Azərbaycan 44 günlük müharibədə öz haqq savaşını apararaq qalib gəldi. Biz haqq işimiz uğrunda illər ərzində apardığımız mübarizəni döyüş meydanında davam etdirdik.
Ednews xəbər verir ki, iki il əvvəl Vətən müharibəsində əldə etdiyimiz qələbə ilə Azərbaycan Ordusu tarix yazdı. 44 gün ərzində Azərbaycan ordusu bir addım belə geri çəkilmədi. Noyabrın 8-i isə zəfərin kuliminasiyası oldu. Qarabağın tacı Şuşanın azad olunması bir daha şəhidlərimizin qanının yerdə qalmadığını göstərdi. Bu, bizim tarixi qələbəmizdir. Ali Baş Komandan İlham Əliyevin də bəyan etdiyi kimi, biz şanlı qələbəmizi döyüş meydanında qazandıq. 28 il ərzində Şuşa işğal altında qalsa da, hər bir Azərbaycanlı əmin idi ki, gec-tez biz tarixi torpağımıza, mədəniyyət beşiyimizə qayıdacağıq. Azərbaycan Prezidentinin də bəyan etdiyi kimi, Şuşasız bizim işimiz tam sayıla bilməzdi. Azərbaycan xalqı 30 il ərzində bu tarixi anı gözləyirdi. İşğal dövründə vaxt yalnız Azərbaycanın xeyrinə işləyirdi. Azərbaycan Prezidentinin yeritdiyi müstəqil siyasət ölkəmizi həm regionda, həm də dünyada söz sahibinə çevirdi. Azərbaycanın mövqeyi bütün istiqamətlərdə möhkəmləndi. Azərbaycan hərbi imkanlarını genişləndirməklə yanaşı, həm də diplomatik cəbhədə diktə edən tərəfə çevrildi. Döyüş meydanında Azərbaycan düşmənlə təkbaşına mübarizə apararaq, ərazi bütövlüyümüzü qarış-qarış təmin etdi. Ermənistan Şuşanın azad olunacağına inanmaq istəmiridi, bu səbbədən dezinformasiyalar yayaraq, həm öz ictimaiyyətini, həm da beynəlxalq ictimaiyyəti aldatmağa çalışırdı. Çünki Şuşa işğalçı ölkə üçün psixoloji baryer idi. Ermənistanda da dərk edirdilər ki, Şuşaya sahib olan bütövlükdə Qarabağa sahibdir. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı. Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi. Şanlı Azərbaycan Ordusu Ali Baş komandanın tapşırığını qətiyyətlə yerinə yetirərək, alınmaz qalanı-Şuşanı əlbəyaxa döyüşlərlə azad etdi. Şuşanı azad edərkən Azərbaycan əsgər və zabiti qəhrəmanlıq, peşəkarlıq, fiziki güc, yüksək milli ruh göstərdi. İki ildir, Azərbaycan bayrağı Qarabağın döyünən ürəyində - Şuşada dalğalanır. Şuşa bu gün layiq olduğu yerdədir. Öz sahiblərini qarşılayır. Müzəffər Ali Baş komandan İlham Əliyevin də bəyan etdiyi kimi, biz Şuşanı dirçəldirik. Azərbaycanın mədəniyyət paytaxtı kimi bütün ənənlər bərpa olunmaqdadır. Xarıbülbül festivalı, Vaqif poeziya günləri, ziyallarımızın ev muzeylərinin, dini-mədəni abidələrin bərpası, güllələnmiş heykəllərin doğma torpağa aparılması, bir sözlə Şuşa yarixi Azərbaycan şəhəri kimi yenidən öz imicini bərpa edir. Mədəniyyət paytaxtı olmaqla yanaşı həm də beyin mərkəzinə çevrilməkdədir. Beyin mərkəzlərinin nümayəndələrinin toplaşdığı məkan kimi qlobal trendlərin, yeni çağırışların müzakirə olunduğu beynəlxalq platformalara ev sahibliyi edir. Beynəlxalq forumlarda “Şuşa - dirçəlişə gedən yol” mövzusu ayrıca panel mövzuları kimi müzakirə olunur. BMT başda olmaqla nüfuzlu təşkilatların tədbirlərinin Azərbaycanın qədim Şuşada keçirilməsi buranı uzun illər erməni şəhəri kimi tanıtdırmaq cəhdlərinin də qarşısını alır. Ermənilərin bütün cəhdlərinə baxmayaraq, onlar Şuşanı dünyaya erməni şəhəri kimi qəbul etdirə bilmədilər. Amma 28 il ərzində bir çox xarici qonaqları qanunsuz olaraq Şuşaya gətirir, Şuşa haqqında uydurmaları həqiqət kimi qəbul etdirməyə çalışır, Şuşanın adını dəyişdirmişdilər. Amma buna baxmayaraq, heç kim buna inanmırdı. Prezident İlham Əliyevin də söylədiyi kimi, Şuşaya gələn hər bir insan öz gözü ilə görürdü ki, şəhərin memarlıq ansamblı Azərbaycan memarlıq məktəbini təcəssüm etdirir. Bu məkrli cəhdlərə baxmayaraq, Şuşa öz milli simasını qoruyub saxladı. Bu gün bəzi beynəlxalq ekspertlər qədim Azərbaycan şəhəri olan Şuşa ilə bağlı kitablar yazmaqdadır. Gələcəkdə bu cür xarici müəlliflərin çox olması Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından olduqca vacibdir. Bir sözlə, Şuşanın azad olunması hərbi-strateji uğur olmaqla yanaşı, həm də mənəvi qələbəmizdir. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Bu il 270 illiyini qeyd etdiyimiz Şuşa yenidən Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamaqda davam edir.