Azərbaycan ordusunun Xankəndi və ətrafında mümkün “Qisas-3” əməliyyatı bir neçə gündür Ermənistanın gündəmindədir. Ölkənin mediasında aktiv müzakirə olunan bu məsələ nəyin xəbərçisidir? Rusiya sülhməramlılarının bölgədə olduğunu nəzərə alsaq, mümkün əməliyyata rusların yanaşması necə ola bilər?
Bu barədə politoloq Cümşüd Nuriyev Ednews-a bildirdi ki, növbəti əməliyyatın Xankəndidə olacağı ehtimalı çox yüksəkdir:
“Ermənilər, daha doğrusu, separatçılar Azərbaycanı bu əməliyyatları keçirməyə vadar edir. Sanki tələsirlər ki, canlarını Qarabağ bəlasından tez qurtarsınlar. Özləri də anlayırlar ki, qatar artıq gedib. İndi qızışdırıcı mövqedə dururlar ki, Azərbaycan buna reaksiya versin. Üç il əvvəl Paşinyanın Şuşada etdiyi hərəkətləri təkrarlamağa çalışırlar ki, Azərbaycanı buna sövq eləsinlər. Azərbaycan bu məsələni beynəlxalq hüquq müstəvisində də çözməyə hazırdır. Ümumilikdə isə görünən odur ki, istənilən vaxt əməliyyatlar başlaya bilər. Hansısa ölkə buna görə bizə nə bir söz deyə, nə də öz iddiasını irəli sürə bilər. Bu, Azərbaycanın daxili işidir. Əslində, Azərbaycan üç ildir – müharibədən sonra buna hazırlıq görürdü. Artıq yetişib”.
Politoloq qeyd etdi ki, ruslar bu məsələyə mənfi yanaşacaqlar, bunun əksini gözləməyə də dəyməz:
“Çünki bu separatçı oyunların hamısının arxasında Rusiya durur. Rejissorları da, baş rol ifaçıları da ermənilərlə birlikdə özləridir. Əməliyyat başlamamışdan əvvəl Azərbaycan mediasında bu məsələni ciddi qaldırmaq lazımdır. Azərbaycan təcili parlament səviyyəsində Qarabağdakı Rusiya sülhməramlılarının çıxarılması məsələsini müzakirəyə qoymalıdır. Bunun başqa yolu yoxdur.
Beynəlxalq hüquqa görə də, Rusiya sülhməramlıları Azərbaycan ərazisinə BMT-nin mandatı ilə gəlməyiblər. Biz bunu tələb etsək, burada beynəlxalq hüququn hansısa qaydası pozulmur. Görünən budur ki, Azərbaycan bu məsələlərə hazırdır. Amma biz o məsələni qaldırmalıyıq ki, biz rus sülhməramlılarının Qarabağdan çıxmasını istəyirik. İndidən bu məsələ qoyulmalıdır ki, rus sülhməramlıları ilin axırına qədər Azərbaycanı tərk etsinlər”.
Oğuz