ABŞ-ın nüfuzlu “The Wall Street Journal” gündəlik qəzeti “İranın yeni dostları – Rusiya və Çin” başlıqlı məqalə yayımlayıb.
Məqalədə bildirilir ki, İran iqtisadi çətinliklərini yüngülləşdirmək və ABŞ-ın rəhbərlik etdiyi Qərbin qarşısında dayanan yeni revizionist güclər cəbhəsi qurmaq üçün Rusiya və Çinlə daha sıx əlaqələr yaratmağa cəhd edir. Mart ayında Pekinin İran və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin bərpasına dair razılaşmaya vasitəçilik etməsi İranla Çin arasında əlaqələrin yeni siyasi müstəviyə çıxması demək idi. Məqalədə qeyd olunub ki, ötən il İran Ukraynaya qarşı Rusiyanı silahlandırmaqla da öz mövqeyini açıq şəkildə bildirdi. ABŞ-a qarşı ortaq düşmənçilik Çin və Rusiyanı İranla yaxınlaşdıran başlıca səbəbdir.
İranın Çin və Rusiya ilə yaxınlaşmasını və bu yeni üçlüyün regiona ola biləcək təsirlərini Ednews-a şərh edən politoloq Ramiyə Məmmədova bildirib ki, Rusiya-Çin-İran üçlüyünun hazırda bir hədəfi və bir düşməni var – Amerika Birləşmiş Ştatları. Çinin iqtisadi cəhətdən yüksəlməsi, Rusiyanın regionda böyük siyasi gücə çevrilməsi, İranın da getdikcə qonşu dövlətlər üçün təhdidə çevrilməsi ABŞ və Avropa üçün təhlükədir. Ona görə də hər vasitə ilə bu üçlüyü dağıtmağa çalışırlar.
“Bu gün İranın regiondakı vəziyyəti bəllidir. İran özünü bütün dünyaya terrorist dövlət kimi tanıdıb. Regionda çaxnaşmalar yaratmaqla, öz qonşuları ilə münasibətlərini gərginləşdirməklə, hətta uzaq ölkələrin daxili işlərinə qarışıb münaqişə ocaqlarını alovlandırmaqla bunu hər dəfə sübut edir. Bir neçə gün bundan əvvəl İran Suriyada zəlzələdən zərərçəkənlərə humanitar yardım göstərmək adı ilə oraya silah-sursat göndərdi. Bunu etməkdə məqsəd oradakı özünə yaxın qüvvələri silahlandırıb döyüşə hazırlamaq idi. Eyni mövqeni bu gün Rusiya-Ukrayna müharibəsində də sərgiləyir. Rusiya bu gün beynəlxalq aləmdən təcrid olunmuş biri kimi bəzi ölkələrdən, həmçinin, İrandan da hərbi yardımlar alır. Ukrayna tərəfi bir neçə dəfə İranın pilotsuz uçuş aparatlarını zərərsizləşdirib. İran şiəliyi əlində bayraq edib terror fəaliyyəti ilə açıq-aydın məşğul olan bir dövlətdir. O da Rusiya kimi özünə alternativ yol axtarır və onun yönəldiyi səmtə, yəni Çinə üz tutur. Məqsəd dünya bazarında aparıcı yer tutan Çinlə daha yaxın əlaqələr qurmaq, Asiyaya istiqamətlənməkdir. Rusiya-Çin-İran üçlüyünun hazırda bir hədəfi və bir düşməni var – Amerika Birləşmiş Ştatları. ABŞ özünü neytral göstərməyə çalışsa da, sirr deyil ki, hər şeyin başında dayananlardan biri də odur. O da böhranlı vəziyyət yaşayan ölkələrdə qüvvələri həm siyasi manevrlərlə qızışdırmaqla, həm də hərbi cəhətdən silahlandırmaqla məşğuldur”.

Siyasi analitik həmçinin qeyd edib ki, nə Qərb, nə də ABŞ demokratik dəyərlərə hörmət edən tərəflərdir.
“Amerika da öz növbəsində Qərbi yanına çəkərək qarşısında təhlükəyə çevrilən Rusiya-Çin-İran üçlüyünü zərərsizləşdirməyi hədəfləyir. Çinin iqtisadi cəhətdən yüksəlməsi, Rusiyanın regionda böyük siyasi gücə çevrilməsi, İranın da getdikcə qonşu dövlətlər üçün təhdidə çevrilməsi ABŞ və Avropa üçün təhlükədir. Ona görə də hər vasitə ilə bu üçlüyü dağıtmağa çalışırlar. Bu da dünyada yeni strategiyaların, yeni nizamın formalaşması deməkdir. Dünya artıq iki deyil, bir neçə qütbə bölünüb. Son bir neçə ildir lokal savaşlar böyüyərək genişmiqyaslı müharibələrə gətirib çıxarır. Tərəflər arasında gərginlik səngiməsə, ortaq nöqtə tapılmasa, üçüncü dünya müharibəsi təhlükəsi ilə üz-üzə qala bilərik”.
Törə Zeynal