Xəbər verdiyimiz kimi, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Ermənistan tərəfinin 11 aprel tarixində Laçın rayonu istiqamətində yerləşən mövqelərimizə qarşı təxribatı ilə əlaqədar Ermənistanı dəstəkləyən 12 aprel tarixli bəyanat qəbul edib. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi Fransaya cavab bəyanatı verib.
“Fransa tərəfini Ermənistanı növbəti təxribatlara təhrik edən, revanşist qüvvələrə dəstək verən bu kimi bəyanatlardan çəkinməyə çağırırıq”, - bəyanatda deyilir.
Bəyanatla bağlı politoloq Natiq Miri Ednews-a şərh verib. Onun sözlərinə görə, Fransa hər zaman Ermənistanın havadar dövləti olaraq çıxış edib. Bu gün də eyni siyasət davam edir.
“Bu kontekstdə Azərbaycana qarşı verilən bütün bəyanatların, eyni zamanda parlament səviyyəsində verilən qərarların hamısı heç bir hüquq və siyasi əsası olmasa da, Azərbaycana təzyiq xarakteri daşıyır. Ölkəmizə təzyiq göstərmək istəyirlər ki, Ermənistanın maraqları kontekstində Azərbaycan geri addım atsın. O ki qaldı erməniləri qızışdırmaq məsələsinə, Ermənistan bu gün Azərbaycanın beynəlxalq hüquqa uyğun 5 prinsipləri əsasında sülh müqaviləsinin imzalanmasının tərəfdarı deyil. Çünki Fransa istəyir ki, Ermənistanın maraqları sülh müqaviləsində tamamilə təmin olunsun. Eyni zamanda Qarabağda Ermənistanın yenə də təsiri altında qalsın. Fransanın təsir imkanları həm Ermənistandan, həm də Qarabağda mövcud olsun. Bu xüsusda Fransa parlamentinin Qarabağda humanitar ofis açması ilə bağlı qərarı da məhz bu niyyətlərə xidmət edir. Ancaq bu məsələlər Azərbaycanın razılığı olmadan mümkün deyil. Ona görə də Fransa beynəlxalq hüquqa zidd olaraq prosesləri, hadisələri ciddi şəkildə araşdırmadan, bu cür bəyanatlar verməsi Fransanın hüquqi dövlət olmasının üzərinə çox böyük bir kölgə salır”.
Politoloq qeyd etdi ki,Fransa Ermənistan-Azərbaycan arasındakı sərhədlər müəyyənləşəmədən son bəyanatda Azərbaycanı ittiham edərək ordumuzun Ermənistan ərazilərindən çəkilməsini tələb edir.
“Bu dolayısı ilə Azərbaycanın işğalçı dövlət adlandırması ilə eynidir. Sərhədlər müəyyənləşdirilmədiyi üçün kimin kimin ərazisində mövcud olması hələlik qeyri-müəyyəndir. Bir məsələ də Sovet dövründən qalan xəritələr məsələsidir, sadəcə olaraq Ermənistan 30 il ərzində bu ərazilərdən özününkü kimi istifadə edib. Həm əkib, həm də heyvanlarının örüşü, otlaq üçün istifadə edib. Bu gün ərazimizə əsgərimiz sahib çıxanda artıq bunu işğal faktı kimi qələmə vermək istəyirlər. Bunun da heç bir hüquqi əsası yoxdur, həmçinin sübut edəcək sənəd yoxdur. Özünü demokratiya beşiyi adlandıran Fransa kimi bir dövlətin ciddi araşdırılmamış bəyanatlarla çıxış etməsi hesab edirəm ki, onun üzərinə həqiqətən də kölgə salır”.
Oğuz