"ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqlar bir sıra KİV-də görüşün guya uğursuz başa çatması ilə bağlı yayılan məlumatlara baxmayaraq, uğurlu olub".
Rusiyalı politoloq Darya Qrevtsova bunu EDnews-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, danışıqlarda xüsusilə İranın aktivlərinin blokdan çıxarılması, neft satışının bərpası və Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidi məsələlərində nəzərəçarpacaq irəliləyiş əldə olunub.
“İsveçrədə keçirilən danışıqlar uğurlu oldu və prosesdə irəliləyiş görünür. İran üçün əsas müsbət nəticələrdən biri milyardlarla dollarlıq aktivlərinin blokdan çıxarılması perspektivi, eləcə də İran neftinin dünya bazarına qaytarılmasıdır” - deyə politoloq bildirib.
Onun sözlərinə görə, bu, Tehran üçün ciddi iqtisadi yumşalma yarada bilər. Politoloqun fikrincə, əldə olunan razılaşmalar Vaşinqton üçün də sərfəlidir. Çünki Hörmüz boğazı ətrafında gərginliyin azalması neft bazarında vəziyyətin sabitləşməsinə imkan verə bilər.
Qrevtsovanın sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp üçün neft qiymətlərinin münasib səviyyədə saxlanılması daxili siyasi baxımdan da mühüm əhəmiyyət daşıyır.
“ABŞ üçün Hörmüz boğazının açılması sərfəlidir. Oradan neft daşıyan gəmilər yenidən keçə biləcək. Bu isə neft qiymətlərinin kifayət qədər aşağı səviyyədə saxlanılmasına imkan verəcək. Bu da Trampın ABŞ daxilindəki reytinqi üçün vacibdir”, - deyə o əlavə edib.
Ekspert bildirib ki, bundan sonrakı mərhələdə prosesin inkişafı tərəflərin əldə olunan razılaşmaları nə dərəcədə yerinə yetirməyə hazır olmasından asılı olacaq.
Qeyd edək ki, Hörmüz boğazı dünya enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. Bu marşrut vasitəsilə beynəlxalq neft daşımalarının mühüm hissəsi həyata keçirilir. Buna görə də boğaz ətrafında gərginliyin azalması qlobal enerji bazarlarına birbaşa təsir göstərə bilər.
Aysel Hacıyeva | EDnews







