Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Tehranda keçirilən görüşdə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani ilə regiondakı vəziyyəti müzakirə edib. Həmçinin iki ölkə arasında əlaqələr və onların inkişaf perspektivlərindən danışılıb.
İran Ermənistanı Azərbaycana qarşı təsir mexanizmi kimi istifadə etməyə davam edir.
Məsələ ilə bağlı Ednews-a şərh verən Finlandiyada yaşayan güneyli siyasi şərhçi Çingiz Göytürk bildirib ki, Cənubi Qafqaz bölgəsində xaos və gərginliyin davam etməsinin iki əsas aktyoru İran və Ermənistanın Təhlükəsizlik Şurasının rəhbərlərinin görüşü şübhəsiz ki, Azərbaycanın bölgədə sülhün bərqərar olunmasına yönəlik son günlərdə atdığı ciddi addımlarla birbaşa bağlıdır.
“Azərbaycan ordusunun Laçının Ermənistanla olan sərhəd bölgəsində bir sıra strateji yüksəklikləri düşməndən təmizləyib ələ keçirməsi başda İran olmaqla bölgədə terror və hərc-mərcliyi dəstəkləyən, xaosun davam etməsi üçün dəridən-qabıqdan çıxan ölkələrin təsir imkanlarını önəmli ölçüdə məhdudlaşdırdı. Artıq Azərbaycanın Qarabağ ərazisində terroru və separatizmi bəsləmək və dəstəkləmək İran və günah ortağı Ermənistan üçün keçmişdə olduğu kimi asan olmayacaq”.
Politoloqun sözlərinə görə, Azərbaycan ordusunun uğurlu əməliyyatlarının ardınca İranın ölkəmizə qarşı düşmənçilik nümayişində bir sıra ölçüsüz davranışlarının şahidi olduq.
“Azərbaycan daxilində terror hücrələrinin fəaliyyətə keçirilməsi, ölkəmizə qarşı hədə-qorxu ilə danışılması, sərhədlərimizə hərbi güc toplayıb təlimlər keçiriliməsi, Ermənistanla İran sərhədinə hərbi güc toplamaq İranın bu ölçüsüz davranışlarının sadəcə bir neçəsidir. Bu isə birbaşa İranın Qarabağ bölgəsində terroru və separatizmi bəsləməkdə, dəstəkləməkdə və dolayısı ilə bölgədə xaos, gərginlik ortamının davam etdirlməsində qarşılaşdığı çətinliklərlə bağlıdır. Hesab edirəm ki, iki ölkənin Təhlükəsizlik Şurasının rəhbərlərinin görüşü də şüursuzca atılan bu addımların davamından artıq bir şey deyil”.
Oğuz