Dünyanın ən varlı şəxslərinin sərvəti bir gün ərzində rekord həddə artıb.
EDnews xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, Nyu-Yorkda ticarət sessiyasının bağlanmasına qədər planetin 500 ən varlı şəxsi sərvətini ümumilikdə 336 milyard dollar artırıb. Bu göstərici indiyədək bir gün ərzində qeydə alınan ən böyük artım kimi qiymətləndirilir.
Nəticədə “Bloomberg Billionaires Index” reytinqinə daxil olan milyarderlərin ümumi kapitalı 13,3 trilyon dollara çatıb ki, bu da rekord göstəricidir.
Siyahıya liderlik edən İlon Maskın sərvəti bir gündə 164 milyard dollar artıb. Hazırda onun sərvətinin 1,27 trilyon dollar olduğu bildirilir.
Məlumata əsasən, ötən həftənin sonunda Maskın kosmik şirkəti “SpaceX” birjaya çıxıb və bazar kapitallaşmasına görə dünyada altıncı yerə yüksəlib.
“Meta”nın qurucusu Mark Zukerberqin sərvəti bir gündə 9,16 milyard dollar, “Oracle”ın həmtəsisçisi Larri Ellisonun sərvəti isə 8,92 milyard dollar artıb.
“Google”un qurucuları Larri Peyc və Sergey Brin müvafiq olaraq 7,61 milyard və 7,01 milyard dollar, “Amazon”un qurucusu Ceff Bezos isə 6,96 milyard dollar varlanıb.
Qeyd olunur ki, ABŞ-nin əsas fond indekslərində müşahidə olunan artım milyarderlərin sərvətindəki yüksəlişə təsir göstərib. Belə ki, “Dow Jones” indeksi 0,92 faiz artaraq tarixi maksimumunu yeniləyib, yüksək texnologiya şirkətlərini əhatə edən “Nasdaq” indeksi isə 3,07 faiz yüksəlib.







