Fransanın neokolonializm siyasətinə sadiqliyi, Əlcəzair əsilli yeniyetmənin qəddarcasına qətlə yetirilməsi Makronun sonunu gətirə bilər. Bu ölkədə etirazların miqyasının genişlənməsi bunu bir daha təsdiqləyir. Görünən budur ki, etiraz edən xalq öz müqəddəratını özü həll etmək istəyir. Polis tərəfindən kütləvi zorakılıq, vətəndaş itaətsizliyi, hakimiyyət orqanları tərəfindən adekvat addım atmaq qabiliyyətinin olmadığını göstərir. Vəziyyət o qədər gərgindir ki, Makron bəzi rəsmi səfərlərini də təxirə salıb.
Ümumiyyətlə, son zamanlar Fransada baş verənlər, ölkədə artan xaos, proseslərin nəzarətdən çıxması, aksiya iştirakçılarına, media nümayəndələrinə qarşı sərt davranış və şiddət Makronun artıq diktatorlara xas olan xüsusiyyətlərini açıq götərir. Bu günlərdə Fransada Azərbaycan Televiziyasının əməkdaşlarına qarşı zorakılıq da fundamental insan hüquq və azadlıqlarının vacib tərkib hissəsi sayılan söz və ifadə azadlığına qarşı təzyiq idi.
Makronun siyasətində türkofobiya, azərbaycanofobiya və islamofobiya açıq görünür. Onun bu günlərdə Daşnaksütun partiyasının büro üzvü, Fransa erməni Təşkilatları Federasiyasının Koordinasiya Şurasının həmsədri, kriminal kimliyi ilə məşhur olan Murad Papazyana hesabat verməsi erməni millətçilərinin əlində alət olduğunu bir daha sübut etdi. Bu, Fransa prezidentinin 44 günlük müharibə və müharibədən sonrakı dövrdə öz çirkin məqsədlərinə nail ola bilmədiyini təsdiqləyir. Belə ki, Fransa Prezidenti Makron etiraf edir ki, sülh danışıqlarında Azərbaycan Prezidentinə təzyiq göstərməyə çalışsa da buna gücü çatmayıb. Belə ki, Prezident İlham Əliyev beynəlxalq siyasi arenada Azərbaycanın milli maraqlarını ardıcıl müdafiə edib və qoruyub, heç bir təzyiqi qəbul etməyib. Yəni, Makron da Azərbaycan Prezidenti qarşısında aciz olduğunu etiraf edir.
Məlumdur ki, Praqada keçirilən dördtərəfli görüşdə təşəbbüsü ələ almağa çalışan Makron çirkin məqsədinə müvəqqəti də olsa nail ola bilmişdi. Sonuncu Kişinyou görüşündə də Makron iştirakçılar adından bəyanat yaymağa can atsa da Prezident İlham Əliyevin sərt mövqeyi ilə üzləşərək geri çəkilməyə məcbur oldu və öz ölkəsindən bəyanat verməli oldu. Hətta o, Şarl Mişel və Şoltsu da öz şəxsi maraqları naminə zərbə altına qoymaqdan çəkinmədi.
Bir sözlə, Makronun qeyri-ciddi davranışları Fransa prezidentinin simasında rəsmi Parisin nə qədər ucuz siyasət həyata keçirməsinə şahidlik edirik.