Son zamanlarda daha çox “Netflix” platformasının hazırladığı bioqrafik serialla gündəmə gələn amansız qatil Cefri Dahmer qəddarlığına görə, tarixə düşən ən mənfi obrazdır. Yaşadığı dövr ərzində törətdiyi ağılasığmaz cinayətlər və özünəməxsus qətl üsulları onu daha da amansız edib.
Bəs, Cefri Dahmer kimdir? Onu bu qədər məşhurlaşdıran hansı cinayətlərdir?

Cefri Lionel Dahmer 21 may 1960-cı ildə ABŞ-ın Viskonsin ştatının Miluaukee şəhərində Coys Annette və kimyaçı Lionel Herbert Dahmerin oğlu olaraq dünyaya gəlib.
Yeddi il sonra onun qardaşı Devid doğulur. Dahmer səkkiz yaşına çatanda ailə Ohayo şəhərinə köçür. Cefrinin erkən yaşda davranışları normal olsa da, müəyyən bir müddətdən sonra, utancaq və özünə qapanmağa başlayır. Bundan əlavə, onun heç bir hobbi və ya ictimai fəaliyyətə meylli olmadığı da məlumdur. Bu müddət ərzində tez-tez evin ətrafında tək başına velosiped sürən Cefri, tapdığı ölü heyvanları ya evə gətirir, ya da yaxınlıqdakı meşəyə aparıb müayinə edərək kəsirdi. O, bir dəfə ölü itin başını dirəyə keçirərək bağçaya əkmişdi. Dahmer orta məktəbi bitirdiyi zaman artıq içki aludəçisi idi.
1977-ci ildə onun valdeynləri Lionel və Coys Dahmer boşanır. Cefri Ohayo Dövlət Universitetində oxusa da bir semestr ərzində dərslərinin əksəriyyətində iştirak etmədiyi üçün buradan qovulur. Bu hadisədən sonra Dahmerin atası oğlunun orduda xidmət göstərməsini istəyir. Beləliklə o, milli orduya daxil olur. Dahmer əvvəl hərbi xidmət yaxşı nəticə göstərsə də, iki il sonra 1981-ci ildə alkoqolizmə görə ordudan uzaqlaşdırılır. Evə qayıtdıqdan sonra həddindən artıq içki içməyə davam edən Dahmer 1981-ci ildə sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün həbs edilir.
1982-ci ildə Dahmer nənəsi ilə Uest Allisə köçür və orada 6 il yaşayır. Davranışı bu zaman getdikcə, qəribələşən Cefri bir dəfə mağazadan maneken oğurlayaraq evə gətirir. Başqa diqqətçəkən məqamlardan biri də Dahmer ailəsinin evinin zirzəmisindən gələn pis qoxular idi. Atası bunun səbəbini Cefridən soruşanda o, ölü bir dələni kimyəvi maddələrlə parçaladığını söyləyir.
1988-ci ilin yayında Dahmerin nənəsi nəvəsinin qəribə davranışlarına, gec gəlməsinə və zirzəmidən gələn qoxuya görə ondan evi tərk etməsini xahiş edir.
Beləliklə, Dahmer Miluaukinin Qərb tərəfində bir ev tapır və Ambrosia Şokolad Fabrikində işləməyə başlayır. 1988-ci il sentyabrın 26-da, o, Somsak Sinthasomphone adlı 13 yaşlı bir oğlana narkotik verdiyi və təcavüz etdiyi üçün həbs edilir. Daha sonra o, 5 il müddətinə mühakimə olunana qədər azadlığa buraxılır və 1 illik həbs cəzası alır. Həbsdən çıxdıqdan sonra onun qətlləri və zorlamaları 1991-ci ilə qədər davam edir.
Dahmerin törətdiyi amansız cinayətlər…
Cefri Dahmer ilk cinayətini 1978-ci ilin yayında törədir. O, hələ atası ilə yaşayarkən evdə heç kim olmadığı zaman Stiven Hiks adlı avtostopçunu atasının evinə aparıb və ona içki içməyi təklif edir. Lakin Hiks getmək istəyəndə Dahmer onun başına 5 kiloluq qantellə vuraraq qətlə yetirir və meyidi həyətyanı sahədə basdırır. Dahmerin növbəti qurbanı Stiven Tuominin qətli doqquz il sonra baş verir. Tuominin qətlindən sonra Dahmer fasilələrlə insanları öldürməyə davam edir. O, 1988-ci ildə 2, 1989-cu ildə 1 kişini öldürüb. Cefri hətta 1989-cu ildə öldürdüyü Entoni Searsın kəllə sümüyünü həbs olunana qədər saxlayıb.
1990-cı ilin may ayında nənəsini tərk etdikdən sonra köçdüyü ev Dahmerin qətl bazası olması ilə məşhurlaşıb: O, 1990-cı ildə dörd, 1991-ci ildə isə səkkiz qətl törədib.
2 iyul 1991-ci ildə Dahmer Tracy Eduards-ı evinə dəvət edir. Eduardsın dediyinə görə, Dahmer ona hücum edərək qollarını qandallamağa çalışsa da, buna nail ola bilməyib. Əlində qəssab bıçağı olan Dahmer Eduardı yataq otağına yönləndirir. Divardan asılmış mavi çəlləkdən, əzilən bədən hissələrindən gələn pis qoxunun şahidi olan Eduards qəflətən Dahmerin üzünə və qarnına yumruq vurur və qapıya tərəf qaçaraq canını qurtarmağı bacarır. Robert Raut və Rolf Mueller adlı iki polis məmurunun idarə etdiyi avtomobilinə rast gələn Eduard onları Cefrinin evinə aparır. Cefrinin evinə gələn polislər onun yataq otağına baxış zamanı gördüklərindən sonra Dahmeri həbs ediblər.
Belə ki, Cefri, qurbanlarını öldürür daha sonra onların fotolarını çəkirdi. Əldə edilən fotolarda qurbanların parçalanan bədən üzvləri kimi faktlar da üzə çıxıb. Həmçinin, Cefri qətlə yetirdiyi insanların ürəklərini bişirərək yeyirdi.
.jpg)
Qeyd edək ki, Dahmerə şəxsiyyət pozğunluğu və psixoz diaqnozu qoyulsa da, məhkəmə prosesində onun qanuni olaraq ağlı başında olduğu müəyyən edilib. O, Viskonsi ştatında törətdiyi on yeddi qətldən on altısında günahkar bilinərək 17 fevral 1992-ci ildə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilir.
Həbsindən üç il sonra Dahmer 28 noyabr 1994-cü ildə Kolumbiya İslah Təcridxanasında başqa bir məhbus Kristofer Skarverin başına aldığı ağır zərbə nəticəsində öldürülür.
Nəzrin Beydiyeva