“Malyariya xəstəliyinin yayılmasında ağcaqanadlar əsas rol oynayır. Qorxulu təkcə onların sancmaları deyil, yaydığı infeksiyalardır. Bu daha çox xarici ölkəllərdə, xüsusilə də Cənubi Amerika, Afrika ölkələrində rast gəlinir”.
Bu sözləri Ednews-a infeksionist Mərdan Əliyev deyib. Onun sözlərinə görə, əvvəllər bu xəstəliyə Azərbaycanda daha çox təsadüf edilirdi:
“İndi demək olar ki, malyariyanın kökü kəsilib. Gigiyenik tədbirlərlə malyariya törədən mikro orqanizmlər məhv edildi. Buna görə indi onunla bağlı problem yoxdur. Bizdə hal-hazırda ağcaqanadlar hər hansı bir infeksiya törətmir”.
İnfeksionist həmçinin onu da qeyd etdi ki, bütün dünyada il ərzində qeyd olunan malyariya xəstəliyinə yoluxma hallarının sayı 300 + 500 milyona çatır və təxminən 1 milyona qədər uşaq bu xəstəlikdən vəfat edir.
“Ölkəmizdə ağcaqanad dişləməsindən allergiya problemi yaranır. Bu problem dərisi həssas olan insanlarda özünü daha qabarıq şəkildə göstərir. Bunun üçün xüsusi mazlar, çəkilir. Daha ağır olarsa xüsusi dərmanlardan istifadə edilir”.
M.Əliyev vurğuladı ki, ağcaqanadlar durğun suyun mövcud olduğu yerlərdə, o cümlədən gölməçələrdə, nohurlarda, bataqlıqlarda, çalalarda, arxlarda və eləcə də yaş otluqlarda və kolluqlarda çoxalır.
Aynurə İsmayıl