Çində aparılan yeni araşdırma uşaqların psixi sağlamlığının onların böyüdüyü mühitdən asılı olaraq fərqli şəkildə formalaşdığını göstərib.
EDnews xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Tədqiqatçılar Çində 20 minə yaxın uşaq üzərində apardıqları araşdırma zamanı kənd və şəhər mühitində böyüyən uşaqlar arasında psixi sağlamlıq baxımından fərqli meyillər müəyyən ediblər.
Araşdırmaya əsasən, kənd yerlərində böyüyən uşaqlarda depressiya, özünəqapanma və emosional problemlərə daha çox rast gəlinir. Şəhər mühitində böyüyən uşaqlarda isə diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu (DEHB) kimi davranış problemlərinin daha çox müşahidə olunduğu bildirilib.
“Pediatric Investigation” jurnalında dərc edilən nəticələrə görə, şəhər həyatının yaratdığı təzyiq, akademik stress və sürətli həyat ritmi uşaqlarda davranış problemlərinin artmasına səbəb ola bilər.
Tədqiqatçılar qeyd ediblər ki, kənd yerlərində yaşayan uşaqlar isə daha çox yoxsulluq, sosial təcrid və ailə üzvlərindən ayrı qalmaq kimi amillərlə bağlı emosional çətinliklərlə üzləşirlər.
Araşdırma müəllifləri uşaqların psixi sağlamlığının qorunması üçün onların yaşadığı sosial mühitin və ailə şəraitinin nəzərə alınmasının vacib olduğunu vurğulayıblar.
Sayad Qoşnalıyeva







