Bu gün Vətən müharibəsinin başlamasından üç il ötür. Bütün Azərbaycan xalqı 44 günlük Vətən Müharibəsi zamanı, eləcə də, birinci Qarabağ savaşı zamanı və müharibədən sonra şəhid və həlak olanlarımızı anır.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Vətən müharibəsinin 3 – cü ildönümündə bu əlamətdar tarix ilə bağlı fikirlərini Ednews – a bölüşüb. O, qeyd edib ki, 27 sentyabrda Azərbaycan tarixinin qəhrəmanlıq səlnaməsini yazdı.
“Bu gün, Azərbaycanın qürur günüdür. Anım gününün tarixi mənim üçün ayrıca özəlliyi ondan ibarətdir ki, bu tarix həmçinin mənim doğulub, boya – başa çatdığım Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi məhz həmin gün vəhşi düşməndən azad olunub. Son 3 il ərzində, hər il bu günü qürurla qeyd edir, şəhidlərimizi anırıq”.
Fondun prezidenti ikinci tarixi zəfərdən -Azərbaycan ərazilərinin tam suverenlik qaznmasından da söz açıb. O, qürurla bildirib ki, bu gün Azərbaycan öz əzəli torpaqlarına qayıdır.
“Bu gün Azərbaycanın 30 il işğalına göz yuman, 1 milyon qaçqını Qarabağdan ayaqyalın, işgəncələrlə qovulmasına sakit baxan dünya ictimaiyyəti ermənilərin Qarabağdan çıxarılmasından faciə yaratmağa çalışır. Bu əlbəttə ki, ermənilərin növbəti oyunudur. Heç kəs Qarabağdan məcburi çıxarılmır. Onlar oranı öz istəkləri ilə tərk edirlər. Ələxsus bütün bunlara rəğmən biz Qarabağ bölgəsinin tamamını erməni separatçılarından azad etmiş, illərlə gözlədiyimiz “Böyük Qayıdış”ı qısa müddətdə həyata keçirəcəyik. Bu gün şəhidlərimizin, qazilərimizin qanı bahasına o torpaqlar azaddır. Biz həmin torpaqlara artıq alaqaranlıqda deyil, istədiyimiz zaman gedə bilirik. Bu sözləri söyləyəndə həyəcanlanmamağa, emosionallıq nümayiş etdirməməyə nə qədər çalışsam da, içimdə bir təlatüm var.
Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa versin. Biz o torpaqları al qanlarla qazandıq”.
Əkbər Novruz