Misir Qüds və Qəzza zolağında eskalasiyanın qarşısını almaq üçün ABŞ, İsrail və Fələstinin Həmas hərəkatı ilə təmaslarını və tərəflər arasında vasitəçilik səylərini gücləndirir. Ölkə rəsmiləri bildirib ki, Misir Fələstin və İsrail arasında gərginliyi azaltmaq üçün vasitəçi rolunu oynamaqda maraqlıdır və səylərini gücləndirməyə davam edəcək.
“Misirin coğrafi mövqeyi, həmçinin, tarixən Yaxın Şərq regionu və ərəb ölkələri arasında sahib olduğu siyasi nüfuzu ona bu bölgədə münaqişə tərəfləri arasında vasitəçilik etməyə imkan verir. Qəzzada gərginlik sona çatacaq. Qarşılıqlı hava zərbələrindən sonra artıq Fələstindəki HƏMAS, İslami Cihad Hərəkatları və İsrail tərəfi ilə də Kemp Devid razılaşması əsasında intensiv danışıqlar başlayıb”.
Bunu Ednews-a özəl açıqlamasında misirli siyasi analitik Əşrəf Əbu Arif bildirib. Onun sözlərinə görə, Misir yeni münaqişə ocaqlarının qarşısını almaq üçün ABŞ və Avropa İttifaqı ilə də effektiv danışıqlar aparacaq diplomatik nüfuza sahibdir və bu da onu digər Yaxın Şərq ölkələrdən fərqləndirir.
"Düşünürəm ki, Ərəb Dövlətləri Liqası modeli əsasında İslam Dövlətləri Liqası yaradılmalı və ya adı dəyişdirilərək bu cür adlandırılmalıdır. Belə böhranlı vəziyyətlərdən çıxış yolu üçün siyasi müzakirələr aparılmalı və bütün İslam ölkələri tərəfindən kollektiv qərarlar qəbul edilməlidir. Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının baş katibindən Əl-Əqsa məscidinə baş çəkməsini və hazırda orada baş verən insidentlərə etiraz etməsini xahiş etdim”.
(1).jpg)
Misirli politoloq əlavə edib ki, rəsmi Qahirə bu vasitəçilikdə Kemp Devid (17 sentyabr, 1978-ci il ) sazişinə istinad edir. İsrail Qəzza zolağını Misirlə sərhəd hissəsi istisna olmaqla hər tərəfdən mühasirəyə alıb. Buna görə də yeganə çıxış nöqtəsi var. İsrail tərəfi Misirin tələblərinə cavab verərək Qüdsdə və Qəzzada gərginliyə son qoymalıdır, əks halda, danışıqların bölgəyə heç bir faydası olmayacaq.
Sonda Əşrəf Əbu Arif onu da vurğulayıb ki, ötən ilin sonlarından Yaxın Şərqdə, xüsusən də, ərəb ölkələrinin siyasi və iqtisadi sferalarda Çinə tərəf meyillənməsi ABŞ və Avropa İttifaqının Fələstin məsələsində laqeyd münasibətinə və İsrailə dəstəklərini artırmasına səbəb olub.
Törə Zeynal