ABŞ qüvvələri “Ənsar Allah” hərəkatının nəzarətində olan Yəmən ərazilərinə bir neçə hava zərbəsi endirib. Bu barədə aprelin 26-da “Al Masirah” telekanalı məlumat yayıb.
EDnews xəbər verir ki, Amerika hərbçiləri Yəmənin paytaxtı Səna və ölkənin Səda, Əl-Mahvit və Əl-Hudeyda vilayətlərinə hücum ediblər. Saada bölgəsinə endirilən hava zərbələri nəticəsində bir mülki şəxs həlak olub.
Telekanalın məlumatında qeyd olunub: “ABŞ-ın Səhra bölgəsinin şərqindəki köçəri bədəvi icmalarında yerləşən bir evə endirdiyi aviazərbə nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb”.
Qeyd edək ki, “Ənsar Allah” hərəkatının lideri Əbdül Malik əl-Husi aprelin 24-də çıxışı zamanı bildirib ki, ABŞ Silahlı Qüvvələri son bir həftə ərzində Yəmənə ən azı 260 dəfə hava hücumu həyata keçirib. Onun sözlərinə görə, ümumilikdə ABŞ-ın yenilənmiş hərbi əməliyyatları çərçivəsində Yəmənə edilən hücumların sayı 1200-dən çox olub, lakin bu hücumlar uğursuzluqla nəticələnib.
Şəms Qasımlı // EDnews