26 ildir ki, Ağdamsız yaşayan bir qrup ağdamlı bu gün Bakıda Şəhidlər Xiyabanını ziyarət ediblər.
Ziyarətçilərdən biri, Tibb Universitetinin dosenti, 1990-1999-cu illərdə Ağdam rayonunda baş həkim kimi çalışmış Tariyel Eyvazov Eurasia Diary-ə öz hisslərini bölüşüb.
"26 il keçməsinə baxmayaraq, elə hadisələr var ki, nəticələri zaman keçdikcə bizim üçün daha ağır oldu. Mənim tutduğum vəzifə ilə bağlı elə şərait yaranmışdı ki, daim bu işlərin içərisində olmuşam. Ağdamla qonşuluqda olan ermənilər daim Ağdamda çaxnaşma yaradıblar. Mən Xocalı faciəsini, orada hansı vəhşiliklər törətdiklərini yada salmaya bilmərəm... Ancaq Ağdamın işğalınının birbaşa səbəbini vahid rəhbərliyin olmamasında görürəm. Azacıq milli birlik, səriştəli rəhbərlik olsaydı, Ağdam işğal olunmazdı.
4-5 il ərzində Ağdamın yerli batalyonlarının heyəti hamısı döyüşərək, mübarizə apararaq şəhid oldular. Allah onlara rəhmət eləsin! İnanın, ayrı-ayrılıqda döyüşmələrinə baxmayaraq ki, hərəsi bir diviziyaya bərabər idi. Sonradan anarxiya yarandı və onlar kənarlaşdırıldı. 709 saylı hərbi hissə Ağdama gəldi. Onların rəhbərliyi mənim oturduğum kabinetdə oturdu. Bütün şəraiti, hər cür avadanlığı, mətbəxi, yatacaq, nə lazım idisə hamısını verdik. Artıq Şuşa Mərkəzi Rayon Xəstəxanası nisbətən təhlükəsiz olduğundan ora köçmüşdük. Qayıdanda hərbi hissədən bir nəfər belə adamın qalmadığını, qapıların sındırıldığını, otaqların boş olduğunu, heç kimə demədən tərk olunduğunu görmüşdüm. Buna rəğmən ağdamlılar, Ağdam döyüşçüləri son damla qanlarına qədər vuruşdular. Ancaq real vəziyyətlə razılaşmaq lazım idi. Onlar bilirdi ki, hansı şəraitdə hücüm edirlər. O hücumün da qarşısını artıq yerli qüvvələr hesabına almaq imkanı yox idi...", - deyə T.Eyvazov bildirib.
O, bununla belə bir gün Ağdama qayıda biləcəklərinə inandığını ifadə edib: "
"Ancaq daxilimdə inam var və hadisələrin indiki gedişatından da belə görürəm ki, Ağdama, Şuşaya qayıdacağıq. Mən ağdamlılara səbr diləyirəm. Arzu edirəm ki, siznən Ağdamda, Şuşada İsa bulağında görüşək"
Xatırladaq ki, 1993-cü il iyulun 23-də Ağdam rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.
Vəfa VƏLİYEVA