Fransa vətəndaşlarının əksəriyyəti 2027-ci ilin prezident seçkilərində "Milli Birlik" parlament fraksiyasının lideri Marin Le Peni dəstəkləməyə hazırdır.
EDnews-un məlumatına görə, bunu "Le Figaro" qəzeti və LCI televiziyasının sifarişi ilə Fransa İctimai Rəy İnstitutu (IFOP) tərəfindən aparılan sorğunun nəticələri göstərir.
Sorğu 7-8 iyulda 18 yaşdan yuxarı 984 nəfər arasında aparılıb.
Le Penin əsas rəqibləri Fransanın iki keçmiş baş naziri olacaq: mərkəzçi "Renessans" Partiyasının lideri Qabriel Attal və prezident koalisiyasının bir hissəsi olan "Üfüqlər" Partiyasının rəhbəri Eduard Filip. Le Pen sorğuda səslərin 36 %-ni toplayıb, respondentlərin 15 %-i Attala, 19 %-i isə Filipə səs verəcəklərini bildirib.
İkinci turda respondentlərin əksəriyyəti də Le Penə səs verməyə üstünlük verib: o, Filipə qarşı səslərin 54 %-ni, Attala qarşı isə nəticəsi daha yaxşı – 55 % -i əldə edə bilər.
Çərşənbə axşamı Paris Apellyasiya Məhkəməsi Le Penin seçkilərdə iştirakına qoyulan qadağanı 15 aya endirərək bu məhdudiyyəti faktiki olaraq aradan qaldırıb. Məhkəmə həmçinin parlament köməkçiləri işində onun həbs cəzasını üç ilə endirib. Le Pen iki il şərti cəzaya məhkum edilib və əlavə bir il elektron bilərzik taxmaq əmri verilib. Partiya iclasından sonra Le Pen özü qərardan Kassasiya Məhkəməsinə apellyasiya şikayəti verəcəyini və 2027-ci ilin prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.







