Qlobal miqyasda fəaliyyət göstərən platforma provayderlərinin Azərbaycanda nümayəndəliklərinin açılması vacibdir.
EDnews xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Rəşad Məcid "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlarda dəyişikliklər layihəsinin ictimai müzakirəsi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bir çoxları təqdim olunan layihənin mahiyyətini düzgün anlamır:
"Bu məsələyə diqqət yetirilməsi çox vacibdir. Çünki burada bizim uşaqların sosial şəbəkələrdən istifadə məsələsinin nizamlanmasından söhbət gedir. Layihədə nəzərdə tutulur ki, gələcəkdə 16 yaşadək uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər qoyulsun. Bununla bağlı, əlbəttə, dünyada fəaliyyət göstərən böyük şirkətlərin, platforma provayderlərinin Azərbaycanda nümayəndəliklərinin açılması da vacibdir".
R.Məcid təklif olunan dəyişikliklərin cəmiyyətdə müsbət qarşılandığını vurğulayıb:
"Güman edirəm ki, təkliflər qəbul olunduqdan sonra dünyada fəaliyyət göstərən böyük platforma provayderləri Azərbaycanda öz nümayəndəliklərini açacaqlar. Bunun nəticəsində xüsusilə uşaqların zərərli təsirlərdən qorunmasında onların da üzərinə hüquqi məsuliyyət düşəcək".




.jpg)


