Azərbaycanda Qurban bayramının qeyd olunmasına və Vaşinqtonda ABŞ tərəfinin dəstəyi ilə sülh müqaviləsi üzrə danışıqların aparılmasına baxmayaraq, Azərbaycanın Qarabağ bölgəsində olan qanunsuz silahlı birləşmələr növbəti təxribata əl ataraq Azərbaycan silahlı qüvvələrinin mövqeyini atəşə tutublar. Nəticədə məlumat verildiyi kimi bir nəfər hərbi qulluqçu yaralanıb.
Ednews xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev öz Facebook hesabında yazıb.
Onun sözlərinə görə, Azərbaycan silahlı qüvvələrinin cavab tədbirləri nəticəsində qanunsuz silahlı birləşmənin 5 üzvü məhv edilib:
"Bu təxribatın törədilməsində məqsəd Vaşinqtonda sülh müqaviləsi üzrə aparılan danışıqlar prosesinə xələl gətirmək idi. Azərbaycanın Qarabağ bölgəsində qanunsuz hərbi birləşmələrin hələ də qalması ciddi təhlükə mənbəyidir. Bu qanunsuz hərbi birləşmələrin tam tərksilah edilməsi labüddir. Azərbaycan ərazisində terror mənbəyi olan bu qanunsuz hərbi birləşmələrin mövcudluğuna yol verilməyəcək".
Qeyd edək ki, ermənilərə məxsus Teleqram kanalları isə Xocavənd və Ağdərə istiqamətində 4 separatçının məhv edildiyi yazıb.
Xatırladaq ki, iyunun 27-də saat 20:05-də Ermənistan silahlı qüvvələrinin qanunsuz bölmələri Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən ordumuzun mövqelərini atəşə tutub. Atışma nəticəsində Azərbaycan ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb.