“Avropa Şurası Azərbaycan və Ermənistan arasında danışıqların bərpası və qarşılıqlı inamın yaradılması üçün əlindən gələni etməyə hazırdır”.
Ednews xəbər verir ki, bunu Avropa Şurasının Baş katibi Maria Peyçinoviç-Buriç Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında çıxışı zamanı bildirib.
AŞ baş katibinin bu çıxışı bəzi suallar doğurur. Qərb həqiqətən regionda sülhü bərqərar etmək istəyir, yoxsa bu Rusiyaya bir mesajdır?
Politoloq Əhəd Məmmədlinin sözlərinə görə Qərbin Cənubi Qafqazda əsas maraqları Rusiyanın regionda təsir dairəsini, mövqeyini zəiflətməkdir.
“Hələki Ukraynada gedən müharibədə Qərblə rusiya qarşı-qarşıyadır. Ukraynada qalıcı atəşkəs imzalansa, müharibə səngisə və Qərb-Rusiya münasibətləri normallaşsa, bu iki qütbü yenidən bir-birinə yaxınlaşması baş verə bilər. Ermənistanla qarşıdurmamızın Qərb-Rusiya tərəfindən deyil, öz maraqlarımız aspektindən yanaşmalıyıq. İstər Qərb-Rusiya qarşıdurması davam etsin, istər münasibətləri normallaşsın, məhz Ermənistn-Azərbaycan münaqişəsində həmişə həm Qərb, həm də Rusiya təcavüzkarın yanında yer alıb. Ukrayna müharibəsindən əvvəl də, indi də belədir”.

Siyasi şərhçi onu da əlavə edib ki, “Dağlıq Qarabağ” yeganə münaqişə idi ki, burada Qərbin və Rusiyanın maraqları üst-üstə düşürdü.
“Bu maraqlar da Ermənistanın xeyrinə idi. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək niyyətində olub, bu yöndə də müharibə yolu ilə torpaqlarını azad edib. Hazırda müvəqqəti olaraq rus sülhməramlılarının nəzarətində olan ərazilərdə də öz suverenliyini bərqərar etmək istyəyir. Azərbaycanın ərazi bütövlüyü BMT və digər beynəlxalq təşkilatlar tərəfindən tanınır. Azərbaycanın məsələsi AŞPA və ya BMT, ya da Avropa Parlamenti və digər beynəlxalq qurumları niyə narahat edir? Bu, birbaşa beynəlxalq aləmin Ermənistan tərəfindən çıxış etməsinin göstəricisidir. Bütün bu səylər nə olursa, olsun, Ermənistanı haqlı çıxarmağa hesablanıb”.
Törə Zeynal