Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya Prezidenti Vladimir Putinin Konstantinovkanın ələ keçirilməsi ilə bağlı bəyanatını təkzib edib.
Tərəflər sözügedən istiqamətdəki vəziyyətlə bağlı fərqli məlumatlar yaymaqda davam edirlər.
Məsələ ilə bağlı EDnews-a açıqlama verən politoloq Dmitri Solonnikov bildirib ki, Ukrayna tərəfinin bu cür bəyanatları silahlı münaqişələr zamanı müşahidə olunan informasiya siyasətinin tərkib hissəsi kimi qiymətləndirilə bilər.

“Burada qeyri-adi heç nə görmürəm. Müharibə zamanı tərəflər çox vaxt uğursuzluqlarını dərhal etiraf etmirlər. Tarixdə də buna bənzər nümunələr var. Gec-tez vəziyyət aydınlaşır və bundan sonra rəsmi mövqe dəyişir.
Mənim fikrimcə, hazırda da oxşar proses baş verir. Bir müddət Konstantinovkanın hələ də Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olduğu barədə məlumatlar yayılacaq. Daha sonra isə, əvvəllər də olduğu kimi, bu mövzu tədricən informasiya gündəmindən çıxacaq.
Hesab edirəm ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin indiki addımları Ukrayna rəhbərliyinin indiyədək apardığı xəttə uyğundur. Buna görə də baş verənlərdə qeyri-adi heç nə görmürəm və bunu gözlənilən reaksiya hesab edirəm”, - deyə Solonnikov bildirib.
Fatimə Şükürova | EDnews







