“IV Şuşa Qlobal Media Forumu çərçivəsində Prezident İlham Əliyevin beynəlxalq media nümayəndələrinin suallarına verdiyi cavablar Azərbaycanın xarici siyasət kursunun, regional baxışlarının və qlobal proseslərə münasibətinin sistemli təqdimatı kimi qiymətləndirilə bilər. Dövlət başçısının çıxışı təkcə gündəlik siyasi hadisələrə münasibət deyil, həm də Azərbaycanın yeni geosiyasi reallıqlar fonunda özünü necə gördüyünün və hansı strateji hədəflərə yönəldiyinin izahıdır”.
Bu fikirləri Milli Məclisin deputatı Elçin Mirzəbəyli EDnews-a açıqlamasında bildirib.
Deputat qeyd edib ki, Şuşa Forumunda diqqət çəkən əsas məqamlardan biri müzakirə olunan mövzuların yalnız Cənubi Qafqazla məhdudlaşmaması olub. Onun sözlərinə görə, Prezident İlham Əliyevin nəqliyyat dəhlizləri, enerji təhlükəsizliyi, ABŞ ilə münasibətlər, Avropa İttifaqı ilə əməkdaşlıq, Rusiya və Çin amili, Yaxın Şərqdə baş verən proseslər, süni intellekt texnologiyaları, dekolonizasiya və qlobal idarəetmə sisteminin gələcəyi ilə bağlı fikirləri Azərbaycanın beynəlxalq proseslərdə artan rolunu göstərir.
Elçin Mirzəbəyli vurğulayıb ki, Azərbaycan artıq qlobal proseslərə təsir imkanları genişlənən “orta güc” mərkəzi kimi çıxış edir.
“Əslində, Şuşa Forumunda səsləndirilən fikirlər Azərbaycanın son illərdə keçdiyi yolun siyasi təsnifatı kimi də qəbul oluna bilər. İkinci Qarabağ müharibəsindən sonra yaranan yeni reallıqlar, ərazi bütövlüyünün və suverenliyin tam bərpa olunması, nəqliyyat və enerji layihələrinin genişlənməsi, beynəlxalq tərəfdaşlıq şəbəkəsinin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin mahiyyətində də keyfiyyət dəyişiklikləri yaradıb”, — deyə deputat bildirib.
Onun fikrincə, forum çərçivəsində verilən mesajların təhlili yalnız cari siyasətin deyil, həm də Azərbaycanın yaxın onilliklər üçün nəzərdə tutduğu geosiyasi xəttin anlaşılması baxımından mühüm əhəmiyyət daşıyır.
Deputat Şuşa Qlobal Media Forumunun artıq ənənəvi beynəlxalq tədbirə çevrilməsini Azərbaycanın yumşaq güc siyasətinin mühüm elementlərindən biri kimi qiymətləndirib.
“Dörd il ərzində dünyanın müxtəlif regionlarından yüzlərlə jurnalistin, ekspertin və ictimai rəy formalaşdırıcısının Şuşada bir araya gəlməsi təsadüfi hadisə deyil. Bu, Azərbaycanın işğaldan azad olunmuş əraziləri beynəlxalq diplomatik və informasiya məkanına inteqrasiya etmək istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir”, — deyə Mirzəbəyli qeyd edib.
O bildirib ki, Şuşanın forum məkanı kimi seçilməsi yalnız rəmzi xarakter daşımır, burada ciddi siyasi məntiq də var. Uzun illər Azərbaycan həqiqətləri beynəlxalq auditoriyaya müxtəlif platformalarda çatdırılırdısa, indi həmin auditoriya birbaşa hadisələrin baş verdiyi məkana gətirilir.
Deputatın sözlərinə görə, xarici jurnalistlərin işğaldan azad olunmuş ərazilərdə dağıdılmış yaşayış məntəqələrini, eyni zamanda qısa müddətdə həyata keçirilən bərpa və yenidənqurma işlərini öz gözləri ilə görməsi istənilən təbliğat kampaniyasından daha güclü təsir yaradır.
“Burada fakt arqumentə çevrilir, müşahidə isə informasiyanın etibarlılığını artırır. Bu mənada Şuşa artıq yalnız Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də yeni diplomatik konsepsiyanın mərkəzinə çevrilir”, — deyə Elçin Mirzəbəyli vurğulayıb.
Deputat əlavə edib ki, forum diplomatiyası vasitəsilə Azərbaycan beynəlxalq ictimai rəylə birbaşa təmas qurur, vasitəçilərdən və təhrifedici interpretasiyalardan yayınmağa çalışır.
Onun sözlərinə görə, Şuşadan dünyaya verilən mesaj həm Azərbaycanın yeni geosiyasi statusunu, həm də ölkənin regional və qlobal proseslərdə daha fəal rol oynamaq niyyətini nümayiş etdirir.
Aysel Hacıyeva | EDnews







