dumanqarışıq qaranlıqda ehtiyatla irəliləyən kapitan Hüseynov tez-tez dayanıb diqqətlə ətrafı dinşəyir, hər hansı təhlükənin olmadığına əmin olduqdan sonra inamla yüksəkliyə doğru yeriyirdi. Hardasa uzaqlarda müxtəlif çaplı silahlardan açılan atəş səsləri eşidilirdi, amma bu, komandirin ətrafı nəzarətdə saxlamasına mane olmurdu. Yalnız yaxın ətrafındakı səssizlik tabor komandirini narahat edir, bu sakitliyin düşmənin hiyləsi ilə nəticələnəcəyindən ehtiyatlanırdı. Ara-sıra çoxalıb qəfil də yox olan qatı duman zülmət qaranlığın içində dənizin bulanıq ləpələri arasında şütüyən eynirəngli balıqların quyruqlarının titrəyişi kimi duyulur, ötərkən sıfətlərdə ilişib qalan soyuq təmasdan aşkar olurdu. Əsgərlər bir-birlərinin çiyninə toxunmaqla aralanmamağa çalışır, aralarındakı məsafəni qorumaqla irəliləyirdilər. Ayaqları altındakı yaş torpaq tez-tez sürüşür, yoldaşlarının harası gəldi qamarlamaqla müvazinətlərini qoruyurdular.

Dan yeri sökülməmiş 1214 nömrəli yüksəkliyə qalxdılar. Zirvə sakit və təhlükəsiz görünürdü. Amma bu sakitliyin içərisindəki hiylə xofu komandiri gecikmədən təhlükəsizlik tədbirləri görməyə məcbur edirdi. Artıq zəif də olsa, ətraf sezilməyə başlamışdı. Kapitan Hüseynov dərhal mövqe tutub səngərlər qazmağı əmr etdi. Taborda yalnız bir bel olduğu üçün hamı avtomat süngüsü ilə özünə sığınacaq qazmağa başladı.

Qəfil yağış səpdi. Yağışın iri damlalarının yerə çırpılarkən yaratdığı səda ətrafın sükutunu pozdu. Ara-sıra gurlayan silah səslərindən və avtomat süngülərinin torpağa sancılarkən yaratdığı küydən başqa heç bir səs duymayan tabor komandiri plaş palatkasını başından endirib ətrafı diqqətlə dinşəməyə başladı. Və qəfil baş barmağını dodaqlarının üstünə qoyaraq sol əlini əsgərlərinə sarı uzatdı:

- Suss! – deyə əlinin hərəkəti ilə hamının yerə çökməsini əmr etdi.

Mərmi qarşılarında partladı. Hamı yerə sərildi. Ardınca müxtəlif çaplı silahlardan açılan atəş taborun yerləşdiyi mövqeni və bütün ətrafı dayanmadan mərmiyə səpirdi. Eyni anda da yaxın məsafədən açılan avtomat və pulemyotların gilizləri vıyıltıyla ətraflarından, başlarının üstündən uçuşmağa, ani bir tappıltı ilə yanlarında torpağa sancılmağa başladı.

Tabor yaxın məsafədən piyadalar vasitəsilə kiçik çaplı, uzaq məsafədən isə artilleriya atəşinə tutulmuşdu. Demək, tabor düşmən tərəfindən addım-addım izlənmiş, qurtulmaq üçün heç bir çıxış yolu olmayan münasib mövqeyə yetişən və atəşə tutulmaq üçün kifayət qədər görüntü verən məqamda atəşə tutulmuşdu.

İlk güllələr hələ uzanmağa macal tapmayan əsgərləri yaxaladı. Taborun rabitəçisi əsgər Səmidov ağzından keçib başını parçalayaraq çıxmaqla aldığı avtomat gilizi yarasından yerindəcə şəhid oldu. Tabora yeni qoşulmuş kəşfiyyat taqımının əsgərlərindən dördü mövqelənməyə imkan tapmadı. Şəhid olanlar sanki öz ölümləri ilə digər əsgərlərə sipər olur, onları güllədən qoroyurdu.

Kapitan Hüseynov yaxın məsafədə yerləşmiş düşmən mövqelərini təyin edib dərhal atəşə başladı. Bağıraraq əsgərlərinə hamının onun atdığı istiqamətdə atəş açmalarını əmr etdi.

Kapitan Mikayılov avtomatının lüləsini qarşısına yığdığı yaş torpağın üzərinə qoyub atəşə qoşuldu. Əsgər İbişov sürünüb bölük komandirinin yanına gəldi. Amma atəşə qoşulmağa macal tapmamış aldığı güllə yarasından komandirinin üzərinə yıxıldı. Cəld də qalxıb mövqeləndi. Güllə çiynindən dəymişdi. Amma ağır deyildi.

Kapitan Mikayılov əsgərinin qanının dayanmadan axdığını görüb:

- İbişov, sən olmasaydın, güllə mənim belimə girəcəkdi, xəbərin var? - deyə güllə yağışı altında yarızarafat, yarıgerçək onu sakitləşdirməyə çalışdı: - Həyatımı xilas etdin, İbişov! - uzandıqları yerdən bir qədər yuxarıda olan sanitar santasını göstərib panikaya düşmədən özü-özünə ilk tibbi yardım göstərmək üçün ora sürünməyi əmr etdi: - Mən sənə atəş dəstəyi göstərəcəm, İbişov, qorxma.

– Boş şeydir, komandir, təki tapşırığı yerinə yetirək, qalan hamısı düzələr! – İbişov komandirinin göstərdiyi istiqamətdə sürünməyə başladı. Amma sanitar çantasına yetişmədən qarşısında partlayan artilleriya mərmisi yaralı əsgəri havaya qaldırdı...

Səhər tam açılmışdı, hava çiskinli olsa və ara-bir yağış səpsə də, günəş buludların arasından hərdən boy verirdi. Tez-tez üstlərinə qatı duman axın edir, dərhal da sıyrılıb qarşıdakı Şuşa dağlarına, qayalara dırmanırdı.

Tabor üstlərindən ötən ani duman karvanından bacardıqca istifadə etməyə çalışır, mövqelərini möhkəmləndirir, yerlərini dəyişdirir, səngərlərin qazılmasına davam edirdi. Ətraf tam aydın görünəndə taborun bütün heyəti artıq dörd bir yandan mühasirədə olduqlarını anladı. Düşmən ətraflarını sarmışdı, əllərində olan bütün silah növlərindən istifadə etməklə taboru ardıcıl atəş altında saxlamağa çalışırdı. Artıq bir neçə düşmən tankı da əraziyə yaxınlaşmışdı, taborun mövqe tutduğu yüksəkliyi müəyyən fasilələrlə atəşə tuturdu.

Əsgər Sahib Şirəliyev işartısını düşmən görməsin deyə ovcunda gizlədiyi siqaretdən bir qullab alıb yanında torpağa sığınmış döyüş yoldaşına uzatdı. Əsgər tüstünü hələ ciyərlərinə çəkməyə macal tapmamış döyüş yoldaşı Əlislam Cabbarovun siqareti ondan almaq üçün uzatdığı əlini gözləri qarşısında gördü. Amma siqareti onun əlindən döyüş yoldaşı yox, düşmən mərmisi qopardı. Əsgərin boynundan üzülmüş başı qarşıya, kürəyi isə arxası üstə torpağa düşdü.

Şəhid əsgərə yapışıq şəkildə sol tərəfində movqe tutmuş bölük komandiri kapitan Mikayılov cəld yerindən sıçrayıb yerini dəyişdi. Amma ikinci mərminin zərbindən qurtula bilmədi. İkinci mərmi kapitan Mikayılovun atıldığı xəndəyin qarşısında düşərək bölük komandirini torpaqqarışıq havaya qaldırdı. Xeyli kənarda yerə çırpılan kapitan bir neçə dəqiqə yerindəcə hərəkətsiz qaldı. Sonra başını silkələyib yerində dikəldi. Ayaqlarını dartıb torpağın altından çıxardı. Avtomatının qundağını ayaq tərəfində dik, lüləsi torpağa sancılmış gördü. Özünü toparlayıb avtomatına tərəf dartındı. Qundağına dayaqlanıb ayağa qalxdı. Heç nə eşitmir, heç nə duymurdu. Avtomatın qundağını sinəsinə sıxaraq irəli, yüksəkliyə tərəf yeridi.

Bölük komandirinin aldığı zərbədən anlaqsız vəziyyətdə olduğunu görən taqım komandiri baş leytenant Kamran Həmidov:

- Hara, komandir! - deyə qaçıb, onu arxadan qucaqladı və onunla bərabər xəndəyə atıldı: - O tərəf ermənilərdi, komandir! – bağıraraq bölük komandirinə xatırlatmağa çalışdı.

Kapitan dartınıb yenidən dikəldi. Var qüvvəsi ilə qulaqlarını sıxıb beynini deşən uğultunu kəsməyə, ağrıdan az qala partlayacaq başını ovundurmağa çalışdı. Leytenant dartıb yenidən bölük komandirini yerə uzandırdı. Və sinəsinə sıxılıb qalxmasına imkan vermədi.

Duman cərgəyə düzülmüş dəvə karvanı kimi əlçim-əlçim qarşılarından ötdü. Fürsətdən istifadə edən tabor komandiri kapitan Hüseynov şəhid və yaralılar haqqında məlumat almaq üçün cəld aşağı diyirləndi. Xeyli şəhid, çoxlu sayda ilkin tibbi yardıma ehtiyacı olan, amma heç bir yardım göstərə bilmədikləri yaralı diqqətini cəlb etdi...

Ardı var

Prezident ADA Universitetində beynəlxalq forumda iştirak edir - CANLI

Xəbər xətti

Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Qazaxın Aşağı Əskipara kəndində Azərbaycan bayrağı qaldırıldı
16:05 23.04.2024
İlqar Orucov: "Qarabağ Universiteti dünyanın nüfuzlu universitetləri sırasında olacaq"
16:00 23.04.2024
Azərbaycan Prezidenti: Dünya uzun illər hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq
15:58 23.04.2024
Qarabağın yenidən qurulmasına xərclənən vəsaitin MƏBLƏĞİ
15:54 23.04.2024
İlham Əliyev: “Çinlə əməkdaşlıq genişlənir”
15:51 23.04.2024
Prezident: “COP29-a sədrliyimizə ölkəni təqdim etmək fürsəti kimi baxırıq”
15:48 23.04.2024
Hikmət Hacıyev Prezidentin Rusiya səfərindən DANIŞDI
15:40 23.04.2024
Ceyhun Bayramov erməni həmkarı ilə Qazaxıstanda görüşəcək?
15:30 23.04.2024
Gözlənilən sülh sazişi bu il imzalanacaq? - Endryu Koribko ilə ÖZƏL MÜSAHİBƏ
15:24 23.04.2024
İlham Əliyev: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”
15:18 23.04.2024
ATƏT-də Azərbaycan və Ermənistan nümayəndələri arasında mübahisə düşdü
15:09 23.04.2024
İlham Əliyev: “Bizim dünyaya söyləyəcəyimiz məsələlər çoxdur”
14:57 23.04.2024
Prezident: "Azərbaycan iqtisadiyyatı böhran vəziyyətində də sabit artım göstərdi"
14:52 23.04.2024
Putinin andiçmə mərasiminin tarixi AÇIQLANDI
14:51 23.04.2024
İlham Əliyev: “Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var”
14:49 23.04.2024
Rusiya: ABŞ-ın Ukraynaya dəstəyi fiasko ilə nəticələnə bilər
Rusiya: ABŞ-ın Ukraynaya dəstəyi fiasko ilə nəticələnə bilər
14:48 23.04.2024
Siyavuş Novruzov Əli Kərimlini "tiktoker" adlandırdı - VİDEO
Siyavuş Novruzov Əli Kərimlini "tiktoker" adlandırdı - VİDEO
14:44 23.04.2024
Prezident: “COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür”
14:35 23.04.2024
Sergey Stankeviç: “Tezliklə Cənubi Qafqaz tarixində yeni...” – MÜSAHİBƏ
14:30 23.04.2024
COP29-a görə vergi güzəştləri OLACAQ
14:27 23.04.2024
Prezident ADA Universitetində beynəlxalq forumda iştirak edir - CANLI
14:21 23.04.2024
Boşanmaq istəyənlər 15 dollar ÖDƏYƏCƏK – Azərbaycanda yeni qanun
14:11 23.04.2024
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu
14:07 23.04.2024
Azərbaycanda elektron siqaretlər qadağan oluna BİLƏR
13:59 23.04.2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
13:55 23.04.2024
Azər Həsrət Fetisov Jurnalistika Mükafatlarının təqdimatına qatılıb
13:50 23.04.2024
Ermənilər etnik azərbaycanlıların geri qayıtmaması üçün mina tələləri qurublar - Azərbaycan nümayəndəsi
13:46 23.04.2024
Parlamentdə Azərbaycanda vətəndaş nikahının artması barədə məsələ qaldırılıb, sədr bunu qanunsuz adlandırıb
13:40 23.04.2024
XİN müavini Haaqada ermənilərin faşist idealogiyasını üzə ÇIXARIB
13:31 23.04.2024
"Ermənistan işğal etdiyi əraziləri viran qoyub" - Elnur Məmmədov
13:20 23.04.2024
Hamısı