IV Şuşa Qlobal Media Forumuna jurnalistlərlə yanaşı blogerlərin dəvət olunması ictimai müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı tanınmış bloger Səma Abiyeva EDnews-a danışıb.
O bildirib ki, bu yanaşmanın əsas səbəbi auditoriyanın sosial media məzmununa daha çox etibar etməsidir.
Səma Abıyevanın sözlərinə görə, izləyicilər blogerlərin paylaşdıqları görüntüləri həyatın içindən, daha təbii və səmimi hesab edirlər:
“Jurnalist hadisəni çəkir, montaj edir, üzərində işləyir və nəticədə emal olunmuş bir məhsul təqdim edir. Auditoriya bunu ənənəvi media kimi qəbul edir və düşünür ki, burada müəyyən redaktə, filtr və məhdudiyyətlər var. Bloger isə anlıq paylaşım etdiyi üçün insanlar onun göstərdiklərini daha real hesab edirlər”.
Səma Abiyeva qeyd edib ki, bu görüntü hər zaman həqiqəti əks etdirmir. Onun fikrincə, blogerlərin də paylaşdıqları məzmun əvvəlcədən yoxlanılır və təsdiqlənir:
“İlk baxışdan elə görünür ki, bloger hər şeyi olduğu kimi paylaşır. Halbuki onların da hazırladığı məzmun müəyyən mərhələlərdən keçir. Sadəcə tamaşaçı bunu hiss etmir”.
Bloger hesab edir ki, Azərbaycanda geniş auditoriyası olan hər kəsin belə tədbirlərə dəvət olunması peşəkarlıq meyarı kimi qəbul edilməməlidir:
“Bəzən böyük izləyici kütləsinə malik olmaq kompetensiyalı olmaq demək deyil. Elə blogerlər var ki, danışdıqları mövzu haqqında kifayət qədər bilik və təcrübəyə malik deyillər. Onlar çox vaxt hazır verilən məlumatları sadəcə səsləndirirlər”.
Səma Abiyeva vurğulayıb ki, məzmun istehsalçısının əsas üstünlüyü izləyici sayı deyil, yaratdığı dəyər olmalıdır:
“Fast-food məzmun istehsal edən insanlar da böyük auditoriya toplaya bilir. Amma bu, onların cəmiyyət üçün dəyər yaratdığı anlamına gəlmir. Əsas məsələ insanlara fikir, analiz və fayda təqdim etməkdir”.
O, jurnalistika məktəbindən gəldiyini və bu gün də eyni peşə prinsiplərinə sadiq qaldığını bildirib:
“Mən jurnalistikadan blogerliyə gəlmişəm. Sadəcə platforma dəyişib. Əvvəl radioda danışırdım, sonra "YouTube"da, indi isə sosial şəbəkələrdə. Amma yanaşmam, məsuliyyətim və peşə prinsiplərim dəyişməyib”.
Səma Abiyevanın sözlərinə görə, sosial mediaya yalnız gəlir əldə etmək məqsədilə gələnlərin yaratdığı məzmun uzunömürlü olmur:
“Kiminsə pul qazandığını görüb bu sahəyə gələnlərlə, insanlara dəyər vermək üçün məzmun yaradanlar arasında böyük fərq var. Əvvəl dəyər yaratmaq lazımdır, qazanc isə sonradan gəlir”.
O əlavə edib ki, istənilən sahədə qeyri-obyektiv seçimlər və ədalətsizliklər ola bilər. Lakin əsas məsələ insanın öz işinə və peşəkarlığına sadiq qalmasıdır:
“Ədalətsizliklər həmişə olacaq. Vacib olan odur ki, insan bunlara görə yolundan dönməsin, öz işini keyfiyyətlə davam etdirsin”.





