Ermənistan mətbuatında yayılan iddialara görə, rəsmi Bakı və İrəvan noyabr ayında Brüsseldə sülh müqaviləsi imzalayacaq. Məlumata görə, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqonyan bu gün Aİ-nın təmsilçilərinin hər iki tərəf arasında Cenevrə danışıqlarında müzakirə olunan sülh sazişinin təfərrüatları ilə tanış edəcək. Eyni zamanda, Aİ-nın Cənubi Qafqaz üzrə xüsusi nümayindəsi Tovio Klaar İrəvana son səfəri zamanı Ermənistana sülh sazişinin son variantını oktyabrın sonunadək hazırlamağı məsləhət görüb.
Məsələ ilə bağlı Ednews-a şərh verən politoloq, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, Paşinyan erməni ictimaiyyətinə artıq mövcud siyasi reallığı başa salmağa çalışır.
“Parisə səfər etdikdən sonra Paşinyan öz xalqına müraciətində bildirib ki, Qərb Ermənistanın köhnə siyasi xəttini -Azərbaycana qarşı işğalçılıq siyasətini dəstəkləməyəcək. Yəni, Ermənistan Qarabağla bağlı bu və ya digər şəkildə iddialarından əl çəkməlidir. Bir məqamı xatırladım ki, bu yaxınlarda Ermənistan katalikosu Qaragenin vasitəçiliyi ilə sabiq dövlət rəhbərləri – Ter Petrosyan, Robert Koçaryan və Serj Sarkisyan arasında indiki vəziyyətin müzakirə edilməsi üçün görüş keçirilib. Bu görüşdə Paşinyan hakimiyyətinə qarşı təhdidedici bəyanatlar səsləndirilib. Paşinyan da buna cavab olaraq onlara Azərbaycanla aparılan danışıqların mahiyyətini əks etdirən sənədləri göndərəcəyinə hazır olduğunu bildirib. Amma katalikos daxil olmaqla sabiq dövlət rəhbərləri bundan imtina ediblər. Ona görə də Paşinyan da məcbur olub həyat yoldaşına məxsus olan “Hraparak” qəzetində Azərbaycanın tələblərini açıq şəkildə ictimailləşdirib. Bununla da Paşinyan erməni ictimaiyyətinə və siyasə elitaya vəziyyətin nə yerdə olduğunu başa salmağa çalışır”.
Tofiq Zülfüqarovun sözlərinə görə, bu yaxınlarda Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ehtimalı bir çox hadisələrdən asılıdır.
“Paşinyan çox yaxşı başa düşür ki, sülh sazişi ilə bağlı tələblər erməni cəmiyyəti tərəfindən məmnuniyyətlə qəbul edilməyəcək, daha çox tənqidlə qarşılanacaq. Çünki Erməni xalqının əksəriyyəti sülh sazişində irəli sürülən tələbləri qəbul etmək istəməyəcək”.
Poliqloq, həmçinin əlavə edib ki, Avropa İttidaqı Ermənistan üzərində təzyiqləri artırıb.
“Aİ-nın mövqeyi hamı, xüsusilə Ermənistan üçün tam bəllidir. Onlar Ermənistandan Azərbaycana qarşı ciddi şəkildə ərazi iddialarına son qoymağı tələb edirlər. Bununla yanaşı, Avropa erməni rəsmilərinin Azərbaycanın guya Ermənistanın ərazi bütövlüyünü pozması ilə bağlı şikayətlərini dinləyəndə onlara deyirlər ki, siz də Azərbaycanın beynəlxalq sərhədlərini tanımaq istəmirsiz. Avropa İrəvana məsləhət görür ki, Qarabağ məsələsinin hər hansı şəkildə həll olunması ilə bağlı sərsəm fikirlərindən əl çəksinlər”.
Sonda T.Zülfüqarov Moskvanın Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına razılıq verəcəyi ehtimalına da münasibət bildirib.
“Bəzi nüansları çıxmaq şərti ilə Moskva və Brüsselin Ermənistanla bağlı mövqeyi eynidir. Hər iki tərəfin regionda öz şəxsi maraqlarının olmasına baxmayaraq, Ermənistan və Azərbaycan arasında baş verən toqquşmalara öz aralarında qarşıdurma meydanı kimi baxırlar. Lakin burada Rusiya və Qərbin ikili standartlı siyasətini də istisna etmək olmaz”.
Yunis Abdullayev