Misirin Antik Əsərlər Ali Məclisinin baş katibi Mustafa Vəziri “Netflix” platformasını tarixi həqiqətləri saxtalaşdırmaqda ittiham edib.
Ednews "CNN Arabic"-ə istinadən xəbər verir ki, “Netflix” tərəfindən çəkilən “Kraliça Kleopatra” sənədli filmində baş qəhrəman tünd dəri rəngi və neqroid irqinə xas üz cizgiləri ilə təsvir edilib. Qurum tarixi şəxsiyyət olan Kleopatranın filmdə bu cür təsvir edilməsini Misir tarixinin saxtalaşdırılması və böyük tarixi səhv adlandırıb.
M.Vəziri bildirib ki, kraliça Kleopatra açıq dəriyə və helenistik xüsusiyyətlərə sahib makedoniya mənşəli bir qadın olub.
“Kraliça Kleopatranın büst və heykəlləri onun zahiri görünüşünün ən bariz sübutudur", Vəziri feysbukda etdiyi açıqlamada bildirərək, film istehsalçılarını tarixi mənbələrə və faktlara əsaslanmağa çağırıb.
Antik Əsərlər Ali Məclisinin Qədim əsərlərin tədqiqi və qorunması Mərkəzi də məsələyə aydınlıq gətirib. Bildirib ki, qədim Misir mumiyaları və insan sümükləri üzərində aparılan antropoloji və DNT araşdırmaları misirlilərin istər kəllə sümüyü forması, istərsə də yanaq və burunlarının ölçüsü və digər bioloji xüsusiyyətləri onların Afrika genləri daşımadığını deməyə əsas verir.
Sözügedən sənədli filmin reklamı bir çox misirlini qəzəbləndirib. Hətta filmin nümayişini dayandırmağa çağıran petisiya da imzalanıb.
Törə Zeynal