Ukrayna müharibəsi başladıqdan sonra dünyanın bir çox ölkələri Rusiyanın hücumunu sanksiyalarla qınadı. Qərb dövlətləri Ukraynanın özünümüdafiəsi üçün külli miqdarda maddi vəsait və silah-sursat yardımı ayırdı. Rusiya çoxlu sayda iqtisadi sanksiyalara və siyasi təzyiqlərə məruz qalsa da öz müharibəsinə davam etməkdədir.
Bütün siyasi təzyiqlərə rəğmən Rusiyanın da öz növbəsində dəstəkçiləri var.
Rusiyaya hazırda embarqo qoyan Avropa dövlətləri 2015-dən 2021-ci ilə qədər ölkəyə 346 milyon dəyərində silah təchizatı ixrac etmişdir. Embarqodan sonra Avropa ölkələrinin Rusiyaya hər hansı hərbi təchizatların ixrac edilməməsi haqqında razılaşma əldə olundu. Hər nə qədər gündəmdə olmasa da, belə bir fakt var ki, Fransa, Almaniya, İtaliya, Bolqarıstan, Avstriya, İspaniya və Macarstan kimi ölkələr Rusiyaya davamlı şəkildə hərbi məhsullar ixrac etmişdir. Bu ölkələrin Rusiya ilə hərbi ticari əlaqələrini ləğv etməsi Rusiya ordusunun silahla təmin olunması üçün alternativ axtarmasına gətirib çıxardı.
Rusiyanın müharibədən əvvəl və sonra ən yaxın tərəfdaşı olan Çin, Ukrayna savaşına görə Rusiyanı qınamadı və Qərb müttəfiqlərinin sanksiyalarının qlobal iqtisadi balansı pozduğunu bildirdi. Çin höküməti Qərb tərəflərinin Rusiyaya siyasi-iqtisadi sanksiyalar tətbiq edərək Çini də çətin vəziyyətdə qoyduqlarını iddia edib. Tutduğu siyasi mövqe ilə atacaq növbəti addımları haqqında düşündürən kommunist höküməti Rusiyaya hərbi-iqtisadi yardımlar edib. Beləki, Qərb ölkələrinin Rusiya iqtisadiyyatında yaratdığı boşluğu Çin doldurmaqdadır. İki ölkə arasındakı ticari dövriyyə 2021-ci ildə Rusiyanın Çinə ixracının 14%, idxalının isə 43% artması ilə özünün rekord həddinə çatmışdır. Müharibədən əvvəl Avropa ölkələrinin idxal etdiyi məhsullar artıq Çin tərəfindən idxal edilir ki, bu da iqtisadi balansın qorunmasında ölkəyə ən böyük dəstəkdir. Rusiyanın ən çox hasil edilən təbii resurslarından biri olan təbii qazın Çinə ixracı 2022-ci ildən 2021-ci ilə nəzərən 2 dəfə artıb. Xam neft ixracı isə gündə 1.65 milyon barelə çatıb.
Bundan əlavə bir çox hərbi zavodlar Rusiyanı hərbi texnologiyalarla təmin etmək üçün işləyir. Buna hərbi dronlar, naviqasiya avadanlıqları, döyüş təyyarələri, top artilleriyası, tank və digər ağır arsenalı mərmiləri aiddir. Təkcə bu ilin mart ayına qədər Çin Rusiyanı 12 milyon dollar dəyərində hərbi dron və dron avadanlıqları ilə təmin edib. Belə bir məqam var ki, Rusiya bütün bu ticarəti Çin valyutası yuandan istifadə edir. Bununla da, yuanın istifadəsi 10 dəfədən çox artmışdır. Rusiya Mərkəzi Bankını verdiyi məlumata əsasən, Rusiya ixracında yuanın payı 2022-ci ilin sentyabrına qədər yarım faizdən az idisə, hazırda bu 14% təşkil edir. Bazarda dövriyyəsi artan yuanın gələcəkdə daha da dəyərlənməsi gözlənilir.
Rusiyanı müharibədə silahla təmin edən başqa bir ölkə də Şimali Koreyadır. Şimali Koreya Rusiyaya peyk texnologiyaları qarşılığından silah satmaqdadır. Təkcə avqust ayından etibarən Şimali Koreya Rusiyaya bir milyondan artıq artilleriya mərmisi ixrac edib. Hesablamalara görə bu silah satışı Rusiya qüvvələrini Ukraynada iki ay üçün silahla təmin edib. Hərbi sənayesi ÜDM-nin böyük bir hissəsini təşkil edən Şimali Koreyanın hərbi sursatlar ixract etməsi onun Rusiyanın siyasi vəziyyətindən faydalanması deməkdir. Müharibə davam etdikcə Şimali Koreya rəhbərliyi Rusiyaya hərbi təchizatların göndərilməsi məsələsində dəstək olur. Buna baxmayaraq, hökümət bu barədə heç bir KİV-də məlumat yaymayıb.
Fərid Axund