Beynəlxalq reytinq agentliyi "Fitch Ratings"in qiymətləndirməsinə görə, Azərbaycanın xarici valyuta aktivləri 2026-cı ildə 93 milyard dollara çatacaq ki, bu da ölkənin proqnozlaşdırılan ÜDM-inin 117 faizinə bərabərdir.
Hesabata əsasən, bu aktivlərin təxminən 84 faizi Dövlət Neft Fondunda (ARDNF), qalan hissəsi isə Mərkəzi Bankın beynəlxalq ehtiyatlarında saxlanılır. Ölkə iqtisadiyyatından da böyük olan bu nəhəng vəsaitin sadə vətəndaşın rifahına və gündəlik həyatına təsirləri xüsusi maraq doğurur.
Millət vəkili, iqtisadçı Vüqar Bayramov EDnews-a mövzu ilə bağlı təhlilini təqdim edərkən bildirib ki, Azərbaycanın strateji ehtiyatlarının artması birmənalı şəkildə ölkənin iqtisadi gücünü göstərən əsas faktorlardan biridir.

O vurğulayıb ki, bu vəsaitlər qlobal və regional risklər zamanı iqtisadiyyat üçün güclü müdafiə mexanizmi formalaşdırır:
"Yaranan büyük valyuta ehtiyatı xarici iqtisadi asılılığın qarşısını alır və risklərin minimallaşdırılmasına imkan yaradır. Digər tərəfdən, Dövlət Neft Fondundan dövlət büdcəsinə hər il təxminən 12,8 milyard manat vəsait transfer olunur. Bu transfertlər birbaşa dövlət büdcəsi vasitəsilə sosial xərclərin, maaş və təqaüdlərin qarşılanmasına yönəldilir. Ölkənin valyutası nə qədər çox olarsa, bir o qədər çox iqtisadi və sosial proqramlar icra edilir, vətəndaşın rifahı təmin olunur”.
Vüqar Bayramovun fikrincə, valyuta daxilolmalarının həcmi həm də ölkənin ən mühüm strateji hədəflərindən olan böyük qayıdış layihələrinə birbaşa təsir edir:
“Qarabağ və Şərqi Zəngəzurun bərpası birbaşa ölkəyə daxil olan valyutanın həcmindən asılıdır. Azərbaycan artıq 20 milyard manatdan çox vəsaiti işğaldan azad olunmuş ərazilərimizin bərpasına yönəldib və bu istiqamətdə proses sürətlə davam edir. O baxımdan həm həmin ərazilərin yenidən qurulması, həm də sosial ödənişlərin vaxtı-vaxtında həyata keçirilməsi və artırılması üçün ehtiyatlarımızın həcmi çox önəmlidir”.
Millət vəkili sonda əlavə edib ki, mövzuya gələcək nəsillərin təminatı prizmasından yanaşdıqda, bu trend vəsaitlərin bir hissəsinin gələcəyə saxlanmasını və daha səmərəli idarə olunmasını təmin edir.
Qeyd edək ki, "Fitch Ratings" Azərbaycanın xarici valyuta aktivlərinin yüksək templə artmasını ölkənin güclü xarici balansı, xarici borcun minimum səviyyədə olması və Dövlət Neft Fondunun uğurlu investisiya strategiyası ilə əlaqələndirir.
Amin Həsənli







