İyunun 10-da Pakistan-Əfqanıstan arasında gərginlik yenidən pik həddə çatıb.
Əfqanıstan hökuməti Pakistan ordusunu ölkənin şərqində yerləşən sərhəd bölgələrinə hava zərbələri endirməkdə ittiham edib. Bildirilib ki, hücumlar nəticəsində azı 13 mülki şəxs həlak olub.
Bölgədən gələn son məlumatlara görə, sərhəd xəttində hərbi qüvvələrin və texnikanın cəmləşdirilməsi prosesi sürətlənib. Yaranmış gərginlik səbəbindən iki ölkə arasındakı ticarət fəaliyyəti demək olar ki, tamamilə iflic olub. Toqquşmaların humanitar fəsadları da özünü çox gözlətməyib; təkcə son saatlar ərzində 3600-dən çox əfqan qaçqının Pakistandan öz ölkəsinə geri qayıtdığı rəsmən qeyd olunur.
Mövzu ilə bağlı EDnews-a danışan Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib ki, baş verənlər iki ölkə arasında uzun müddətdir davam edən fundamental sərhəd və təhlükəsizlik problemlərinin növbəti təzahürüdür.

Ekspertin sözlərinə görə, Pakistan və Əfqanıstan arasında tarixi köklərə malik olan və həllini tapmayan sərhəd mübahisələri vaxtaşırı olaraq bu cür silahlı qarşıdurmalara zəmin yaradır.
“Bununla yanaşı, rəsmi İslamabad və Kabilin bir-birini terror qruplaşmalarına sığınacaq verməkdə və dəstəkləməkdə ittiham etməsi mövcud böhranı daha da çıxılmaz hala salır”.
Siyasi şərhçi hesab edir ki, indiki şəraitdə iki ölkə arasındakı münasibətlərin yaxın perspektivdə tam normallaşması reallıqdan uzaq görünür. Bununla belə, ekspert mövcud lokal toqquşmaların genişlənərək irimiqyaslı regional münaqişəyə çevrilməsi ehtimalını yüksək qiymətləndirmir.
Qeyd edək ki, Pakistan və Əfqanıstan arasında son illərdə əsas gərginlik qaynağı "Tehrik-e Taliban Pakistan" (TTP) qruplaşması ilə bağlı qarşılıqlı ittihamlardır. Pakistan iddia edir ki, Əfqanıstandakı rəsmi Taliban hökuməti Pakistan daxilində terror aktları törədən TTP-yə sığınacaq verir və şərait yaradır. Əfqanıstan isə bunun daxili problem olduğunu deyərək ittihamları rədd edir.
Yunis Yusif | EDnews



.jpg)



