ABŞ rəsmiləri tərəfindən dünya çempionatı çərçivəsində işləmək üçün ölkəyə girişinə qadağa qoyulan somalili hakim Ömər Əbdülqadir Artan 2026-cı il UEFA Superkuboku matçını idarə edəcək.
EDnews xəbər verir ki, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti məlumat yayıb.
Çempionlar Liqasının qalibi olan Fransanın PSJ klubu ilə Avropa Liqasının qalibi İngiltərənin "Aston Villa" komandası arasında keçiriləcək qarşılaşma avqustun 12-də Avstriyanın Zalsburq şəhərində baş tutacaq.
Artan ötən həftə ABŞ-yə səfər etmək üçün viza alsa da, Mayami Beynəlxalq Hava Limanına çatdıqdan sonra onun ölkəyə girişinə icazə verilməyib. ABŞ-nin Gömrük və Sərhəd Mühafizəsi Xidmətindən bildirilib ki, referi əlavə yoxlamadan keçirilib və bundan sonra onun giriş tələblərinə cavab vermədiyi qənaətinə gəlinib. Amerika rəsmiləri hakimin ölkəyə buraxılmamasının səbəblərini açıqlamayıblar.
Qeyd edək ki, Somali vətəndaşları ABŞ-də qüvvədə olan giriş məhdudiyyətlərinə məruz qalan ölkələr siyahısına daxildir. Bununla belə, diplomatlar və səfərləri ABŞ-nin milli maraqlarına uyğun hesab edilən şəxslər üçün müəyyən istisnalar nəzərdə tutulur.
Somali hökuməti daha əvvəl baş vermiş hadisə ilə bağlı təəssüfünü ifadə edib. Azarkeşlər və ictimai xadimlər isə hakimin peşəkar nailiyyətlərini və ölkəsinin xaricdə müsbət imicinin formalaşmasına verdiyi töhfələri vurğulayaraq ona dəstəklərini bildiriblər.



.jpg)



