Cənubi azərbaycanlı uşaqlar üçün Azərbaycan dilində kitab kampanyası başladılması barədə sosial şəbəkələrədə müzakirələr aparılır. Bu barədə yazılır ki, Şimali Azərbaycandakı dil, mədəniyyət sevən qardaşlarımız əllərindən gəlirsə, orada yayımlanan uşaq ədəbiyyatı kitablarını Güney Azərbaycana çatdırmaq üçün bir kampaniyaya başlasınlar. Çünki güneyli uşaqların da gözü əvvəl-axır latın əlifbasına alışmalıdır. Bütöv Azərbaycan uğruna oradakı uşaqlarımıza da kitab göndərsinlər.
Xatırladaq ki, 1979-2005-ci illərdə İran İslam Respublikası hakim qüvvələrinin Azərbaycan türkcəsini sıxışdırmaq və azərbaycanlıların milli şüurunu kosmopolitləşdirmək cəhdləri baş verib. Həmin dövrlərdə Azərbaycan dilində kitablar kütləvi şəkildə yandırılıb. Gərgin ictimai-siyasi kataklizmlərin, sosial-mədəni təbəddülatların, panfarsist siyasi sistemin və ideologiyasının təsirinə məruz qalan cənubi azərbaycanlıların həm İran daxilində, həm də xaricdə Azərbaycan dilinin statusunun sıxışdırılması danılmaz faktdır.
Məsələ ilə bağlı Ednews-a şərh verən Türkiyədə yaşayan siyasi şərhçi Kərim Əsğari bildirib ki, hazırda əsas problem bu məsələni geniş şəkildə yaya bilmirik.
“Bu fikri dəstəkləyib daha böyük kütləyə çatdırmaq lazımdır. Böyük kütləsi olan kanallarda da bu mövzunu ictimailəşdirmək mütləqdir. Hər kəsə çatdırmaq şərtdir və inanıram ki, zamanla bu məsələ öz həllini tapacaq”.
Rübabə Kazımlı