Azərbaycan və Rusiya arasında imzalanan qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin bütün müddəaları Azərbaycanın milli maraqlarına tam cavab verir. Türkiyə ilə imzalanmış Şuşa bəyannaməsi kimi, Rusiya ilə Moskva bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət əsasında imzalanıb. Bəyannamədə xüsusi olaraq vurğulanır ki, hər iki ölkə müstəqil xarici siyasət yürüdür.
Bu strateji sənədin imzalanması ilə Bakı və Moskva arasında dövlətlərarası münasibətlər keyfiyyətcə yeni mərhələyə keçdi. Eyni zamanda tərərflərin bu illər ərzində qarşılıqlı əməkdaşlığın potensialını artırmaq istiqamətində fəal iş apardığını bir daha təsdiqlədi. Müttəfiqlik sənədinin hazırlanması və razılaşdırılması üzərində isə iş 2021-ci ilin ortalarından aparılırdı. Yəni, bu, regionda gedən son proseslərlə əlaqələndirilə bilməz. Bu mənada Prezident İlham Əliyev sənədin əsl xarakterini belə şərh edir: “Bu, sadəcə sözlər, sadəcə niyyətlər deyil, həm də konkret işlər olub. Bəyannamə yetərincə genişdir. Onun 40-dan çox bəndi var. Bizim qarşılıqlı fəaliyyətimizin ən mühüm sahələrini əhatə edir və artıq bizim ikitərəfli münasibətlərin gələcəyi üçün çox böyük əhəmiyyət kəsb edəcək”.
43 bənddən ibarət bəyannamənin əsas özəlliklərindən biri BMT Nizamnaməsi, Helsinki Yekun aktı, beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmasının vacibliyinin vurğulanmasıdır. Yəni burada beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında BMT-nin aparıcı rolu qabardılır. Ən vacib məsələ - tərəflər müttəfiqlik münasibətlərinə xələl gətirən, eləcə də bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinmək, öz ərazisində hər hansı bir təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını almağa dair öhdəlik götürür. Bəyannamədə Qafqaz regionu və Xəzərdə sabitliyin və təhlükəsizliyin təmin edilməsində qarşılıqlı fəaliyyətin zəruriliyi də qeyd olunur. Həmçinin Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada nəzərdə tutulmuş bütün fəaliyyət prinsiplərinin vacibliyi təsdiq edilir. Mətbuata birgə bəyanat zamanı Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “Rusiya və Azərbaycan birgə səyləri ilə Qafqazda sülhün, Xəzər regionunda və Avrasiya məkanında əməkdaşlığın möhkəmləndirilməsi işinə bundan sonra da həlledici töhfə verəcəklər”.
Azərbaycan və Rusiya beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq, transmilli mütəşəkkil cinayətkarlıq və digər bu tipli təhdidlərin qarşısının alınması üçün səyləri də birləşdirir.
Ümumiyyətlə, Azərbaycan Vətən müharibəsində əldə etdiyi böyük qələbədən sonra Cənubi Qafqazda formalaşmış yeni konfiqurasiyanın əsas aktorları Azərbaycan, Türkiyə və Rusiyadır. Bu mənada, Azərbaycanın hər iki ölkə ilə müttəfiqlik bəyannamələrinin imzalanması bu yeni konfiqurasiyanı rəsmən təsbit edir. Azərbaycan eyni zamanda Avropa İttifaqı ilə də münasibətləri yüksələn xətlə inkişaf edir.
Bu ilin birinci yarısında Avropa İttifaqı ilə də ikitərəfli saziş üzrə danışıqları bitirmək və sazişi imzalamaq niyyətindədir. Bu məqsədlə mart ayında Bakıda Azərbaycan və Avropa İttifaqı arasında növbəti təhlükəsizlik dialoqu keçiriləcək.
Bir sözlə, Azərbaycan bütün güc mərkəzləri və qonşu ölkələrlə yüksək səviyyəli münasibətlər qurmağa nail olub. Azərbaycan postsovet məkanında bütün güc mərkəzlərindən öz müstəqil siyasətinə, təhlükəsizliyinə zəmanət qazanan yeganə ölkədir. Buna nail olmaq isə ilk növbədə güc və məharətli diplomatiya tələb edir.
Millət vəkili Könül Nurullayeva