"Müharibənin başa çatmasından üç ilə yaxın vaxt ötür, amma Ermənistanın mina terroru hələ də davam edir. Bu vaxta qədər 300-dən çox azərbaycanlının mina qurbanı olması əslində insanlıq faciəsidir. Ötən gün daha bir hərbçimiz Ağdam rayonu ərazisində minaya düşdü. Məlum oldu ki, hadisə bölmələrimizin təminat yolunda qeyri-qanuni erməni silahlı dəstələrinin kəşfiyyat-diversiya qrupu tərəfindən təxribat məqsədilə basdırılmış piyada əleyhinə minanın partlaması nəticəsində baş verib".
Bu sözləri Ednews-a açıqlamasında millət vəkili Könül Nurullayeva deyib. Onun sözlərinə görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların basdırılması və minalanmış ərazilərin dəqiq xəritələrinin verilməməsi Ermənistanın beynəlxalq humanitar hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır:
"Nəzərə alsaq ki, Ermənistanın ölkəmizə qarşı törətdiyi mina terroru hərbi qulluqçularla yanaşı mülki şəxslərin həyatını itirməsinə və ya yaralanmasına səbəb olur. Eyni zamanda, mina təhlükəsi heç şübhəsiz, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışına da təsir edir. Təəssüf ki, aidiyyəti beynəlxalq təşkilatlar Ermənistanın mina terrorunun dayandırılması, işğaldan azad olunmuş ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələrinin ölkəmizə təhvil verməsi ilə bağlı qəti addımlar atmır. Bu laqeydlik səbəbindən bölgədə daha şox insanın mina qurbanı olmaq riski də qalır.
Məlumdur ki, Ermənistan Gümrüdəki zavodda mina istehsalını davam etdirir. Üstəlik, evlərin və həyətyanı sahələrin girişinə quraşdırılan tələ məftili ilə işə düşən, Ermənistan istehsalı olan minaların altına əl qumbarası yerləşdirilməsi faktları aşkar olunmaqdadır.
Yüksək partlayışın baş verməsi məqsədilə partlayıcı qurğuları birləşdirməklə faciənin miqyasını böyütmək insanlıq əleyhinə düşünülmüş xəyanətkar xislətin göstəricisidir. Belə faktlar Ermənistanın regionda sülhə və təhlükəsizliyə, ətraf mühitə qarşı məkrli niyyətinin göstəricisidir.
BMT-nin 2030-cu il üzrə Davamlı İnkişaf Gündəliyinin məqsədlərinə nail olunmasında da minatəmizləmə xüsusi yer tutur. Azərbaycan da mina təmizlənməsi sahəsində bütün təkliflərə açıqdır. Sadəcə, beynəlxalq səviyyədə Ermənistana təzyiq olmalıdır.
Çünki məhz postmünaqişə dövründə mina terrorunu davam etdirməklə Ermənistan ən ağır cinayətlər silsiləsini davam etdirir. Xatırlatmaq yerinə düşər ki, işğal dövründə də Ermənistan mülki insanları hədəf alır, hətta azyaşlıları da qətlə yetirməkdən çəkinmirdi. Postmünaqişə dövründə də eyni terrorçu mahiyyətin davam etməsi qəbuledilməzdir. Biz müharibədən sonra regionda sülh və təhlükəsizliyin qorunması istiqamətində addımlar atmalıyıq".
Oğuz