Ermənistan baş naziri Nikol Paşinyanın bu gün Azərbaycanla sərhəddə yerləşən Basarkeçərə səfəri gözlənilir.
Bu barədə erməni mediası xəbər verir. Səfərin gündəliyi barədə heç bir məlumat verilməyib. Yalnız onun Zoda baş çəkəcəyi güman edilir.
Paşinyanın bəhs edilən səfərinin səbəbi nədir və hansı nəticələr gözləmək olar? Son günlər Laçın sərhəd keçid məntəqsindəki mövcud humanitar yardım təxribatının fonundan baş verənlər Paşinyanın səfəri ilə əlaqəli ola bilərmi?
Bu barədə Ednews-a hərbi ekspert Ramiz Şərifov bildirdi ki, bu təxribat təkcə Ermənistanın adı ilə bağlı deyil, arxasında istəsək də, istəməsək də Rusiya dayanır:
“Ali Baş komandanımızın da dediyi kimi, Bərdə, Ağdam, Xocalı yolundan humanitar yardım keçirdə bilərlər. Ermənistanın məqsədi ondan ibarətdir ki, guya Azərbaycan sərhədini qoruya bilmir. Bunu dünyaya göstərmək istəyirlər”.
R.Şərifov hesab edir ki, Paşinyanın gəlişi heç nəyi dəyişdirməyəcək:
“Birincisi, o, xalqından qorxur, ikincisi isə Qarabağda yaşayan ermənilərdən qorxur. Çünki onlar da Paşinyanın əleyhinə çıxışlar edirlər. Onun hakimiyyətdən getməyini tələb edirlər. Paşinyan yaramaz adam olsa da demokratdır. Azərbaycanla münasibətləri, əlaqələri qurmaq istəyən şəxsdir. Amma Rusiya buna əngəl olur. Paşinyan gəlib neyləyəcək ki? Humanitar yardımı silah yolu ilə sərhəddən keçirəcək? Bu qeyri-mümkündür. Yaxud da Rusiya ilə birləşib nəsə edəcək? Bu da mümkünsüz görünür. Paşinyanın gəlişi, sadəcə xalqına göstərişdir”.
Oğuz