“Azərbaycan Respublikasının növbəti dəfə Beynəlxalq Ədalət Məhəkəməsinə müraciət etməsinin əsas səbəbi məlum məhkəmənin 2021-ci ilin dekabrında müraciətimizə əsasən Ermənistana qarşı müvəqqəti tədbirlərlə bağlı qərarın yerinə yetirilməməsidir”.
Bu sözləri Ednews-a açıqlamasında beynəlxalq hüquq üzrə ekspert Əfsar Sadıqov bildirib.
O, qeyd edib ki, istər işğal dövründə, istərsə də işğaldan sonrakı dövrdə Ermənistan rəhbərliyi beynəlxalq humanitar hüququn pozulması istiqamətində addımlar atıb.
“Bu qərarın yerinə yetirilməməsi bir çox istiqamətlərdə özünü göstərir. Xüsusən də Azərbaycan Respublikasının suveren ərazisində üçtərəfli noyabr bəyanatına zidd olan təxribatxarakterli hadisələr genişlənməkdədir. Kəlbəcərdə və azad olunan digər ərazilərimizdə mülki əhalinin, o cümlədən oralarda yenidənqurma və bərpa işlərində çalışan işçilərin minalara düşməsi onu deməyə əsas verir ki, Ermənistan tərəfindən daima üçtərəfli bəyanat pozulur. Bu da azmış kimi 2021-ci ildə Qarabağda Ermənistan tərəfindən istehsal olunun minalara tez-tez rast gəlinib. Təxminən 2700-dən yuxarı mina tələləri ilə bağlı faktlar və sübutlar ortalığa qoyulub. Bu kimi məsələlərə Beynəlxalq Ədalət Məhkəməsinin münasibət bildirməsi vacibdir. Hesab edirəm ki, bu məsələlər Ermənistanın çox ciddi şəkildə beynəlxalq hüquqi öhdəliklərini pozması hallarını aydın şəkildə sübut edir”.
Azərbaycanın öz suveren ərazisində öz yurisdiksiyasını təmin etməsi, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasına şərait yaratmasını önəmli priotetlər hesab edən Ə.Sadıqov bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarları bu hüquqi məsələlərin həllində önəmli rol oynaya bilər.
“Ədalət Məhkəməsinin növbəti sessiyasında müvəqqəti tədbirlərlə bağlı qərarın bir daha gündəmə gətirilməsi, yəni irqi-ayrı seçkilik zəmində Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilən cinayət əməlləri ətrafında geniş müzakirələr aparılacaq. Eyni zamanda irqi-ayrı seçkilik və humanitar hüququn pozulması ilə bağlı yeni faktlar da məhkəmənin müzakirə predmentini təşkil edəcək. Məhkəmə tərəfindən qəbul olunacaq qərar ona hesablanacaq ki, bütün bu pozuntular aradan qaldırılsın. Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının yerinə yetirilməsi məcburi xarakter daşıyır. Əgər hüquqi pozuntular aradan qaldırılmazsa və davam edərsə, BMT-nin nizamnaməsinin 94-cü maddəsinə uyğun olaraq məhkəmə məsələni BMT-nin Təhlükəsizlik Şurasının öhdəliyinə buraxır. Təhlükəsizlik Şurasında məsələ həll olunmazsa, Azərbaycan Respublikası BMT-nin Baş Məclisinə müraciət edə bilər”.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın mülki vətəndaşlarının öz doğma torpaqlarına qayıtması, azad edilən ərazilərin minalardan təmizlənməsi və təhlükəsizliyin təmin edilməsi, o cümlədən Ermənistanın dərhal lazımi addımlar atması, mülki əraziləri mina və digər partlayıcı maddələrlə hədəfə almaması və bu xüsusda Laçın yolundan istifadə dayandırması məqsədilə Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib.
Azərbaycan tərəfi beynəlxalq insan hüquqlarının pozulması hallarına görə Ermənistanın məsuliyyətə cəlb edilməsi istiqamətində səylərini davam etdirir.
Yunis Abdullayev