Azərbaycan “Türkmənçay” adlı mənfur andlaşmaya birdən-birə gəlib çıxmadı

Akademik Ramiz Mehdiyevin “Qriqorian kilsəsi səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” kitabı ilə bağlı qeydlər

Cəmiyyət 22:50 14.06.2019
Bu günlərdə hörmətli akademikimiz Ramiz Mehdiyevin 2019-cu ildə Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən Azərbaycan dilində nəşr edilən“Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” kitabı ilə tanış oldum. İlk öncə onu qeyd edim ki, bu kitab Azərbaycanın siyasi tarixşünaslıq elmində Qriqorian kilsəsinin və o cümlədən də bir çox hallarda erməni ruhanilərinin havadarı kimi çıxış edən Vatikanın tarixi Azərbaycan və Türk dövlətlərinə qarşı təxribatı fəaliyyətlərinin araşdırılması baxımından çox mükəmməl tədqiqat əsəridir.Kitabla tanış olduqca başa düşürsən ki, bir-çox məğlubiyyətlərimizin əsasında bu xəyanətlərin təsir yükü heç də az olmamışdır.Bu baxımdan hörmətli akademik Ramiz Mehdiyevin sözü gedən tədqiqat əsərinin işığında “Azərbaycan “Türkmənçay” adlı mənfur andlaşmaya birdən-birə gəlib çıxmadı”təhlil yazımı qələmə aldım.
 
XIV əsrin 20-ci illərində  oğuz türkü Osmanın adı ilə Kiçik Asiyada Osmanlı adlandırılmış feodal knyazlıq yarandı. Bu dövlətdə müxtəlif türk tayfalarından və yerli əhalinin bir hissəsindən formalaşmış xalqı, türk-osmanlılar adlandırmağa başladılar.
 
XIV əsrin sonlarında şimal-şərqdə Canik (Samsun), şərqdə Sivas, cənub-şərqdə Karamanadək bütün Anadolu bəylikləri Osmanlı dövlətinin tərkibinə daxil oldu. XV əsrin əvvəllərində Anadoluya özünün çoxsaylı qoşunu ilə soxulmuş Teymur (1402-ci il Ankara döyüşü) I Sultan Bəyazidi (1389-1402-ci illərdə hakimiyyətdə olub) məğlubiyyətə uğratdı və sultan əsir düşdü. Anadolunun böyük bir hissəsi əvvəlki bəyliklərə bölündü.
 
Yalnız Sultan II Murad (1421-1451-ci illərdə hakimiyyətdə olub) 1444 və 1448-ci illərdə xaç yürüşü ordularını əzdi, onun oğlu II Mehmet isə (1451-81-ci illərdə hakimiyyətdə olub) demək olar, iki aylıq mühasirədən sonra Konstantinopolu aldı (29 may 1453-cü il). Bizans imperiyasının mövcudluğuna son qoyuldu, Konstantinopol (İstanbul) isə Osmanlı imperiyasının paytaxtına çevrildi.
 
Artıq bu dövrdən  başlayaraq regionun  daimi faktoru  türklər idi.
 
Bu zaman regionda ikinci böyük bir türk dövləti  Qaraqoyunlu mövcud idi. 1441-ci ildə, xaç yürüşlərinə dəstək vermiş erməni kilsəsi öz varlığını II Muraddan qorumaq üçün Qaraqoyunlu dövlətinin hakiminin-Cahan şahın qanadının altına sığınır.Ermənilər bütün imkanlardan istifadə edərək  kilsə mərkəzlərini  Qafqaza köçürmək üçün (1436-1467) Cahan şahdan belə bir icazə almağa müyəssər olurlar.Bu barədə akademik Ramiz Mehdiyevin sözü gedən kitabında ətraflı məlumat verilir: “Orta əsrlərin erməni salnaməçisi Arakel Davrijetsi(1590-1670) erməni ruhanilərinin rəhbəri, patriarx Zakariyanın Cahan şahla görüşündən xəbər verir. Salnaməçi bildirir ki, Qaraqoyunlu hökmdarı Qriqorian kilsəsi üçün müasir İrəvanın yaxınlığında-Eçmiədzində torpaq sahəsi ayırır: “Hökmdar-Cahan şah və şahbanu Bəyim xatın onu (patriarxı) böyük hörmətlə qarşılyıb şərəfinə ziyafət təşkil etdilər, xələt bağışladılar, müdrik Qriqorun müqəddəs çürüməyən əlini və patriarx titulunu təqdim etdilər. O, Tanrının köməkliyi, müqəddəs Lusaroviçin izni və padşahın əmri ilə müqəddəs Eçmiədzinə, müqəddəs Qriqor tərəfindən ucaldılmış müqəddəs kilsəyə gəlib Tanrının və həvarilərin təsviri olan taxt-taca çıxdı, kainatın bütün guşələrində yaşayan xristian xalqının (ermənilər nəzərdə tutulur-R.M.) patriarxı oldu (Ramiz Mehdiyev “Qriqorian kilsəsi səfəvilər dövlətinə qarşı casusluq aləti kimi XVII əsr və  XVIII əsrin birinci rübü”, Azərbaycan Dövlət Tərcümə Mərkəzi. Bakı: 2019 - səh. 16)”.
 
Maraqlı budur ki, patriarx Zakariya nəyin müqabilində bu icazəni Cahan şahdan ala bilir və nədən müsəlman Qaraqoyunlu dövləti erməni kilsəsinin himayəçisi rolunda çıxış edir.O dövrdə Qaraqoyunlu dövlətində dinlərin geniş rəng və çalarları mövcud idi.Qeyri müsəlmanlarda – Yəhudiliydən ortodoks xristianlığına qədər və həmçnin  müqəddəslərə pərəstiş geniş yayılmışdı; bunlarla yanaşı, islamla çulğalaşaraq və ya onu əvəzləyərək, cadugərlik, bütpərəstlik, günəşpərəstlik, animizm, fetişizm, əcdadlara sitayiş kimi müsəlmançılığa qədərki dini etiqad və pərəstişlər də mövcudiyyətin sürdürürdü. Bir çox köçəri türkmən tayfaları o dövrdə ruhlara qurban kəsir və onlardan xəstəliklərdən izalə olunmalarını istəyirdilər.
 
Qaraqoyunlu dövlətinin  ölkə içərisindəki yaşanan  dini mühiti və ərsəyə gələn mənəvi irsi bu cür idi. Buda zəif islami sütünları olan bir dövlətdə digər dini cəryanların sərbəst inkişafına şərait yaradırdı.Ancaq burda bir məqamı da unutmaq lazım deyil ki,XIII-XV əsrlərdə Qara dənizdəki Trabzon limanı erməni tacirlərinin əlində idi və dünya ticarət dövriyyəsində onların xüsusi payı vardı. Bax, Osmanlı sultanlarından özlərini qoruyan bu zəngin ermənilərin görünür ki, Cahan şahı “razı salmaqlarında” fəaliyyətləri də nəzərdən qaçmamalıdır.Erməni kilsəsinə verilən səlahiyyətlər o qədər çox idi ki, bu barədə akademik Ramiz Mehdiyev xüsusi qeyd edərək yazır: “Taxt-tacı Azərbaycan ərazisinə-Eçmiədzinə köçürdükləri (1441) andan, erməni din xadimləri maddi vəziyyətlərini sürətlə yaxşılaşdırır, kilsənin yerləşdiyi ərazinin miqyasını genişləndirirdilər. Daimi vergi güzəştləri və dövlət yardımı, Səfəvilər(Cahan şahdan sonra yaranmış  Azərbaycan dövlətlərində -A.M.) dövlətində və xaricdə yaşayan ermənilərin illik ianələri, xristian missioner təşkilatlarının maddi köməyi Eçmiədzini dövrün iri torpaq sahibinə çevirmişdi, daşınmaz əmlakdan gələn gəlir də ilbəil artırdı.
 
  ...Eçmiədzin monastırı-Ermənistan patriarxı katolikosun iqamətgahı təkcə vəqflər, yəni müxtəlif vaxtlarda kilsəyə vəsiyyət və hədiyyə edilmiş daşınmaz əmlakla məhdudlaşmırdı. Yeri gəlmişkən, bu əmlakı müsadirə etmək, girov qoymaq və ya şəxsi mala çevirmək mümkün deyildi.Eçmiədzin rahiblərinin Süleyman şaha yazdıqları təvəqqenamə hökmdarın hicri tarixlə 1091-ci ildə (1680), ramazan ayında imzalanmış fərmanına əlavə olunub. Sənəddə oxuyuruq ki, monastır “bir miqdar malikanəyə, bağa və dəyirmana malikdir, onlardan bəzisi kilsənin vəqf əmlakına aiddir, digər hissəsi isə bu təvəqqenaməni yazanların vəsaiti-qızılı hesabına alınıb(Ramiz Mehdiyev “Qriqorian kilsəsi səfəvilər dövlətinə qarşı casusluq aləti kimi XVII əsr və  XVIII əsrin birinci rübü”, Azərbaycan Dövlət Tərcümə Mərkəzi. Bakı: 2019 -   səh 46)”.
 
Artıq bu dövrdə avropa səhnəsində Osmanlı imperiyası tərəfindən getdikcə artan  təhlükə bir-biri ilə müharibə aparan xristian dövlətlərinin yaxınlaşmasına gətirib çıxardı. 1667-ci ildə, üçillik danışıqlardan sonra Andrusovda Avropa dövlətləri arasında barışıq imzalandı.
 
Artıq Andrusov sülhündən sonra Osmanlı imperiyasına qarşı koalisiyanın yaradılması üçün Moskvadan Andrey Vinius elçi kimi Reç Pospolitayaya (Polşaya) və  ingilis kralı II Karlın yanına göndərildi.
 
Reç Pospolitiyanın (Polşa) 1672-ci ildə Osmanlı imperiyası ilə müharibədə tam məğlubiyyəti Moskvanı   qızğın diplomatik addımlar atmağa sövq etdi. Moskva general Menezini Brandenburq kralının  yanına, Vyanaya, Venesiyaya, Papanın hüzuruna, Andrey Vinius isə Fransa və İspaniyaya, Yemelyan Ukrainsevi isə İsveç və Hollandiyaya göndərdi. Rus elçilərinin əsas məqsədi  bu hökümdarları Polşaya kömək etməyə  sövq etmək idi.1680-ci ildə Moskvanın inadla çalışdığı hadisə baş verdi, bütün Avropa ölkələri Osmanlı imperiyasına qarşı mübarizə aparmaq üçün birləşdilər. Fransa, Venesiya, Brandenburq, Reç Pospolotiya və Moskva ümumi ittifaq bağladılar. Rusiyanın payına Krımla müharibə düşdü. Moskva ilə Reç Pospolotiyanın Andrusov barışığı əsasında “əbədi sülh” haqqında müqaviləsini imzalaması antitürk koalisiyasının yaradılmasına yol açmışdı.Vyana ətrafında məğlubiyyətdən sonra Osmanlı imperiyası qürub zolağına daxil oldu və  bu məğlubiyyət əsrlərcə Osmanlı hökmranlığı altında yaşamış xristian əhalisindən və xüsusən də ermənilərin xəyanətindən  mərkəzi hakimiyyətə qarşı istifadə edilməyə başlanıldı. Bu barədə akademik Ramiz Mehdiyevin çox maraqlı qeydi var: “Qərb və Rusiya diplomatiyasının tarixinə nəzər salsaq məlum olur ki, onların erməni ruhaniləri və icmaları ilə qarşılıqlı iş birliyi həmişə mövcud olub. Bu amil XVII-XVIII  əsrlərdə regionun müsəlman dövlətlərini zəiflətmək üçün güclü separatizm aləti kimi erməni kartının oynanılmasında ilk təcrübəyə çevrildi. Həmin məsələdə qərb dövlətləri və çar Rusiyasının israrlı təkidi,onların Qriqorian kilsəsi ilə birgə fəaliyyəti XIX yüzillikdə istənilən nəticəni verdi və XX əsrin əvvəlində Osmanlı imperiyasının dağılmasında əhəmiyyətli rol oynadı. İranı və Azərbaycanı daxilən zəiflədən ermənilər çar Rusiyasının Azərbaycan xanlıqlarını, eləcə də bütün Cənubi Qafqazı işğal etməsinə şərait yaratdılar. XX əsrin əvvəlində ermənilər satqınlığa və “beşinci kolon” rolunu oynadıqlarına görə qiymətli “mükafat”aldılar: Azərbaycanın tarixi torpaqları hesabına Cənubi Qafqazda müstəqil erməni dövləti yaradıldı (Ramiz Mehdiyev “Qriqorian kilsəsi səfəvilər dövlətinə qarşı casusluq aləti kimi XVII əsr və  XVIII əsrin birinci rübü”, Azərbaycan Dövlət Tərcümə Mərkəzi. Bakı: 2019 - səh. 9)”.
 
Həqiqətən də Rusiyada I Pyotrun hakimiyyətə gəlməsi (1681/89 - 1725) Rusiya-Osmanlı münasibətlərində də ciddi dəyişikliklərə səbəb oldu.
 
Avropa səhnəsində uzun sürən müharibədən sonra 1699-cu ildə Karlovitsa konqresi başlandı və Osmanlı imperiyası ilə Karlovitsa sülhü imzalandı. Bu sülhlə də türklərin Avropadan sıxışdırılması prosesinə start verildi.
 
Amma bu sülhdən Rusiyaya dəyərli heç nə çatmadı... Çünki Şərqi Macarıstan, Transelvaniya, Sloveniya avstriyalılara, Şərqi Ukrayna Reç Pospolitiyaya, Aralıq dənizindəki adalar Venesiyaya keçdi. Bu sülhün iştirakçılarından heç biri və hətta həmin müqavilənin vasitəçiləri də (İngiltərə və Hollandiya) Moskvanın tələblərinə əhəmiyyət vermədilər. Rusiya tərəfi qaliblərdən tələb etdi ki, onlar Sultanı Kerç şəhəri, Dneprin cənub sahili və Azov sahillərini ruslara verməyə məcbur etsinlər. Ancaq qaliblər Rusiyanın tələblərini dəstəkləmədilər...
 
Aldadılmış ruslar  1700-cü ildə Osmanlı imperiyası ilə iki illik sülh müqaviləsini bağladı. Rusiya tərəfindən bu sülhü səfir E.Ukrainsev imzaladı. 1700-cü il avqustun 8-də İstanbul müqaviləsinin bağlanması xəbəri I Pyotra yetişdi. Bu münasibətlə böyük atəşfəşanlıq keçirildi. Sabahısı gün Rusiya rəsmən  İsveçə müharibə elan etdi, iyirmi bir il (1700-1721) davam edən Şimal müharibəsi başladı. Osmanlı sultanı III Əhməd (1703-1730) müqavilənin ratifikasiya fərmanını, yalnız 1710-cu ilin fevralında Tolstoya təqdim etmişdi. İstanbul müqaviləsinin bəndlərinə görə, Rusiya artıq Osmanlı imperiyasının vassalı olan Krım xanına xərac ödəməyəcəkdi. Bu razılaşmanın digər bəndlərinə əsasən Rusiya ilk dəfə olaraq Konstantinopolda (İstanbulda) öz diplomatik nümayəndəliyini açırdı. Birinci Pyotrun göstərişi üzrə Moskva hökumətinin Osmanlı imperiyasındakı diplomatik fəaliyyətinə başçılıq edən şəxs kimi P.A.Tolstoy təyin edildi.
 
Bu baxımdan akademik Ramiz Mehdiyevin geopolitik qarşıdurmaların fonunda Osmanlı imperiyasına qarşı xəyanət edən ermənilər barədə çox obyektiv yanaşması var: “Qərb dövlətlərinin əlində təzyiq və terror alətinə çevrilmiş ermənilər, dinc türk əhalisinə qarşı törətdikləri çoxsaylı cinayətlərdən sonra, təbii ki, sultan hakimiyyətinin kəskin reaksiyası ilə qarşılaşdılar. Erməni cinayətlərinin qarşısı tez bir zamanda alındı və müqəssirlər cəzalandırıldı. Ermənilər isə bununla barışmayıb hay-küy qaldırdılar ki, guya onları kütləvi şəkildə qırırlar. Əlbəttə, bu saxta iddialar heç bir arxiv sənədləri ilə təsdiq olunmur. Buna baxmayaraq, ermənilər qərbdəki havadarlarının köməyi ilə dünyanı “erməni soyqırımı”na inandırmağa cəhd göstərirlər. Yalançı “erməni soyqırımı” artıq çoxdandır ki, əsl mahiyyətini itirərək Türkiyəyə qarşı təzyiq aləti kimi istifadə olunur. Odur ki, ermənilərin keçmiş ağaları-ərəblər, osmanlılar, azərbaycanlılar, ruslar və digərlərinə qarşı ittihamlar irəli sürməsinə ciddi yanaşmaq lazım deyil  (Ramiz Mehdiyev “Qriqorian kilsəsi səfəvilər dövlətinə qarşı casusluq aləti kimi XVII əsr və  XVIII əsrin birinci rübü”, Azərbaycan Dövlət Tərcümə Mərkəzi. Bakı: 2019 - səh 66).
 
Təsadüfi deyil ki, Rusiyanın Osmanlı imperiyasındakı ilk diplomatik missiyanın rəhbəri olmuş P.A.Tolstoyun, I Pyotra göndərdiyi məktublarda türklər və onların xristianlara münasibətləri  barədə diplomat çox maraqlı fikirlər səsləndirir.Məsələn, bu məktublardan bir parça(məktubun əsli əski slavyan dilindədir),(Rusiya Dövlət Qədim Aktlar Arxivi,1703, iş 2,səh.184-186):
 
“Sultan sarayında olarkən öz qabilliyətini və mədəniyyətini göstərməklə bərabər,çox ciddi müşahidəçi və ehtiyyatlı olmalısan. Əks təqdirə  dövlətin istər hərbi,istərsə də siyasət  adamlarının niyyətlərini anlamazsan.
 
Türklər vüqarlı, azadlıq sevən,hür və əzəmətli xalqdır !
 
Bu üzdən də, qanlı savaşlar  aparakən heç bir dövlətlə ittifaqa girməzlər və yardım almazlar. Yalançılığa qarşı tahammülləri yoxdur, xüsusən bu hiyləgərliyi xristiyanlar edərsə, zaman-zaman deyirlər  ki, bizlər xristiyanlara qarşı xoş davranırıq, onlar isə türklərə minnətdar olmaqdansa bizlərə qarşı olurlar və bizi əsəbləşdirirlər. Türklər Konstantinopol patriyi Parfeniyu, Vasiliyu və əsgəri komandir  Volskomu Moskvaya məktub yazmalarına çox  əsəbiliklə qarşılıq vermişdilər. Türk xalqı savaşcıdır, bəlli dönəmlərdə isə saraya qarşı çıxaraq üsyanlar edər və sultanları hakimiyyətdən uzaqlaşdırırlarda. Müharibələrdə məğlubiyyətə səbəb olan indiki Sultanın atası  4-cü Mehmet Avcı  (1648-1687) kimi əxlaqi və mənəvi dəyərlərdən kasad  və dövlətin nizam-intizamını pozan rəhbərləri hakimiyyətdən uzaqlaşdırdıqları kimi.Türk xalqı şərab içməz və  günah sayar, orduda kim şərab içərsə o əskər cəzalandırılır”.
 
Onu da qeyd etmək istəyirəm ki, xristianlara o cümlədən də xristian ermənilərə ən tolerant münasibət müsəlman azərbaycan dövlətlərində də ənənəvi xarakteri almışdı.Bu barədə akademik Ramiz Mehdiyev yazır : “Orta əsrlərin digər erməni müəlliflərin məlumatları da Səfəvi hökmdarlarının ermənilərə qarşı dözümlülük göstərdiyini təsdiq edir. Belə ki, Böyük Şah Abbas  (1587-1629), I Şah Səfi (1629-1642) və II Şah Abbas 1642-1666) dövründə Eçmiədzinə başçılıq etmiş erməni katikolikosları Movses (1629-1632) və Filipposun (1633-1656) fəaliyyətini təsvir edərkən, ermənilərin yaşadığı ərazilərdə yeni xristian məbədlərinin tikilməsi  və köhnələrinin bərpası üzrə genişmiqyaslı işlərdən yazıb. Müəllif özünün “Tarix kitabı”-əsərində bu mövzuya xüsusi fəsil (XXVI fəsil) həsr etməyi məqbul sayıb. Erməni mənbələrinə inansaq, I Şah Səfinin hakimiyyəti dövründə Yeni Culfanın erməni icması böyük məktəb açıb və onun nəzdində mətbəə fəaliyyət göstərib. Bu mətbəə ermənilərdə kitab çapının başlanğıcı hesab olunur. Məktəbin və mətbəənin əsasını  Yeni Culfanın ruhani başçısı,katolikos Movsesin şagirdi-Xaçatur Kesaratsi qoyub (Ramiz Mehdiyev “Qriqorian kilsəsi səfəvilər dövlətinə qarşı casusluq aləti kimi XVII əsr və  XVIII əsrin birinci rübü”, Azərbaycan Dövlət Tərcümə Mərkəzi. Bakı: 2019 - səh 44)”.
 
Lakin bu yaxşılığın əvəzində erməni ruhaniləri ikili oyun oynayırdı. Bu barədə də Ramiz müəllimin kitabından öyrənirik: “1677-1680-ci il Eçmiədzin səfəvilərə qarşı düşmən mövqedə dayanan gürcü knyazı XI Georgi ( 1676-1688) ilə ittifaqa girib, həmçinin qərb missionerlərinin razılığı ilə Azərbaycan və İran ərazisində yaşayan xristianların silahlı qiyamını planlaşdırdı. Eçmiədzin bu məqsədlə üç il ərzində ermənilər və gürcülər arasında təbliğat işi apardı. Dövlətə qarşı qəsdin reallaşmasına 19 yaşlı İsrael Ori (1658-1711) fəal cəlb olunmuşdu (Ramiz Mehdiyev “Qriqorian kilsəsi səfəvilər dövlətinə qarşı casusluq aləti kimi XVII əsr və  XVIII əsrin birinci rübü”, Azərbaycan Dövlət Tərcümə Mərkəzi. Bakı: 2019 -  səh 108)”.
 
Bu proseslərdə Vatikanın da mənfi rolunu nəzərdən qaçırmaq lazım deyil. Vatikan Osmanlı və Səfəvi imperiyalarına qarşı xristian üsyanlarını stimullaşdırmaqla, onlara xristian dövlətlərinin yaratmaqda dəstək verəcəyinə söz verərək, yəhudiləri də onlara  kömək etməyə həvəsləndirib, Fələstində onlara dövlət qurmaq vədi də verirdi. Eyni zamanda da Səfəvi hökümdarlarına məktublar göndərməklə, həmin əraziləridə xristianların müsəlman dövlətinin qanunlarına tabe olmağa və sülh içində yaşayış təbliğatını aparacaqlarına söz verirdilər. Bu çox kobud ikili tarixi oyundur və mən güman etmirəm ki,  onun nəticələrinin məsuliyyətindən Vatikan bu gündə mənəvi cəhətdən yaxa qurtara bilməz. Tədqiqatçı L.A.Semyonova anonim mənbənin materiallarına-“Karmelitlərin xronikası”na istinadən, Səfəvilər dövlətinin ərazisində ilk karmelitlərin(Karmelitlərin əsas maliyyə mənbəyi Vatikan idi – A.M.)peyda olması barədə yazır: “Anonim naşir karmelitlərin Şərqdə peyda olmasının səbəbini birtərəfli izah edir - bu, Səfəvilər dövlətinin hökmdarı I Şah Abbasın türklərə qarşı birgə mübarizə aparmaq üçün Avropa dövlətləri ilə müqavilə bağlamaq cəhdi kimi qiymətləndirilir. Şahın Roma rəhbərliyi ilə yazışmalarından fraqmentləri və səfirlik hesabatlarını misal göstərən anonim naşir xəbər verir ki, ordusu üçün silah və yardım alan, Avropa ilə münasibətləri daha da möhkəmləndirməyə çalışan I Şah Abbas, 1599-cu ildə İranda xristianlığa sərbəst sitayiş olunmasını bəyan edib Papa VIII Klimentə müraciət göndərdi. I Şah Abbas Papaya bildirirdi ki, daimi səfirləri qəbul etməyə hazırdır. Papa bu xahişdən məmnun olub 1604-cü il iyulun 4-də İsfahana yalınayaq karmelitlər ordeninin bir qrup rahiblərini göndərdi (Ramiz Mehdiyev “Qriqorian kilsəsi səfəvilər dövlətinə qarşı casusluq aləti kimi XVII əsr və  XVIII əsrin birinci rübü”, Azərbaycan Dövlət Tərcümə Mərkəzi. Bakı: 2019 - səh 75)”.
 
Bax elə bu dövrdən Vatikan erməni kilsəsi üçün  xüsusi rol ayırdı.
 
Ramiz müəllim bu barədə yazır: “Ermənilər Vatikan missionerlərinə nə lazım olduğunu başa düşdülər-onlara bütün ölkəni əhatə edə biləcək casus şəbəkəsinin qurulmasında, casusların şah sarayına yerləşdirilməsində, katolikliyin yayılmasında, bir sözlə, Səfəvilər dövlətinin daxilində əsl “beşinci kolon” formalaşdırılmasında kömək lazım idi”. Bəs əvəzində,ermənilərin qərb missiyalarından gözləntisi nə ola bilərdi? Şübhəsiz, bu gözlənti hər şeydən əvvəl, iqtisadi maraqlarla bağlı idi. Səfəvilər dövlətində yaxşı maddi imkana malik olan erməniləri pul, imtiyaz, sərmayə, təmənnasız maliyyə yardımı, Qərb tərəfdaşları və sərmayəçiləri ilə yeni, sərfəli əməkdaşlıqdan başqa nə maraqlandıra bilərdi? Onlar həmin dövrdə dünya bazarlarında öz mövqelərini gücləndirmək üçün Avropada etibarlı himayədarlar axtarırdılar (Ramiz Mehdiyev “Qriqorian kilsəsi səfəvilər dövlətinə qarşı casusluq aləti kimi XVII əsr və  XVIII əsrin birinci rübü”, Azərbaycan Dövlət Tərcümə Mərkəzi. Bakı: 2019 -  səh 83)”.
 
Ramiz müəllim,  ruhanilərin   bu əməkdaşlığda  öz maraqlarının olduğunu da xüsusi qeyd edərək davam  edir:  “Mahiyyət etibarilə hiyləgər və satqın olan erməni ruhaniləri hər şeyi götür-qoy etdikdən sonra bu əməkdaşlığa “xeyir-dua” verdilər. Bununla da Qərbin casus şəbəkəsinə əməkdaşların cəlb edilməsi işində başlıca obyektə çevrildilər. Başqa sözlərlə desək, özünü satmağa hazır olanları, yəni erməniləri, casus şəbəkəsinə qoşdular (Ramiz Mehdiyev “Qriqorian kilsəsi səfəvilər dövlətinə qarşı casusluq aləti kimi XVII əsr və  XVIII əsrin birinci rübü”, Azərbaycan Dövlət Tərcümə Mərkəzi. Bakı: 2019 - səh 84)”.
 
Digər bir yerdə akademik Ramiz Mehdiyev qeyd edir: “Emissarlar tərəfindən casusluğa cəlb olunan və saraya çıxışı olan ermənilər, missionerləri şahın planları və niyyətlərindən xəbərdar edirdilər. Bu planlar həyata keçməyə macal tapmadan missionerlərin səyi ilə dəfələrlə pozulmuşdu. Onlar bu işdə müxtəlif üsullara əl atırdılar: mötəbər məmurları satın alır, şantaj edir, siyasi təzyiq göstərir, Vatikan və Avropa monarxlarının xahiş məktublarından yararlanırdılar (Ramiz Mehdiyev “Qriqorian kilsəsi səfəvilər dövlətinə qarşı casusluq aləti kimi XVII əsr və  XVIII əsrin birinci rübü”, Azərbaycan Dövlət Tərcümə Mərkəzi. Bakı: 2019 - səh 93)”.
 
Bu dövrdə Beynəlxalq aləmdə vəziyyət bir qədər Osmanlının xeyrinə dəyişmişdi.Belə ki,  Rusiyanın İsveç üzərində   Poltava (1709, iyun)  savaşı zamanı qələbəsi  I Pyoturun üzünü yenidən  türk coğrafiyasına çevirdi. Osmanlıda xristianların I Pyoturun xəfiyyələri vasitəsi ilə  mərkəzi hakimiyyətin əleyhinə çıxışları şiddətləndi.İkinci bir məsələ o idi ki,ruslara məğlubiyyətdən sonra İsveç kralı XII Karl Osmanlı sarayına sığınmışdı(Kurat A.N. “İsvec kiralının Türkiyede kalışı ve sıralarda  Osmanlı imparatorluğu”.İstanbul,1943,s.115-120). 1710-cu il noyabrın 20-də Osmanlı dövləti Rusiyaya müharibə elan etdi. 1711-ci il iyunun 30-da rus qoşunları Moldaviyaya daxil oldu, Dnestri keçib Pruta çıxdı. 135 minlik türk qoşunu 30 minlik rus qoşununu tamamilə mühasirəyə aldı. Yeniçərilərin hücumu ilə döyüş başlandı və üç saat davam etdi. Türklər 8900, ruslar 4800 nəfər itki verdi. Prut yürüşü zamanı rusların ümumi itkisi 27.185 nəfər (yürüşdə iştirak edənlərin 72%-dək) olmuşdu. Məğlub olan I Pyotr sülh danışıqlarına başlamağı qərar verdi.1711-ci il iyulun 12-də Prut müqaviləsi imzalandı. Müqaviləni Rusiya tərəfdən Şafirov və M.B.Şeremetyev, Osmanlı dövləti tərəfindən Böyük vəzir Baltaçı I Məhməd paşa imzaladı. Müqavilə 7 maddədən ibarət idi (Сотавов Н.А. Северный Кавказ в русско-иранских и русско-турецких отношениях в XVIII в.: От Константинопольского договора до Кючук-Кайнарджийского мира. 1700-1774. М., 1991.).
 
Ona görə də həm Osmanlıda , həm də Səfəvilərdə rus dövlətlərinin marağlarına xidmət edən ölkə içi casus şəbəkələrinə böyük ehtiyac duyulurdu.
 
Bu barədə Ramiz müəllim yazır: “Səfəvi torpaqlarında fəaliyyət göstərən və əvvəlki ağalarına -  Azərbaycan şahlarına xain çıxan “beşinci kolon” un nümayəndələri- erməni və gürcü knyazları rusları qarşılamağa ciddi hazırlıq görürdülər. Onların arasında alban katolikosu Yesai Həsən Cəlalyan (1701-1728) xüsusi fərdlənirdi. O, ruslara meylini aşkar biruzə verir, erməni ruhaniləri və Qarabağın xristian məlikləri ilə əlbir fəaliyyət göstərirdi. Həsən Cəlalyan Qarabağ ərazisində xristian dövləti yaratmağı arzulayırdı, ümidlərini də rusların gəlişinə və Səfəvilər dövlətinin dağılmasına bağlayırdı. Böyük Pyotrun Xəzər yürüşündə baş rollardan biri ona ayrılmışdı. Həsən Cəlalyan ermənilərdən və Qarabağ məliklərindən təşkil olunmuş hərbi dəstələrə başçılıq edirdi. Bu dəstələr Pyotrun qoşunları ilə birləşib ölkənin içərilərinə doğru irəliləməli idilər.
 
Paralel olaraq, 1723-cü il sentyabrın 22-də Azərbaycan və İranın içərilərinə irəliləmək məqsədilə rus qoşunları ilə birləşməyə can atan erməni və gürcü hərbi dəstələri şaha qarşı qiyam qaldırdılar.
 
Lakin hadisələr gözlənilmədən başqa xarakter aldı. Pyotr və onun bələdçilərinin planlarına daxil olmayan proseslər başlandı. Belə ki, 1723-cü ildə Rusiyanın müdaxiləsinə cavab olaraq türk qoşunları Cənubi Qafqazın iri şəhərlərini zəbt etdilər. Mürəkkəb vəziyyəti nəzərə alan və Türkiyə ilə uzunmüddətli münaqişəyə girmək istəməyən rus imperatoru yürüşü dayandırmaq əmri verdi. Bununla da erməni-gürcü qiyamı əhəmiyyətini itirdi  (Ramiz Mehdiyev “Qriqorian kilsəsi səfəvilər dövlətinə qarşı casusluq aləti kimi XVII əsr və  XVIII əsrin birinci rübü”, Azərbaycan Dövlət Tərcümə Mərkəzi. Bakı: 2019 - səh 138)”.
 
Alban kilsəsinin xəyanətkar mövqeyini araşdırdıqda aydın olur ki, onların ruhani rəhbərlərinin  Eçməidzin tərəfindən ələ alınması  və özlərinin isə zaman keçdikcə erməniləşməsi yuxarıda qeyd edilən mövqeyin seçilməsində əsas rol oynadı.Baxmayaraq ki, Azərbaycan hökümdarları alban kilsələrinə münasibətdə, onların varlığının qarantı  kimi çıxış edirdilər. Bu barədə Ramiz müəllimin xüsusi qeydi də var: “Ümumiyyətlə, Dağlıq Qarabağın bütün məliklərinin sələfi albanlar olsa da, onlardan bəzisi zaman keçdikcə erməniləşmişdi.Kıştağın ən məşhur başçılarından biri Böyük Şah Abbasın xüsusi rəğbətini qazanmış məlik Ayzak idi. Arakel Davrijetsi onun alban köklərinə  işarə ilə “Aqvanq ölkəsi” ndən(qədim ədəbiyyatlarda Albaniya Aqvand kimi  gedirdi-A.M.) olduğunu yazır. Səfəvilərə sədaqətinə görə, Şah Abbas 1609-cu ildə məlik Ayzakla bağlı ayrıca fərman vermişdi. Sənəddə alban məlikinin hökumət qarşısında xidmətləri sadalanır və sonra deyilirdi ki, “kiminsə adıçəkilən məliki sıxışdırmağa və hüzurunu pozmağa ixtiyarı yoxdur(Ramiz Mehdiyev “Qriqorian kilsəsi səfəvilər dövlətinə qarşı casusluq aləti kimi XVII əsr və  XVIII əsrin birinci rübü”, Azərbaycan Dövlət Tərcümə Mərkəzi. Bakı: 2019 - səh26)”.
 
Amma zaman keçdikcə anlaşıldı ki, ruslar həm  Osmanlını , həm də Azərbaycan dövlətlərini içəridən dağıtmaq üçün xeyli iş görmüşdülər. Əslində “Gülüstan” və “Türkmənçay” faciəsini yaradan əsas səbəblərdən biri də elə bu idi. Üstəgəl  Qacarlar - Osmanlı ziddiyyətləri 1821-1823-cü illərdə müharibəyə çevrildi. Müharibənin başlıca səbəbi tərəflər arasında sərhəd məsələsi olmuşdu.Əslində bu müharibənin reallaşması üçün isə xeyli bəhanə yığılmışdı və xüsəsən şiə ocaqlarının osmanlı xənadanları tərəfindən qorunmaması və dəfələrlə vəhabilər tərəfindən oranın talan olunması və sultanın bu baş verənlər qarşısında acizliyi Fətəli şahı hiddətləndiridi. Əslində Osmanlı imperiyası daima Bağdad paşasına vəhabilərin kökünü kəsmək əmrini verirdi. Lakin,1802-ci ildə isə Səud ibn Əbd əl-Əzizin timsalında nəcdlillərin Kərbəlada qazandıqları qələbə, yaşlaşmış və gücünü itirmiş Bağdad paşası Böyük Süleyman  üçün ağır məğlubiyyət oldu (Bridges H.J. An Account... Vol. 2, s. 28; [Corancez K.A.]. Histoire.... s. 28, 186; Raymond J. Les wahabys..., s. 21). İran şahı Fətəlinin şiələr üçün müqəddəs hesab edilən Kərbalanın paşa tərəfindən qoruna bilməməsi ilə bağlı daim onu məzəmmət etməsi və Kərbəlaya öz qoşunlarını göndərəcəyi ilə hədələməsi paşanın vəziyyətini daha da ağırlaşdırırdı.Мəkkə, Kərbəla və Nəcəf kimi müqəddəs yerlərə gedən zəvvarların şikayətləri, xüsusilə Fətəli şahın Мəkkəyə ziyarətə gedən hərəmlərindən birinin karvanında axtarışlar vəziyyəti daha da kəskinləşdirmişdi. Osmanlı dövləti ilə Əfşarlılar dövləti arasında bağlanan Kürdan müqaviləsi(1746-cı il) bu dövlətlər arasındakı münasibətləri, xüsusilə Osmanlı hakimiyyət orqanları bütün Əfşarlılar dövlətinin zəvvarlarına kömək göstərməyi və onların Bağdad və Suriya vasitəsilə Мəkkə yolunda təhlükəsizliyini təmin etməyi üzərinə götürürdü. Müqaviləyə görə Əfşarlılar dövlətinin zəvvarları   müqəddəs şəhərlərə (Kərbəla və Nəcəf) də gedə bilərdilər. Əgər bu zəvvarlar özlərilə ticarət üçün mallar aparmırlarsa, Bağdad hakim dairələri onlardan hər hansı vergi və yığmalar almamalı idi. Əfşarilər ərazisindədə Osmanlının şiə və ələvi zəvvarlarına da eyni imtiyazlar verilirdi. Müqaviləni Osmanlı sultanı I Mahmudun (1730-1754) adından Bağdad və Bəsrə hakimi Əhməd paşa, Əfşarlılar dövlətindəki keçmiş səfir Nazif əfəndi və Nadir şah adından onun vəziri Həsən Əli xan imzalamışdılar.Eyni zamanda  Osmanlı hakimiyyət orqanları müqəddəs Kərbəladakı və Nəcəfdəki şiə ocaqlarının qorunması öhdəliyini də öz üzərinə götürmüşdülər.
 
1802-ci ilin avqustunda Böyük Süleyman canını tapşırar-tapşırmaz, nəşi hələ  soyumamış, siyasi miras uğrunda ingilis və fransızların da bilavasitə iştirak etdiyi ölüm-dirim mübarizəsi başladı. Qohumu kəhya (vali yanındakı köməkçi-katib) Əli rəqibləri üzərində qələbə qazanıb, paşanın yerini ələ keçirməyə nail oldu. O, hakimiyyətdə təqribən beş il qala bildi. Daxili çəkişmələr, xalq üsyanları və kürdlərin arasıkəsilməz hücumları paşalığı sarsıdırdı. 1807-ci ilin avqustunda Əli məsciddə doğrandı. Bir qədər sonra onun yerini Kiçik Süleyman tutdu və bu vəzifədə üç il qala bildi. Həmin illəri kürdlər və diriyəlilərlə müharibələrə həsr edən bu paşada 1810-cu ilin oktyabrında öldürüldü və Sultanın bu regionda  təsir imkanları demək olar ki, qalmamışdı və Kürdan müqaviləsinin şərtlərini tam icra edə bilmirdi (Cevdet Ahmed Tarih-i vekaiya devlet-i aliye. vol. 1-12. Istanbul. hicri 1271-1292.- Cəvdət paşa Osmanlı Dövlətinin 1774-1825 illəri arasındaki tarixini yazıbdır –A.M.).Həmçinin Cəvdət paşaya görə  Ərzurum paşası 1820-ci ildə Qacarlar dövlətindən qaçan qəbiləyə himayədarlıq edirdi və Fətəli şahın tələbinə baxmayaraq, Sultan onu geri qaytarmaqdan imtina etmişdi. İngiltərə ilə bağlanmış 1814-cü il müqaviləsindən sonra hərbi qüvvələrini yenidən quran Qacarlar dövləti hərbi potensialını çox gücləndirmişdi. Onu da qeyd etmək yerinə düşərdi ki, Azərbaycan hökümdarlarının ingilislərlə bu əməkdaşlığı ilk deyildi. Böyük Şah Abbasın da vaxtında belə  bir əməkdaşlığın nəticəsi çox uğurlu olmuşdu.Bu barədə də Ramiz müəllimin   sözü gedən kitabından öyrənirik: “Şah Abbasın hakimiyyəti dövründə Hörmüz Avropanın gücləndirilmiş istehkamına çevrildi. Portuqaliya təhdidinin Səfəvilər dövlətinin siyasi və ticarət təhlükəsizliyi üçün ciddi əngəl doğurduğunu başa düşən Şah Abbas orduya hazırlıq əmri verdi.Səfəvi diplomatları Hind okeanında portuqaliyalıların əsas rəqibi olan ingilisləri öz tərəfinə çəkməyə müvəffəq oldular. İngilislərə Azərbaycan ipəyinin ixracında müəyyən imtiyazlar verən şah onların hərbi gəmilərini ordusuna cəlb etdi. Hərbi əməliyyatlar 1622-ci ildə başladı və iki aydan çox sürdü. Portuqaliya qarnizonundakı əsgərlərin sayı səfəvi döyüşçülərinin sayından qat-qat çox idi və onlar müasir odlu silahlarla təchiz olunmuşdular. Buna baxmayaraq, qızılbaşların komandirləri əsl şücaət və hərbi istedad nümayiş etdirib qalanı aldılar. Portuqaliyalılar üzərində qələbə Səfəvilər imperiyasının beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə möhkəmləndirdi (Ramiz Mehdiyev “Qriqorian kilsəsi səfəvilər dövlətinə qarşı casusluq aləti kimi XVII əsr və  XVIII əsrin birinci rübü”, Azərbaycan Dövlət Tərcümə Mərkəzi. Bakı: 2019 -  səh 111-112)”.
 
Həqiqətən də 200 il sonra ingilislər tərəfindən yenidən qurulmuş Fətəli şahın qoşunlarının ilk hücumları uğurlu oldu .Osmanlı dövlətinin Cənubi Azərbaycanla bitişik rayonları, Bəyazid, həmçinin Süleymaniyyə Fətəli şahın  qoşunları tərəfindən tutuldu.
 
1822-ci ildə Kərkük, Mosul və digər şəhərlər də ələ keçirildi. Ancaq təəssüf ki,  iki türk dövlətinin bir-birinə girməsi,ən çox rusların işinə yarıdı.Bu müharibə  hər iki dövlətin əsas qüvvələrinin döyüş bölgəsinə cəlb etməsi,onların şimal sərhədlərini müdafiəsiz qoymuşdu.Bu faktor   rusları cənuba doğru hərəkətə gətirdi. Regionda rusların güclənməsindən narahat olan İngiltərə müharibənin dayandırılması üşün aktiv fəaliyyətə başladı.O dövrdə, Şərq siyasəti ilə bağlı kəskin dönüş Böyük Britaniyanın yeni xarici işlər naziri Corc Kanninqin adı ilə bağlı idi (Mowat, R. B. History of European Diplomacy. 1815—1914. L. 1922.). Kanninq Osmanlı ilə Qacarlar dövlətinin ruslara qarşı qüvvələrinin birləşdirilməsinin tərəfdarı kimi çıxış edirdi.Amma  1823-cü il iyulun 28-də Qacarlar və Osmanlı dövlətləri arasında Ərzurumda sülh müqaviləsi bağlandı. Müqaviləni Fətəli şah və Abbas Mirzə adından Mirzə Məhəmməd Əli və Türkiyə sultanı Mahmud (1808-1839) adından Ərzurum qubernatoru və Osmanlı imperiyası şərq vilayətlərinin valisi Rauf paşa imzaladı.
 
Rusiya Fətəli şaha zorla “Gülüstan sülhünü” sırımışdı. “Gülüstan sülh”ünün şərtlərinə görə, Qacarlar dövləti Gəncə, Qarabağ, Talış, Şəki, Şirvan, Bakı, Quba, Dərbənd xanlıqlarını, bütün Dağıstanı, Gürcüstanı və ona həmhüdüd olan ölkələri Rusiya dövlətinə verdi. Onlar haqqında hər cür iddiadan əl çəkirdi.Beləliklə, bütöv Azərbaycan iki yerə parçalandı.Abbasqulu ağa Bakıxanov isə həmin müqavilə imzalanan vaxt Rusiya dövlətinin nümayəndə heyətinin tərkibində tərcüməçi vəzifəsini yerinə yetirirdi...
 
Azərbaycanı bu faciəyə gətirib çıxaran digər səbəblərdən biri də ingilislərin xəyanəti oldu. Belə ki, Corc Kanninq iki türk dövlətinin yaxınlaşaraq güclərini birləşdirəciyindən qorxaraq Britaniya siyasətinin sükanını kəskin şəkildə yenidən döndərdi (Tempersley. H.W.V. The Foreign Policy of Canning (1822-1827). L. 1925). O, heç kəsi xəbərdar etmədən İngiltərənin yunan və türkləri iki vuruşan tərəf olaraq tanıyacağını bəyan etdi. İndiyədək “qiyamçılar”, inqilabçılar, “quldurlar” adlandırılan yunanların tərəf kimi tanınmasından belə çıxırdı ki, İngiltərə yunanların üsyanını qanuni hesab edir və üsyançılar ilk olaraq hansı ərazidə möhkəmlənsələr, həmin ərazi İngiltərə tərəfindən müstəqil dövlət kimi tanınacaqdı.
 
Onu da qeyd etmək yerinə düşərdi ki, öz mövqeyini Qafqazda möhkəmlətmək istəyən  Fətəli şahın ordusu 1826-cı ilin iyulunda Arazı кеçərək sentyabr ayınadək Talış, Şirvan, Şəki, Qarabağ əyalətləri və Yelizavetpol dairələrini azad etdi,lakin Osmanlıya qarşı başlamış Rusiya, Fransa və İngiltərə müharibəsinin davamı kimi  1827-ci ilin iyunun 26-da rus qoşunları Fətəli şahın ordusuna qarşı hücuma  kecərək Naxçıvanı,iyulun 7-də Abbasabadı işğal etdilər. Amma İngiltərənin və Fransanın  Rusiya ilə bir cəbhədə olması Moskvanı  işğalı sürətləndirməyə sövq etdi. Cənubi Azərbaycan torpaqlarına daxil olan rus qoşunları hücumu genişləndirirlər. Oktyabr ayının 13-də Təbriz tutuldu. Noyabr ayının 6-da Dehqarqanda yenidən danışıqlar başlayır. Rusiya nümayəndə heyətinə Qafqaz ordusunun baş komandanı İ.F.Paskeviç, A.S.Qriboyedov, A.M.Obrezkov, A.K.Amburger N.D.Kiselyov və tərcüməçilər A.A.Bakıxanov və Q.M.Vlaqali  daxil idi. Danışıqlarda Qacarlar dövlətindən  vəliəhd Abbas Mirzə, qaimməqam Fərrahi, bəylərbəyi Fətəlixan, katib Mirzə Məhəmməd Əli və fransız dili tərcüməçisi Mirzə Məsud təmsil edirdi. Təzminat məsələsi üzrə bəzi ciddi narazılıqlar yanvarın 7-də danışıqların kəsilməsinə gətirib çıxardı. Buna görə də rus qoşunları hücumları bərpa etməklə təzyiqi gücləndirirdilər. Yanvarın 28-də Urmiya, fevralın 8-də Ərdəbil tutuldu. Bu hal sülh müqaviləsini bağlanmasını sürətləndirdi. 1828-ci il fevralın 9-dan 10-na keçən gecə düz saat 24:00-da, Mianə şəhərindən 33 km şimal-qərbdə olan Türkmənçay kəndində müqavilə imzalandı. Bu hadisə münasibətilə rus toplarından 101 yaylım atəşi açıldı(История дипломатии. М.-Л.: ОГИЗ, 1945. T.3, s.803.).
 
Beləliklə, Türkmənçay müqaviləsi ilə Şimali Azərbaycan torpaqları bütünlüklə Rusiya imperiyası tərəfindən işğal edildi. Türkmənçay müqaviləsi Rusiya tərəfindən 1828-ci ilin martında, Qacarlar tərəfindən isə iyul ayında ratifikasiya edildi. İran şahı Fətəli şahın ratifikasiya fərmanı rus ordusunun düşərgəsində İ.F.Paskeviçə təqdim edildi. Elə bu ərəfələrdə Rus generalı Dibiç Adrianopola(Ədirnə) daxil oldu. Rus ordusu İstanbulun iki addımlığında dayanmışdı. II Mahmud Dibiçə barışıq və sülh təklif etdi.
 
14 sentyabr 1829-cu ildə Adrianopolda Osmanlı türkləri onlara qarşı irəli sürülən şərtlərlə razılaşmağa məcbur oldular. Adrianopol sülh sazişinə görə  Osmanlı imperiyası demək olar ki, Kuban çayının mənsəbindən, müqəddəs Nikolay buxtasınadək olan Qara dəniz sahillərini, eləcə də demək olar, bütün Axəlkələk paşalığını itirdi. Ruslar öz ticarət gəmilərinin Dardanel və Bosfor boğazlarından sərbəst keçidi hüququ əldə etdilər(Миллер А.Ф. Мустафа-паша Байрактар. Оттоманская империя в начале ХIХ в. М.-Л., 1947.).Yunanıstana gəldikdə, o, müstəqil dövlət elan edildi, sultan ilə bu ölkəni yalnız ildə 11/2 milyon piastr ödəmək öhdəliyi bağlayırdı (həmin ödənişin isə Osmanlı imperiyasının bu şərtləri qəbul etməsindən beş il sonra başlanması nəzərdə tutulmuşdu). Yunan əhalisinə Avropada mövcud olan xristian sülalələrindən birinə mənsub şahzadələrdən hər hansını özlərinə hökmdar seçmə imkanı verilmişdi, lakin bu nə ingilis, nə rus, nə də fransız olmamalı idi.
 
Adıgözəl Məmmədov, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident mükafatçısı

 

İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Qazaxın Aşağı Əskipara kəndində Azərbaycan bayrağı qaldırıldı
16:05 23.04.2024
İlqar Orucov: "Qarabağ Universiteti dünyanın nüfuzlu universitetləri sırasında olacaq"
16:00 23.04.2024
Azərbaycan Prezidenti: Dünya uzun illər hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq
15:58 23.04.2024
Qarabağın yenidən qurulmasına xərclənən vəsaitin MƏBLƏĞİ
15:54 23.04.2024
İlham Əliyev: “Çinlə əməkdaşlıq genişlənir”
15:51 23.04.2024
Hamısı