“Qərb yaxşı başa düşür ki, Rusiya və İran olmadan Ermənistanın regionda mövcudluğu çətin vəziyyətə düşə bilər”.
Bu sözləri Ednews-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirib.
Son zamanlar qərbyönümlü Paşinyan hakimiyyətinin Rusiya və İrana yaxınlaşmasını izah edən Zaur Məmmədov hesab edib ki, Qərb Ermənistan-İran münasibətlərinə müsbət yanaşır.
“Ermənistanın Rusiya və İran ilə hər zaman münasibətləri normal olub. Qərb rəsmilərinə çox yaxşı bəllidir ki, Ermənistanın bir dövlət olaraq mövcudluğu Rusiya və İrandan asılıdır. Qərb bilir ki, Azərbaycan və Türkiyə ilə sərhədlər bağlı olduğu üçün İran-Ermənistan sərhədi İrəvan üçün olduqca önəmlidir. Erməni diasporasının nümayindələri və ermənipərəst qüvvələr də həmin məsələlərdə İrəvanın haqlı olması ilə bağlı dəfələrlə müzakirələr aparıblar. Ona görə də Qərb Ermənistanın İranla münasibətlərinə dözümlü yanışır. Bununla bərabər, İran və Qərb, xüsusilə Fransa Qərbi Zəngəzur məsələsində eyni maraqları bölüşürlər.
Ermənistan-Rusiya münasibətlərinə gəlincə isə, burada fərqli bir yanaşma görürük. ABŞ və Avropa İttifaqı hər vasitələrdən istifadə etməklə Ermənistanı Rusiya çətiri altından qoparmağa çalışırlar. Paşinyanın hakimiyyətə gəlməsində və ölkədə anti-Ruisya əhval-ruhiyyəsinin artmasında Qərbin rolu danılmazdır”.
Politoloq Paşinyanın İrana səfəri ilə bağlı siyasi məsələlərə də aydınlıq gətirib.
“Paşinyan xarici siyasətdə Rusiya ilə effektiv münasibətlər qura bilməyən siyasətçi kimi tanınır. Ancaq İran-Ermənistan münasibətləri artan xətt üzrə inkişaf edir. Çox təəssüf ki, müsəlman şiə ölkəsi olan İran ədalətsizliklə üzləşmiş müsəlman Azərbaycanı yox, xristian Ermənistanı dəstəkləyir. Geosiyasi baxımdan İrəvan və Tehranın bir sıra məsələlərdə baxış bucağı eynidir. Paşinyan səfər zamanı İran Prezidenti İbrahim Rəisiyə başa salacaq ki, Avropa İttifaqının Ermənistan ərazisində missiyası İranla yox, Azərbaycanla bağlıdır. Eyni zamanda Ermənistan hakimiyyəti İranla silah-sursat və hərbi texnikanın tədarükü ilə bağlı açıq və ya gizli şəkildə sövdələşmələrə girə bilər”.
Sonda Zaur Məmmədov qeyd edib ki, regionun açar ölkəsi olan Azərbaycanın razılığı olmadan nə İran, nə də Ermənistan öz siyasi və iqtisadi ambissiyalarını həyata keçirə bilməz.