Oksford Universiteti və “Moderna” şirkəti genetik risk daşıyan şəxslərdə bəzi xərçəng növlərinin qarşısını almağa yönələn yeni nəsil mRNA peyvəndi hazırlayıb.
EDnews xəbər verir ki, Oksford Universiteti ilə “Moderna” əczaçılıq şirkəti arasında əməkdaşlıq çərçivəsində xərçəngə qarşı yeni nəsil mRNA peyvəndi hazırlanıb.
Tədqiqatın əsas məqsədi genetik risk daşıyan şəxslərdə bağırsaq və yumurtalıq xərçənginin qarşısının alınmasıdır.
Bildirilib ki, COVID-19 peyvəndlərində də istifadə olunan mRNA texnologiyası bu dəfə xərçəngin profilaktikasına yönəldilib.
İlk klinik sınaqlara bu yay başlanması planlaşdırılır.
Peyvənd əsasən irsi “Lynch syndrome” daşıyıcılarını hədəf alır.
Qeyd olunur ki, bu genetik vəziyyət DNT-nin bərpasına cavabdeh genlərdəki pozğunluqlarla bağlıdır və bağırsaq, yumurtalıq, uşaqlıq, eləcə də digər xərçəng növlərinin riskini artırır.
Məlumata görə, bu sindromu daşıyan bir çox insan vəziyyətindən xəbərsizdir və risk qrupunda olanların sayı minlərlədir.
Alimlərin açıqlamasına əsasən, mRNA əsaslı peyvənd bədənə birbaşa virus vermir. Əksinə, immun sisteminə “genetik təlimat” göndərərək onu anormal hüceyrələri tanımağa və məhv etməyə yönləndirir.
Bu mexanizm vasitəsilə immun sisteminin xərçəngə çevrilə biləcək hüceyrə dəyişikliklərini erkən mərhələdə aşkar etməsi hədəflənir.
İlk mərhələdə peyvəndin təhlükəsizliyi və optimal dozası sınaqdan keçiriləcək.
İkinci mərhələnin isə 2027-ci ildə genişləndirilməsi nəzərdə tutulur.
Bildirilir ki, uğurlu nəticələr əldə olunarsa, bu yanaşma gələcəkdə digər xərçəng növlərinə qarşı peyvəndlərin hazırlanmasına da yol aça bilər.





.jpg)
