Xankəndi şəhəri ərazisində yerləşən müəyyən inzibati binalarda xeyli sayda partlayıcı qurğular aşkarlanıb. ANAMA əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı ərazinin girişində yerləşən boruların içərisində sürpriz formaya salınmış əl qumbaraları, habelə otaqlarda yerləşən çəkməcələrdə, pərdələrin arxasında, hərbi jiletlərin ciblərində, binanın zirzəmisində əl qumbaraları və yüksək partlayış gücünə malik müxtəlif hərbi sursatlardan ibarət tələ qurğuları aşkarlanıb. Eyni zamanda, yüksəklikdən buraxılaraq partlayış törətmək və geniş radiusda qəlpələnmə yaradılması məqsədilə minaatan mərmiləri, qəlpələnən bombletlər, VOQ-17 silah qumbaralarından ibarət improvizə olunmuş partlayıcı qurğulara rast gəlinib.
Məsələ ilə bağlı Ednews-a danışan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti, ANAMA yanında İctimai Şuranın sədri Umud Mirzəyev qeyd edib ki, torpaqları tərk edən erməni separatçılar müxtəlif üsullardan istifadə edirlər. O, qeyd edib ki, istər regionda hər hansı bir fəaliyyət göstərən, mina axtaran, istərsə də sosial, humanitar xarakterli layihələr aparan, təhlükəsizliklə bağlı fəaliyyət göstərən hər bir vətəndaşımız, heç vaxt ayıq-sayıqlığını itirməməlidir.
“Onlar ilk növbədə təhlükəsizlik haqqında düşünməlidirlər. Bir günlük əməliyyatdan sonra müsadirə edilən silah-sursat onu göstərir ki, erməni separatçıları nə qədər böyük silahlanmaya önəm veriblər. Bütün fəaliyyətləri, niyyətləri ancaq dağıdıcı məsələlər olub. Yaradıcı düşünmək, qurmaq, tikmək, insanların rifahı haqqında çalışmaq barəsində qəti düşünməyiblər. Qarabağın digər bölgələri kimi, o cümlədən Xankəndi və onun ətrafında yayılan görüntülərdən aydın olur ki, onlar bütün güclərini bu işlərə sərf ediblər. Ona görə də çağırışımız odur ki, işğaldan azad edilən bölgələrə icazəsiz getmək birmənalı şəkildə qadağan edilsin. İkinci məsələ isə gedən adamlar maarifləndirici materiallarla tanış olmadan, müəyyən təlimatlar keçmədən ümumiyyətlə, regionda fəaliyyət göstərməsinlər. Bəlkə də dünyada ermənilərin Azərbaycana qarşı törətdiyi mina sürprizlərini heç yerdə görmək mümkün deyil. Separatçılar bütün istedadlarını bizə qarşı yönəldiblər”.
Oğuz