Bəzi ixtisaslar üzrə xaricdə ali təhsil almış şəxslərüçün peşə tanınmasına dair imtahan keçiriləcək.
Ednews xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin cari ildə təsdiq edilmiş Qərarına əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xaricdə təhsil almış şəxslərin Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən sınaq imtahanında iştirak etmələri tələb olunur.
Qərarla bağlı danışan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov Ednews-a açıqlamasında qeyd edib ki, imtahanlar Nazirliyin tabeliyində olan “Təhsildə Keyfiyyət Təminatı Agentliyi”nin sifarişi ilə DİM tərəfindən keçiriləcək.
“Hesab edirəm ki, bu istiqamətdə qüvvəyə minən qərar müvafiq olaraq münasibətləri də tənzimləyəcək. 3 ixtisas – hüquq, mühəndislik və müəllimlik üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən imtahanların keçirilməsi, eyni zamanda tibb ixtisası üzrə proqramın məzmununun qiymətləndirilməsi üçün Səhiyyə Nazirliyinə müvafiq rəyin verilməsi nəzərdə tutulub. Burada söhbət xaricdə təhsil almış şəxslərin diplomlarına münasibətdə və Azərbaycanda əmək bazarının tələbləri çərçivəsində müvafiq biliklərin yoxlanılmasından gedir”.
.jpg)
Ekspert qeyd edib ki, bu qərar beynəlxalq normalar nəzərə alınmaqla verilib və bununla bağlı indiyə qədər narazılıq olmayıb.
“Proses şəffaf qaydada aparılır, bu və ya digər neqativ hal yaşanmayıb. Mühəndisliyə aid bir çox ixtisas var ki, onlar Azərbaycanda yoxdur. Onların ekvivalenti müəyyənləşdirilib. Ona görə də xaricdə məhz bu ixtisaslar üzrə təhsil almış məzunların bilik səviyyəsi qiymətləndirilməlidir. Bu, müəllimliyə də aiddir. Bilirsiniz ki, bu sahə üzrə diplomların tanınması tək işə qəbul prosesində kifayət etmir. Müəllimlərin işə qəbulu ilə tamamlanır. Düşünürəm ki, öz bilik və savadına güvənən mükəmməl təhsil almış məzunlar üçün bu məqamda problem olmayacaq”.
İ.Orucov onu da əlavə edib ki, bəzi xarici ölkələrin təhsil səviyyəsi məzunların biliyinin yenidən yoxlanılmasını tələb edir.
“Xüsusilə tibb ixtisasları üzrə kifayət qədər gəncimiz Avropanın, Türkiyənin nüfuzlu universitetlərində təhsil alır. Onların diplomlarının tanınması ilə bağlı heç vaxt problem yaşanmayıb. Bu problem daha çox Ukrayna, Rusiya, Gürcüstanda özəl müəssisələrdə təhsil alanlarla yaşanır. Sözügedən qərar ümumi yanaşma tələb edir. Bu baxımdan düşünürəm ki, peşə biliyinin yoxlanılması ilə bağlı Dövlət İmtahan Mərkəzində imtahanların keçirilməsi ədalətli və düzgün yanaşmadır. Bu, beynəlxalq təcrübədə də öz əksini tapır”.
Törə Zeynal