“Rize-Artvin hava limanının açılması Türkiyə iqtisadiyyatının güclənməsində mühüm rol oynayacaq”.
Bu fikri Ednews-a millət vəkili, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu Rize-Artvin aeroportunun strateji vacibliyindən danışarkən deyib.

Millət vəkili vurğulayıb ki, hava limanının dənizin kənarında yerləşməsi xüsusi strateji əhəmiyyət daşıyır. Onun fikrincə, hava limanının açılması ilk növbədə refionda turizmi inkişaf etdirəcək:
“Türkiyənin Rizə vilayəti turizm baxımından inkişaf etmiş bölgələrdəndir. Nəzərə alaq ki, qardaş ölkənin dövlət büdcəsinin əhəmiyyətli hissəsi də məhz turizmdən əldə edilən gəlirlər hesabına formalaşır. Rize-Artvin hava limanının açılması turizm sahəsinin inkişafına töhfə verəcək”.
Elşad Mirbəşiroğlu İlham Əliyevin mərasimdə iştirakından da danışıb:
“Azərbaycan Prezidenti İlham Əliyevin hava limanının açılış mərasimində iştirak etməsi Türkiyə-Azərbaycan münasibətlərinin xarakterini bir daha göstərdi. İlham Əliyevin orada iştirak etməsi iki ölkə arasındakı münasibətlərlə bağlı dünyaya mesaj verdi”.
Deputat Ərdoğanın Füzuli aeroportunun açılış mərasimində iştirakından da bəhs edib:
“Xatırlatmaq istərdim ki, Füzuli hava limanının açılış mərasimində də Rəcəb Tayyib Ərdoğan iştirak etmişdi. Füzulidə Azərbaycan və Türkiyə prezidentləri Qarabağın qapısını birgə açdılar”.
Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də qardaş ölkəyə işgüzar səfərə gedib. Prezident səfər çərçivəsində Rize-Artvin Hava Limanının təntənəli açılış mərasimində iştirak edib.