Hazırda Gürcüstanın yürütdüyü balanslaşdırılmış xarici siyasəti Rusiya ilə arasında buzları əritməyə başlayıb. Proseslərdə körpü rolunu oynayan dörd illik fasilədən sonra Rusiyadan Gürcüstanın paytaxtına ilk reys start verib.
Lakin bu Gürcüstanı Aİ-ə üzv olmaq üçün namizəd olan bir ölkə kimi Qərbin gözündən sala bilər. Belə ki, artıq reyslərin açılması Qərb dövlətlərini narahat edir. Son zamanlar Tiflislə Brüssel arasında da böhran olmasa da, ən azı gizli narazılıqlar var.
Gürcüstan 2008-ci il hadisələrini və ərazisində yaranan tanınmayan Abxaziya və Osetiya respublikalarını unadaraq sanki siyasi kurslarını dəyişərək Rusiyaya tərəf humanist addımlar atmağa başlayıb.
Görünən odur ki, Avropa Birliyinə üzv olmaq istəyən Gürcüstan Qərbdən üz döndərməyə başlayıb. Siyasi analitiklərin fikrincə, burada Rusiyanın da rolu var. Gürcüstanın siyasi manevrləri və Rusiyanın ona qarşı humanist addım ataraq hava əlaqələrini bərpa etməsi Rusiyanın Cənubi Qafqazda zəifləmiş mövqeyini Gürcüstanla möhkəmləndirmək istədiyindən xəbər verir.
Gürcüstanın dünyanın Rusiyadan üz çevirdiyi bir zamanda ona qucaq açmasında hansı məqamlar var? Gürcüstanı buna vadar edən nədir?
Gürcüstanın regionun aparıcı dövlətinə qarşı dəyişən mövqeyi və bunun pərdəarxası məqamlarını Ednews-a şərh edən politoloq Ramiyə Məmmədova bildirib ki, bugünkü gündə Gürcüstanın özündə vətəndaşlarla hökumət arasında Rusiya ilə bağlı ciddi fikir ayrılıqları var:
“Kadrlardan gördüyümüz kimi Gürcüstandan Rusiyaya gedən təyyarəni heç də xoş qarşılamadılar, hava limanında gürcü əsilli Rusiya vətəndaşları onu etirazla qarşıladılar. Ümumiyyətlə, Saakaşvillinin dövründən sonra uzun müddətdir ki, Gürcüstan-Rusiya münasibətlərində gərginlik yaşanır və gürcü cəmiyyətinin Abxaziya-Osetiya müharibəsi ilə torpaqlarının Rusiya tərəfindən ilhaq edilməsindən sonra Rusiyaya qarşı münasibəti birmənalı deyil. Gürcüstan Azərbaycan və Ermənistandan fərqli olaraq Qərbə daha yaxın olmağı ilə seçilib. Cəmiyyətin mentaliteti, hakimiyyətin Qərbə yönəlik olması - bunlar Gürcüstan cəmiyyətində bir fikir formalaşdırıb. Rusiyanı hətta Gürcüstan üçün düşmənə çevirib. Təbii ki, bu cür təəssüratın yaranmasında Rusiyanın da mənfi rolu danılmazdır. Sovetlərin dağılmasından sonra Rusiyanın səbəb olduğu lokal müharibələr – Abxaziya, Osetiya, Qarabağ məsələlərinin hər biri onun imicinə zərbə vurdu”.

Politoloq qeyd edib ki, Gürcüstanın hazırki hakimiyyəti Rusiyaya yaxın münasibət göstərməyə başlayıb. Belə ki, Rusiya müttəfiqlərini itirdiyini gördüyü üçün öz nüfuzunu bərpa etmək niyyətindədir:
“Rusiyanın Qafqaz və Asiya dövlətlərini yenidən bir tərkibə yığmaq, öz hegemoniyası altında saxlamaq istədiyini görürük. Rusiya digər dövlətlər tərəfindən təcrid olunduqca region ölkələri ilə yaxınlıq etməyə ehtiyac duyur. Onun əvvəlki qədər Avropaya çıxışı yoxdur. Qərbin sanksiyaları ilə hər tərəfdən blokadaya alınıb”.
Siyasi şərhçi onu da əlavə edib ki, Avropaya əslində nə Gürcüstan, nə də Ukrayna lazımdır. O, iqtisadi, siyasi, hərbi - hər baxımdan güclü dövlətləri öz yanında görmək istəyir, Gürcüstanın imkanları isə böyük deyil:
“O ki, qaldı Avropa birliyi ilə Gürcüstan arasındakı münasibətlərə, sual yaranır- Gürcüstanln bu gün Avropa birliyinə daxil olması nə dərəcədə realdır? Ukraynanın Avropaya bu qədər yaxın olmasına baxmayaraq, Qərb söz verdiyinin əksinə onu müharibənin qucağına atıb və savaşı bu torpaqlarda bitirməyə çalışır. Avropa çoxdan Ukraynanı öz sıralarına qəbul edə bilərdi. Fikrimcə, Avropa Birliyinə nə Ukrayna, nə də Gürcüstan lazımdır. Baxmayaraq ki, Avropa Gürcüstana divizentlər yaradıb, gürcü vətəndaşlar o ölkələrə vizasız gedə bilirlər. Buna baxmayaraq onun birliyə daxil olması sual altındadır. Çünki Gürcüstan Qafqaz dövlətidir və Avropadan çox uzaqdır. Avropa iqtisadi, siyasi, hərbi, hər baxımdan güclü dövlətləri öz yanında görmək istəyir. Gürcüstanın imkanları zəifdir. Ölkə rəhbərliyi də yəqin görür ki, son zamanlar Ukraynanın timsalında Qərbin oynadığı oyunlar, Qarabağ məsələsi ilə əlaqəli hərəkətsizliyi və yanlış addımları Gürcüstanı da eyni vəziyyətə sala bilər”.
Rusiya ilə hesablaşmağın məcburiyyət olduğuna diqqəti çəkən R.Məmmədova bildirib ki, Qafqazın, Asiyanın Qərbə inteqrasiyası, Rusiyadan qopması onlara heç bir xeyir gətirməyəcək. Rusiya ilə münasibətləri balanslı şəkildə qorumaq lazımdır.
“Rusiyanın Qarabağ məsələsindəki rolu Avropa Birliyindən daha çoxdur. sülhməramlılar yenə də Rusiya qüvvələridir. Rusiya regionun ən güclü dövlətidir. Gürcüstan da artıq bunu anlayaraq Rusiya ilə münasibətləri yoluna qoymağa çalışır. Rusiya da yəqin ki, öz tərəfindən loyallıq göstərəcək. Demirəm Abxaziya-Osetiya məsələsi həllini tapacaq, amma, Gürcütan bu məsələdə Rusiya ilə masaya oturmaq istəyə bilər”.
Törə Zeynal