Davosda keçirilən Dünya İqtisadi Forumu bu dəfə "Parçalanmış dünyada əməkdaşlıq" mövzusunda keçirilir. Dünya liderləri qlobal problemləri həll etmək üçün birgə səylər göstərmək, onilliyin sonuna qədər daha dayanıqlı dünya üçün zəmin yaradılması məqsədilə addımların atılmasına dair müzakirələr aparır.
Forumunun builki proqramı dünyanın ən aktual problemlərinin həlli üçün dövlət və özəl sektoru tərəfdaşlığa, dünya liderlərini enerji, iqlim və ticarət sahələrində birgə işləməyə çağırır.
Sayca 53-cü illik toplantı COVID-19 pandemiyası və Rusiya-Ukrayna müharibəsinin təsirilə
dünyada müşahidə olunan geoiqtisadi parçalanma fonunda keçirilir. Təsadüfi deyil ki, builki foruma dünyanın 130 ölkəsindən rekord sayda - 2700-dən artıq tanınmış şəxs, habelə 52 dövlət-hökumət başçısı qatılıb.
Qlobal problemlərin müzakirə olunduğu və dünyanın iqtisadi həyatında önəmli qərarların verildiyi Dünya İqtisadi Forumuna Azərbaycan Prezidenti İlham Əliyevin növbəti dəfə dəvət olunması isə dövlətimizin başçısının dünyadakı yüksək nüfuzunun göstəricisidir.
Bu ilki Foruma dünyanın ən nüfuzlu 600-dən artıq şirkətinin baş icraçı direktorlarının qatılması da yeni imkanlar baxımından əhəmiyyətlidir. Forum çərçivəsində Prezident İlham Əliyevin keçirdiyi görüşlər əməkdaşlıq üçün yeni perspektivlər açır. Bu mənada Dünya İqtisadi Forumu güc mərkəzlərinin bir-biri ilə dialoqu üçün vacib platformadır.
Siyasi liderlər, iş adamları, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Forum, həm də ölkələrin özlərini dünyaya yaxından tanıtması, təşviq etməsinə imkan yaradır. Azərbaycan da bu imkandan yararlanan ölkələrdən biridir.
Beynəlxalq münasibətlərdə də ciddi təsirə malik olan Davos forumunda Azərbaycan Prezidenti ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm regional nəqliyyat və enerji layihələrinin əhəmiyyətini dünya ictimaiyyətinin diqqətinə çatdırır. Bu dəfə də postmünaqişə dövründə işğaldan azad olunan ərazilərimizdə görülən işlər və həyata keçirilməsi nəzərdə tutulan regional layihələr diqqət mərkəzindədir. Ümumiyyətlə, forum çərçivəsində keçirilən görüşlər də təsdiqləyir ki, Azərbaycan Davos Forumunun ən ciddi iştirakçılarından biridir. Bu, ölkəmizin nüfuzunu dünyaya təqdim etmək baxımından əlverişli platformadır.