Qarabağda həyata keçirilən yenidənqurma işlərinə xarici dövlətlərin hökumətləri və investorları da cəlb olunub. Özbəkistan dövləti də həmin ölkələr sırasındadı.
Özbəkistan öz maliyyə dəstəyi ilə Füzulidə məktəb tikintisini həyata keçirib. Füzulidə inşa olunan məktəb Azərbaycanda olan ən böyük məktəblərdən biridir. Özbək hökuməti də qeyd edib ki, məhz bu məktəb Azərbaycan-Özbəkistan dostluğunun simvolu olacaq. Bununla Azərbaycan-Özbəkistan arasında münasibətlər və sıx əlaqələr başlamaqdadır.
Özbəkistan prezidenti və hökumət rəsmilərinin Azərbaycana səfəri və bir sıra vacib sənədlərin imzalanması da baş tutub. İki ölkə arasında münasibətlər bundan sonra hansı istiqamətdə davam edəcək? Özbəkistan investorlarının Azərbaycandakı yenidənqurma işlərinə cəlb edilməsi arta bilərmi?
İki ölkə arasındakı münasibətlərə öz şərhini bildirən britaniyalı jurnalist və politoloq Neil Vatson Ednews-a açıqlamasında Azərbaycan-Özbəkistan münasibətlərinin yeni əməkdaşlıq dövrünə qədəm qoyduğunu söyləyib:

“Bu, prezident İlham Əliyevlə Özbəkistan prezidenti Şavkat Mirziyoyevin bu yaxınlarda keçirdiyi görüşdə daha aydın şəkildə göstərilib. Görüşdə əlaqələrin gücləndirilməsi, xüsusən də Orta Dəhliz vasitəsilə nəqliyyat əlaqələri ilə bağlı müzakirələr aparılıb. Onlar həmçinin xarici siyasət, sənaye sahəsində əməkdaşlıq və birgə sərmayə məsələlərini müzakirə ediblər. Tərəflər birgə logistika ilə məşğul olan yeni şirkət tapmaq barədə razılığa gəliblər”.
Politoloqun sözlərinə görə, Bakı və Daşkənddə digər hər zamankı əməkdaşlıqlarla yanaşı, bir sıra mədəni fəaliyyətlər və humanitar təşəbbüslər də həyata keçiriləcək:
“Görüş Ali Dövlətlərarası Şuranın yaradılması ilə yekunlaşıb və tərəflər beynəlxalq təşkilatlarda bir-birini dəstəkləməyə və ortaq təhlükələrə qarşı birgə mübarizə aparmağa dair söz veriblər. Onlar həmçinin Təhlükəsizlik Memorandumu, vizasız gediş-gəliş haqqında saziş və əlaqələrin inkişafı üçün yol xəritəsi imzalayıblar”.
“Bütün bunlar Azərbaycanın praqmatik, xaricə yönəlmiş siyasətinin göstəricisidir, prezident Ərdoğanın türk xalqlarını birləşdirməyə çalışmasının təzahürüdür və postsovet keçmişinə malik türk xalqları kimi onların, xüsusən də Rusiyadan gələn ümumi təhlükələri bölüşdüklərinin etirafıdır”, - deyə Neil Vatson əlavə edib.
O sonda vurğulayıb ki, bu hadisələr hər iki xalqın iqtisadiyyatı, təhlükəsizliyi, mənəviyyatı üçün yaxşıdır və çox müsbət qiymətləndirilməlidir:
“Şübhəsiz ki, özbək işçilərinin, memarlarının, mütəxəssislərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulmasına köməklik göstərmələri üçün hər cür şans var və bu, ən yüksək beynəlxalq səviyyədə alqışlanmalı və tanınmalıdır”.
Ülviyyə Şahin