Fövqəladə Hallar Nazirliyi daha bir yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb.
EDnews xəbər verir ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan şossesinin 29-cu kilometrliyində yerləşən anbarda yoxlama keçirilib.
Yoxlama zamanı obyektdə yanğın təhlükəsizliyi sahəsində ciddi nöqsanlar aşkarlanıb. Məlumata görə, anbarda avtomatik yanğınxəbərverici siqnalizasiya sistemi quraşdırılmayıb, elektrik təsərrüfatı mövcud qaydalara uyğun təşkil edilməyib, yanğın su hovuzu nasaz vəziyyətdə olub.
Bundan başqa, obyektin daxili yanğın kranları ilə təmin olunmadığı, ilkin yanğınsöndürmə vasitələrinin, o cümlədən odsöndürən balonların yetərli olmadığı müəyyən edilib.
Yoxlama zamanı mallar arasında yanğına qarşı ara məsafələrinin gözlənilmədiyi, taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmadığı, təxliyə planının hazırlanmadığı, ərazinin yanar tullantılardan təmizlənmədiyi də aşkarlanıb.
Həmçinin işçilərin yanğın təhlükəsizliyi ilə bağlı təlimatlandırılmadığı, müvafiq jurnalın aparılmadığı, obyektin icbari sığorta şəhadətnaməsinin təqdim edilmədiyi və tikinti-layihə sənədlərinin Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmadığı bildirilib.
FHN-in məlumatına görə, mövcud vəziyyət obyektin istismarının davam etdiriləcəyi halda yanğın baş verməsi və onun qısa müddətdə genişlənməsi riskini artırıb.
Qeyd olunan nöqsanlar nəzərə alınaraq, Qaradağ rayonunda yerləşən anbarın fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim olunub.
















