“Dünən keçirilən BMT Təhlükəsizlik Şurasının iclasını birbaşa izlədim. Əvvəldən belə bir nəticənin olacağını gözləyirdim, buna baxmayaraq həm də həyəcanlı idim. Biz bir daha dostlarımızın, həm də düşmənlərimizin kimlər olduğunun fərqinə vardıq. Azərbaycan Beynəlxalq tribuna da bir daha öz haqlı mövqeyini sübut etdi. BMT Təhlükəsizlik Şurasının növbəti iclasında da Ermənistan öz arzusuna çata bilmədi. Baxmayaraq ki, erməni nazir Ararat Mirzoyan BMT-nin dəstəyini almaq üçün min cür yalan iddialar ilə çıxış edirdi”.
Bu sözləri Ednews-a Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev BMT TŞ-nın iclasında baş verənlərə rəy bildirərkən deyib. O, qeyd edib ki, belə bir iclas keçən ilin dekabrında da Laçın dəhlizi ilə bağlı baş tutmuşdu.
“Lakin xatırlayırsızsa, o zamanda ermənilərin istəyi tam bir fiaskoya uğramışdı. Azərbaycan beynəlxalq hüquq tərəfindən tanınan ərazisində istədiyi hər şeyi etmək hüququna malikdir.
Müşahidə etdiyimiz kimi, Ermənistan deyil, bu təşəbbüsə əsasən Fransa qol qoymuşdu. Makron düşünürdü ki, bu yolla Azərbaycana hansısa təsir göstərəcək. Lakin Azərbaycan bir daha sübut etdi ki, bu gün Qarabağda baş verən məsələlər, regionda müəyyən işləri sabitləmək ancaq onun daxili işidir və kənar qüvvələrin buna təxribatçı müdaxilələrinə hec cür izin verməyəcək.
Braziliya, Albaniya Azərbaycanın haqlı mövqeyini öz çıxışları ilə qəti şəkildə mövqe nümayiş etdirdilər, ölkəmizi müdafiə etdilər. Bu da sevindirici haldır, digər qürurverici məqam isə Türkiyənin bu proseslərdə iştirakı və öz mövqeyini açıq bəyan etməsi idi. Bu mənada ermənilərin qaldırdığı məsələ bir daha Azərbaycan diplomatiyasının növbəti uğuru ilə nəticələndi”.
Sonda Umud Mirzəyev bir daha vurğulayıb ki, bu gün ermənilərin blokada şousu ancaq siyasi kampaniyadan başqa bir şey deyil.
“Azərbaycan dəfələrlə ermənilərə yüklərin daşınması üçün Ağdam-Xankəndi dəhlizini təklif edib. Qarabağ ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası üçün görüş təkliflərini, sonuncu dəfə Yevlax görüşündən də imtina etdilər. Bu gün də bütün dünya Azərbaycanın humanitar dəhlizə ədalətli yanaşdığını, sülhü nə qədər dəstəklədiyini görür.
İclasda BMT-dəki daimi nümayəndəmiz Yaşar Əliyevin də qeyd etdiyi kimi, biz inanırıq ki, beynəlxalq ictimaiyyət ilk növbədə, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi yolu ilə hər iki ölkənin legitim maraqlarına uyğun olaraq, bərabər və qarşılıqlı hörmətə əsaslanan bu yanaşmanı dəstəkləyəcək.
Ümid edirəm ki, yaxın zamanlarda Laçın sərhəd keçid məntəqsində baş verən siyasi şoular başa çatacaq. Artıq bu erməni vandalları, əllərindən başqa iş gəlməyən separatçı cinayətkarlar beynəlxalq camiəyə hansısa uşaqların aclıqdan ölməsi ilə bağlı hekayələr yaymaqla məşğuldurlar. Onlar unudurlar ki, haqq nazilər, amma üzülməz. Bu gün Azərbaycanın haqlı mövqeyi beynəlxalq ictimayyət tərəfindən qətiyyətlə qəbul edilməkdədir”.
Oğuz