Xəbər verdiyimiz kimi, sentyabrın 11-i Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd göstəriblər. Belə ki, qeyri-qanuni erməni silahlı dəstələri itin üzərinə uzaqdan idarə olunan əldəqayırma (improvizə edilmiş) partlayıcı qurğu bağlayaraq mövqelərimiz istiqamətində hərəkət etməyə məcbur ediblər.
Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində erməni silahlılarının terror-təxribat əməlinin miqyasını böyütmək və şəxsi heyətə daha çox xəsarət yetirmək məqsədilə mövqelərimizə daxil olan itin üzərindəki əldə düzəlmə partlayıcı qurğunu işə salmaq cəhdinin qarşısı alınıb.
Bu barədə Ednews-a Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev münasibət bildirib. Onun sözlərinə görə, BAMF dəfələrlə Ermənistanın təxribatlarına qarşı bəyanatlar yazıb, beynəlxalq təşkilatlara bəyanatları göndərib. Hazırkı hadisə də ermənilərin növbəti faktıdır. İndi separatçı erməni silahlı dəstələri təxribat məqsədilə heyvanlardan istifadə edir:
“Son dövrlər Ermənistan çirkin əməllərindən əl çəkmir. Minalardan sonra keçiblər heyvanlara zərər vurmağa. Həm də bunu bütün dünyanın gözü qarışısında edirlər. Dəfələrlər etdikləri təxribatlar, terrorlar, torpaqlarımızı minalarla çirkəndirməkləri onları dayandırmır. Uşaqlara, günahsız insanlara qarşı etdikləri vandalizm də unudulmur. Mənim evimi viran günə qoyublar, torpağımı mina ilə çirkləndiriblər. Onların bu gün etdikləri insanlıq adına utanc verici bir haldır. Günahsız bir itin üzərində partlayıcı qurğunu işə salmaq, nə deməkdir? Bu hansı insanlığa sığır? Dünyanın gözü Cənubi Qafqaz regionundadır, bunların etdikləri ağlasığmaz addımdır. BAMF “Evdə sülh, ölkədə sülh, cahanda sülh” devizini seçərək konfliktlərin barışla sonuclanması üçün daim səy göstərir. Son hadisələrlə bağlı bəyanat da qəbul etmişik”.
U.Mirzəyev qeyd etdi ki, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan və bu barədə düşünməyən işğalçı Ermənistan davamlı təxribatları ilə regionda “gündəm” yaratmağa davam edir:
“Bu təxribatlarını da qətiyyətlə pisləyirəm. Beynəlxalq ictimayyətə səslənirəm ki, Azərbaycanın haqq səsini eşitsinlər. Dövlətimizin qətiyyəti, xalqımızın iradəsi, tarixi faktlara, real həqiqətlərə əsaslanan təbliğatımız fonunda beynəlxalq dəstək, münaqişənin həlli üçün möhkəm hüquqi bazanın yaradılması problemin tezliklə öz ədalətli həllini tapacağına əsas yaradır. Dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq qurumlar, nəhayət, həqiqəti anlamalı və Cənubi Qafqazda sülhün, insan haqlarının qorunmasının həlli üçün Ermənistana və separatçı rejimə qarşı sanksiyalar tətbiq etmək üçün konkret addımlar atmalıdır. BMT-nin 4 qətnaməsini xatırlatmaq istərdim, təəssüf ki, Ermənistanın və separatçı rejimin bu qətnamələrə məhəl qoymamaları elə bu beynəlxalq nüfuzlu qurumun və dünya ictimaiyyətinin biganə qalması işğalçı dövlətin belə hərəkət etməsinə rəvac verir”.
Oğuz