Süni intellekt günü-gündən inkişaf etməsinə baxmayaraq dünyamız üçün təhlükəyə çevrilməkdədir.
Süni intellektin insanlığa zərərləri barədə danışan IT mütəxəssisi Əhməd Zuhair Arqoub Ednews-a bəzi məqamlar barədə özəl açıqlama verib.
O bildirib ki, süni intellekt texnologiyaları müxtəlif sahələrdə istifadə edilir. Bu, dünyada göstərilən xidmətlərin səviyyəsini yüksəldir və ümumilikdə texnologiyanı inkişaf etdirir.
“Buna baxmayaraq süni intellektin mənfi tərəfləri də var. Süni intellekt texnologiyaları bəşəriyyəti məhvə sürükləyən məsələlərdə istifadə edilə bilər. Süni intellekt texnologiyalarında davamlı inkişaf prosesi və sürətlənmə, onun vasitəsilə müstəqil olaraq işləmək, izləmək və idarə etmək imkanı bu texnologiyanın yaxın gələcəkdə nəyə səbəb olacağı barədə bizi düşünməyə vadar edir. Bu, bəşəriyyətə həqiqətən zərər verə bilərmi?”
Ekspert qeyd edib ki, süni intellektin bəşəriyyətə mənfi təsirlərini müzakirə etmək hələ tez ola bilər. Lakin şübhəsiz, bu gün süni intellekt texnologiyaları inkişaf etməkdədir.
“Bu inkişaf nəticəsində, yaxın gələcəkdə yeni xidmət sahələri və peşələr yaranacaq. Burada hansı xidmətlərdən yararlanmağı özümüz seçəcəyik”.
Qeyd edək ki, bir neçə gün əvvəl mütəxəssislər tərəfindən süni intellekt texnologiyalarının inkişafı nəticəsində bəşəriyyətin yaxın gələcəkdə məhv olması ilə bağlı xəbərdarlıq edilib.
Loğman Yunis