Türkiyəyə qarşı hiddətini gizlədə bilməyən Yunanıstan hökuməti ötən gün hər iki ölkənin XİN başçıları arasında keçirilən konfransda iddialar irəli sürüb. Belə ki, Yunanıstan Xarici İşlər naziri Nikos Dendias türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşü zamanı konfransda köhnə məsələləri yenidən gündəmə gətirib və Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış edib. Çıxışında məscid kimi istifadəyə verilən tarixi Aya Sofya camisi, Kipr məsələsi, eləcə də Aralıq dənizi problemlərini dilə gətirən Dendias Afinanın arxasında Avropa İttifaqının durduğunu deyib və dərhal da, Çavuoğlunun sərt təpkisi ilə də üzləşib.
Müxtəlif bəhanə və ittihamlarla Türkiyəni suçlu çıxarmağa çalışan Nikos Dendias həmçinin Türkiyəni Egey və Aralıq dənizi istiqamətlərində hava sərhədlərini pozmaqda günahlandırıb. Çavuşoğlu isə ev sahibi, eləcə də diplomat kimi sərhədləri keçməməyə çalışaraq, mümkün olduğu qədər “qonağın” cavabını verib.
Beləliklə, son zamanlar siyasi arenada Türkiyə ilə problemlər yaşayan Yunanıstan daha bir qalmaqalın baş verməsinə çalışıb. Amma Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın cümə namazından sonra verdiyi bəyanatda da dediyi kimi, Yunanıstan layiqli cavabını alıb.
Eurasia Diary-yə müsahibə verən Türkiyə-Avropa əlaqələri üzrə ekspert Dr. Mustafa Nail Alkan Yunanıstanın dinc və qarşılıqlı münasibətlərə sadiq qalan qonşu Türkiyəni provakasiyaya cəlb etməyə çalışdığını deyib.
- Türkiyəyə barışıq üçün dəvət edilən Yunanıstan XİN başçısı Nikos Dendias türkiyəli həmsədri ilə görüşərkən nə üçün birdən-birə iddialı məsələləri ortaya qoyur? Burada Yunanıstanın məqsədi nədir?
- Xüsusilə onu qeyd etmək istərdim ki, son dönəmlərdə Yunanıstanın tez-tez bu cür məsələləri qabartmaqda məqsədi, onun Aralıq dənizi məsələsində uğurlu bir nəticə əldə edə bilməməsidir. Bundan əlavə, Yunanıstan Avropa dövlətlərinə sığınaraq Türkiyəni Liviya, Suriya və Misir məsələsində sıxışdırmağa çalışsa da, bütün niyyətləri boşa çıxdı. Yunanıstan hökuməti Türkiyənin uğurlu xarici siyasətinə bəsirətsiz yanaşdı və bunun nə ilə nəticələnəcəyinin fərqinə vara bilmədi və nəticədə Türkiyə bir addım Yunanıstanı geridə buraxdı.
Düşünürəm ki, Yunanıstan hökumətinin bu cür fikirlər söyləməsi onun öz uğursuzluğu ilə barışa bilməməsinin təzahürüdür. Bu səbəbdən də onlar istər beynəlxalq konfranslarda, yaxud da dünya mediası qarşısında bu kimi iddialı bəyanatlarla çıxış etməyə çalışırlar.
Əslində məlum olduğu kimi, Yunanıstanın bu qədər ötkəm çıxış etməsinin arxasında onu müdafiə edən bəzi Avropa ölkələri dayanır. Sadəcə onlar Türkiyənin artıq əvvəlki Türkiyə olmadığını unudurlar.
- Sizcə Türkiyə buna nə cavab verəcək?
- Bu cür hərəkətlər onu göstərir ki, Yunanıstan Türkiyəni sıxışdırmaq cəhdlərində israrlıdır. Xatırlayırsınızsa Avropa İttifaqı rəhbərlərinin səfəri zamanı da Türkiyənin Aralıq dənizi məsələsində bir qədər aqressiyadan uzaq durması kimi hədələyici təklif irəli sürülmüşdü. Ümumiyyətlə, Yunanıstan əvvəlki yumşaq Türkiyənin geri dönməsini arzu edir və hər vasitələrə əl ataraq təkbaşına cəsarət edə bilməsə də, dolayı yollarla Türkiyənin qarşısına çıxmağa çalışır. Lakin bunu birdəfəlik bilməlidirlər ki, Türkiyə tutduğu siyasətdən bir addım belə geri çəkilməyəcək və öz ölkəsinin mənafelərini qorumaq naminə var gücü ilə mücadiləyə davam edəcək.
Düşünürəm ki, Yunanıstan Türkiyəyə qarşı həm də bir provakasiya həyata keçirməyə çalışır. Türkiyə gözəl anlayır ki, Afinanı müdafiə edən Avropa Şurası rəhbər nümayəndələri ilə iyun ayında daha bir görüş planlaşdırılıb və bu görüş baş tutana qədər Yunanıstan hər vəchlə Türkiyə üzərində təzyiqləri artırır. Məqsəd bunun qarşılıqlı bir cavabını almaqdır. Və belə olan təqdirdə bəllidir ki, Türkiyəni günahkar çıxararaq dünya qarşısında rəzil etməyə çalışacaqlar. Lakin Türkiyə təbii ki, bu oyunlara getməyəcək və qonşu Yunanıstanla münasibətlərini normal şəkildə davam etdirəcək.
- Bu görüşmədən sonra Türkiyə ilə Yunanıstan arasında münasibətlərin aqibəti necə olacaq?
- Hesab edirəm, bu təkcə Türkiyədən asılı olan bir şey deyil. Türkiyə bu mövzuda çox aktiv fəaliyyət göstərir və üzərinə düşdüyü qədər çalışır ki, Avropa dövlətləri ilə maksimum dərəcədə münasibətləri yaxşılaşdırsın. Lakin Yunanıstan Türkiyəyə qarşı öz mənfi niyyətlərini davam etdirərsə bunun bir gün ayrı bir nəticə verəcəyi də bəllidir. Düşünürəm ki, bu təkcə Türkiyə deyil, həm də Yunanıstana da bağlı olan məsələdir. Əgər burada dost niyyətdən söz gedirsə, o zaman Yunanıstanın öz siyasətini bir daha gözdən keçirməsi lazımdır. Əks halda düşmənliyinin qarşılığında məğlub olacağını gözə almalıdır. Bunu bilməlidirlər ki, artıq onların arxasında dayananlar nə əvvəlki gücə malikdir, nə də əvvəlki kimi ərköyün Yunanıstanı əzizləyir. O üzdən də bu siyasətdə “köhnə ərköyün xarakterlərini” nümayiş etdirmələri onlar üçün ağır nəticələnə bilər.
Hesab edirəm Yunanıstan ağıl işlədərək düşmənçilik yerinə normal münasibətlərin qurulmasına dəstək olmalıdır. Məncə bu hər iki tərəfin xeyrinədir və hər iki tərəf buradan böyük mənfəət əldə etmiş olar.
Elnur Ənvəroğlu