Qərb mətbuatında İranla İsrail arasında məxfi danışıqların başlandığına dair bir sıra məlumatlar yayılıb. İddialara görə, danışıqların Çinin vasitəçiliyi ilə Honkonq şəhərində keçiriləcəyi gözlənilir.
Maraqlıdır ki, İran və İsrail yeni müharibə ocağı ola bilərmi?
“Əlbəttə ki, bu gözlənilən addımdır. Çünki, bütün hallarda hətta böyük düşmənçilik edən ölkələr arasında belə kəşfiyyat orqanları səviyyəsində münasibətlər qorunub saxlanılır və danışıqlar aparılır. Məsələn Türkiyə və İsrailin münasibətləri pozulduğu vaxtlar da kəşfiyyat məsələlərində müzakirələr davam edirdi”.
Politoloq Turab Rzayev onu da qeyd edib ki, eyni məsələni biz Türkiyə ilə Misir arasında da görə bilərik.
“Rusiya və ABŞ diplomatik münasibətləri dayandırdığı halda ortaq masada görüşməyi belə imtina etmişdi. Hətta Bayden açıq şəkildə Putini qatil adlandırmışdı. Buna baxmayaraq, xüsusi vacib məsələlərdə nüvə silahının istifadəsi ilə bağlı mərkəzi kəşfiyyat idarəsinin rəhbəri ilə Rusiya Xarici Kəşfiyyat dairəsinin Türkiyədə görüşməsinin şahidi olduq. Ona görə düşünürəm ki, bu kimi əlaqələrin olması normaldır. Çünki bu ilk və görülməyən hal deyil. Lakin bu əlaqələr çərçivəsində nələr istədiyinə baxmaq lazımdır”.
Turab Rzayev fikrinə görə İran bu addımla bəlkə də Yaxın Şərqdə öz mövqeyini qoruyub, saxlamaq istəyir.
“İran nüvə silahına sahib olmaq istəyir. İsrail isə böyük ehtimal olaraq İranın Rusiyadan uzaqlaşdırıb Qərbə yaxınlaşmasını istəyir. Çünki, bundan əvvəl ABŞ və Böyük Britaniya xarici kəşfiyyat rəhbərləri İrəvana səfər etmişdi. Böyük ehtimal onların ora səfər etməsinin məqsədi İran rəhbərliyinə mesaj ötürmək idi. Paşinyan burada bir növ elçi rolunu oynayırdı. İsrail kəşfiyyatı İrana Rusiyadan uzaqlaşmağı Rusiya-Ukrayna müharibəsinə müdaxilə etməməyi məsləhət görür. İranın indiki rəhbərliyi Rusiya ilə çox yaxındır. Xüsusi ilə bu SEPAH-ın nəzarətindədir. Buradan müsbət əlaqənin çıxıb-çıxmayacağını zaman göstərəcək. Amma açıq qarşıdurmanın qarşısını ala bilərlər”.
Qeyd edək ki, İran ilə İsrailin münasibətlərinin gərginliyi hər zaman dünya mediasının gündəmindən olub. İran dəfələrlə İsrailə qarşı nüvə silahından istifadə edəcəyi barədə təhdidlər də yağdırıb. Hətta İran rəsmiləri İsraillə getdikcə gərginləşən münasibətə Azərbaycan da əlavə edir, onu sionizmə xidmətdə günahlandırırlar.
Ayan Rzayeva