"Şuşada keçirilən Qlobal Media Forumu artıq ənənəvi xarakter alıb və beynəlxalq media əməkdaşlığının inkişafı baxımından mühüm platformaya çevrilib".
Millət vəkili Ceyhun Məmmədov bunu EDnews-a danışarkən bildirib.

Deputatın sözlərinə görə, forum dünyanın müxtəlif ölkələrindən media nümayəndələrini Azərbaycanda bir araya gətirir və bu, ölkənin beynəlxalq informasiya məkanında mövqeyinin gücləndirilməsi üçün böyük əhəmiyyət daşıyır.
Ceyhun Məmmədov qeyd edib ki, belə tədbirlər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, eləcə də Ermənistanın uzun illər apardığı dezinformasiya siyasətinin ifşa olunması baxımından xüsusi önəm kəsb edir.
Onun fikrincə, müasir dövrdə mübarizə təkcə döyüş meydanlarında deyil, həm də informasiya və sosial media məkanında aparılır. Bu səbəbdən Azərbaycanın informasiya siyasətini gücləndirməsi və beynəlxalq auditoriyaya düzgün məlumat çatdırması strateji əhəmiyyət daşıyır.
Millət vəkili vurğulayıb ki, Şuşa Qlobal Media Forumu bu istiqamətdə mühüm rol oynayır və Azərbaycanın beynəlxalq informasiya mühitində mövqeyinin möhkəmlənməsinə xidmət edir.
Ceyhun Məmmədov əlavə edib ki, forum çərçivəsində Azərbaycan Prezidentinin çıxışları və səsləndirdiyi mesajlar da beynəlxalq ictimaiyyət üçün mühüm əhəmiyyət kəsb edir.
Onun sözlərinə görə, dövlət başçısının regional və qlobal proseslərlə bağlı mövqeyini açıq şəkildə ifadə etməsi Azərbaycanın baxışlarının dünya ictimaiyyətinə çatdırılmasına mühüm töhfə verir.
Qeyd edək ki, iyulun 13-14-də “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumu keçiriləcək.








